İnnoland-dan heç bir startap Texnofest-də iştirak etməyib – Osman Gündüzbackend

İnnoland-dan heç bir startap Texnofest-də iştirak etməyib – Osman Gündüz

Azərbaycanda startap və ekosistem üzrə bir çox innovativ görünən addımlar atılmağa cəhd göstərilsə də bir çox hallarda özlərini doğrultmur.

Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz şəxsi “Facebook” səhifəsindəki paylaşımı sizlərə olduğu kimi təqdim edirik:

“İnnoland-dan heç bir startap Texnofest-də iştirak etməyib

Ötən həftə İstanbulun Atatürk Beynəlxalq Hava Limanında başa çatan “Teknofest” Festivalının ölkəmiz üçün uğurlu olduğunu demək olar.

Azərbaycandan 10 startap və texnologiya şirkəti Festivalda iştirak edib.
Maraqlıdır ki, tədbirdə, əsasən həmişə tənqid etdiyimiz NRYTN-in İnnovasiyalar Agentliyinin 5 rezident startapı, “Zərbə”, Iqlime, HealWith , LOF Studios və “Safee” startapları iştirak edib.
“Zərbə” (Virtual reallıq əsasında qurulmuş kompleks təlim qurğusu ) startapı isə uğur qazanaraq simulyatorların istehsalı ilə bağlı “Fix Defence” şirkəti ilə müqavilə imzalayıb.
Eyni zamanda “Baykar” şirkəti ilə dronların sistemə inteqrasiyası ilə bağlı razılıq da əldə olunub.

Festivala Azərbaycanın müxtəlif universitetlərini təmsil edən tələbələrdən ibarət 5 startap komandası da qatılıb.

Azərbaycan Texniki Universitetinin dəstəyi ilə Festivala qatılan “AsUniSer” (yeni tipli səmərəli stabilizator) komandası da uğur qazanıb.

Maraqlıdır ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyi Texnofest-də yaxından iştirak etsə də bu quruma məxsus, Azərbaycanın startap ekosisteminin əsas güclərindən olan İNNOLAND Akselerasiya Mərkəzindən heç bir startap Festivalda iştirak etməyib.

Tədbir çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Baykar Makina” şirkəti tərəfindən innovasiya və texnologiya sahəsi üzrə “Bilim Bakı” mərkəzinin yaradılması və Dövlət Agentliyi ilə “Baykar Makina” şirkəti arasında dövlət-özəl tərəfdaşlığı çərçivəsində Memorandum imzalanıb.

Qeyd edək ki, “Teknofest” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının birgə təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev gələn il Teknofest-in Azərbaycanda keçirilməsi ilə bağlı ilkin razılaşmanın olduğunu açıqlayıb.

Düşünürəm ki, bununla bağlı indidən hazırlıqlara başlanılması, bu məqsədlə maraqlı tərəflərin iştirakı ilə hazırlıq komissiyasının formalaşması da faydalı olardı”

Hokm.az

  •  (0)
  •  (0)