İndi bütün yollar Qarabağdan keçir…backend

İndi bütün yollar Qarabağdan keçir…

Hokm.az MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edir.

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında oldular.
Müzəffər Ali Baş Komandan yenə çox önəmli ismarınclar verdi. Adı üstündə uğursuz dövlət olan Ermənistanda daxili didişmə tərəflərinin Azərbaycandan əvəzçıxma çağırışlarının səsləndiyi bir vaxtda bu səfər, səfərin marşurutu, verilən ismarınclar özlüyündə bir hadisə və köksümüzü qabardan, başımızı ucaldan qürurumuzdur! – Görkəmli Azərbaycan alimi, arxeoloq Məmmədəli Hüseynovun 1960-cı ildə aşkar etdiyi və ondan sonra tədqiqata cəlb olunmuş Azıx mağarası önündə Prezidentin dediyi sözləri burada yazmaq istərdim:
“Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik.
…Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır”!
Tarixdə Azərbaycan olmuş, bu gün Azərbaycan olan, sonsuzadək Azərbaycan olacaq Qarabağa dövlət başçımızın səfəri, ziyarətlər, dikilən bayraq dirəkləri, yüksələn bayrağımız, çəkilən yollar, təməlatmalar… bunlar dünəndən sabaha, bugündən böyük gələcəyə uzanan qollardır, üfüqdür, üfüqötəsinə istiqamət götürməkdir. Sanki tarixlə gələcəyin görüşü bugünlərdə olduğu qədər heç zaman belə əyani, belə böyük tabloda görünməmişdi. Qarabağ həqiqət meydanıdır:
-vandalizmlə mədəniliyin,
-yadelliliklə yurd yiyələyinin,
-dağıdıcılıqla quruculuğun,
-cəhalətlə sivilizasiyanın,
-düşmənçiliklə xoşgörülüyün,
– uğursuzluqla uğurun,
-Şərlə Xeyirin…
-Ermənilərlə Azərbaycanlıların…
Tarixə qızıl xətlə yazılan 27 sentyabr 2020-ci il tarixindən bəri konkret həqiqət meydanı, müqayisə imkanı qazanmış beynəlxalq birlik dünya erməniliyinin astarının üzündən betərliyini, üzsüzlüyünü təkzibolunmaş şəkildə görür, görməlidir. Azərbaycan Prezidentinin düşünülmüş siyasəti ilə dünya həqiqətin sərt üzü ilə qarşılaşır. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, indi gəlsinlər görsünlər illər uzunu kimi müdafiə ediblər.?!
Müzəffər Ordunun Ali Baş Komandanının bu səfərdə səsləndirdiyi fikirləri özətləyəsi olsaq, ən ümdə məqamları bu şəkildə sıralaya bilərik:
– 27 sentyabrda başlayan 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan Ordusu öz şərəfli missiyasını yerinə yetirib;
– Qalib Ordunun mərd əsgəri ona verilən tapşırıqların peşəkar icrasını təmin edib;
– Azərbaycan Ordusu və Azərbaycan xalqı məhz tarixi ədaləti bərpa edib;
– Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmayıb;
– Hadrut qəsəbənin işğaldan azad olunması Vətən Müharibəsində əldə olunan qələbədə böyük rol oynayıb;
– Qələbənin təməlində uğurlu hərbi strategiya dururub;
– Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq
(“Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bugün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir”).
– Ərazilərimizdə işğalçıların 30 illik davranışının, onların törətdiyi əməllərin tək bir adı var: vəhşilik! – “İşğaldan azad olunmuş ərazilər rəsmi İrəvanın vandalizm siyasətinin sübutudur. …Dağıntılar əsasən müharibədən sonrakı dövrdə, torpaqlarımız işğal altında olan zaman baş verib”;
– İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr fasiləsiz icra olunur;
– Müharibə Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya aşkar şəkildə nümayiş etdirib. – Azərbaycan burada yaşayan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən, Ermənistansa monoetnik dövlətdir;
– Tarixi faktların saxtalaşdırılması rəsmi İrəvanın dövlət siyasətidir…
Yalnız bu ümumiləşdirmələr üzərindən Ermənistan adlı dövlətin baş tutmadığı, uğursuz dövlət olması düsturlaşmış olur. Qarabağda Qarabağlılıq qoymamaqçün nə bacarırsa hər şeyi edən Ermənistanın özündə Ermənistanlılıq qalmayacaq…
DÖVLƏTİMİZ VAR OLSUN!
  •  (0)
  •  (0)