İlqar Məmmədov: “Evdəqal” deməklə milyonlarla vətəndaşın başına nə iş açırlar, özünüz fikirləşin”backend

İlqar Məmmədov: “Evdəqal” deməklə milyonlarla vətəndaşın başına nə iş açırlar, özünüz fikirləşin”

“Evdəqal” rejiminin insanlarda immuniteti necə məhv etdiyinə dair öz yaşadığımı danışa bilərəm. 1 il 8 ay qapalı şəraitdə kamerada saxlanılandan sonra nəhayət 2014-cü ilin oktyabrın 16-da məni keçirdilər “zon”a. “Zon”da insanlar daha sərbəstdir, əksər vaxtı havada keçirir, ünsiyyət çox daha genişdir. Köhnə məhbuslardan ilk eşitdiyim o oldu ki, 20 ay qapalı yerdə qalmısansa, yaxınlarda bərk soyuqlayacaqsan. Elə də oldu. Noyabrın 10 temperatur və öskürəkdən pis hala düşdüm. Həkim-filan vermirdilər. Bir məhbus var idi, keçmiş hərbi stomatoloq. Qanunsuz olsa da, məhbusların tibbi ehtiyaclarına baxmağa rəhbərlik onu təhkim etmişdi. 5-6 gün dalbadal mənə antibiotik vurdu, amma temperatur 38-dən aşağı düşmədi, öskürək də ki, boğub öldürürdü. Nəhayət zonun kapitan ranqında rəsmi həkimi gəldi. 39 dərəcədə 8 gündür öskürəkdən boğulan, “onsuz da ölürəm” halımda adamı hərarətli sözlərlə yola saldım. Gecə birdən qapılar açıldı və mülki geyimdə iki nəfər və xeyli sayda nəzarətçi baraka girdi. Daha yüksək rütbəli və mərkəzdən gələn həkimlər imiş. Baxdılar ki, temperaturun səbəbi artıq təkcə soyuqlama deyil, həm də iynənin vurulduğu yerdə təhlükəli şişin əmələ gəlməsidir. Bir az panikaya düşdülər. Vəd etdilər ki, səhər tezdən zonun içindəki tibbi hissəyə keciriləcəm və müalicə təyin olunacaq. Səhər məni ora keçirməyi bacarmadılar, çünki, məhbuslar arasında gəzən sözə görə, bütün yerlər satılmışdı və rəis heç kimin “haqq”ına girmək istəmirdi. Daha bir gün sonra nəhayət yer tapıldı. Mərkəzdən hər gün təcrübəli həkim gəlib mənə başqa antibiotik vururdu və iynənin yerindəki şişə qarşı gündəlik yağlı sarğılar qoyurdu. 10 gün də bu çəkdi. Beləliklə, 20 ay “evdəqal” rejimindən sonra immunitetim o dərəcədə zəifləmişdi ki, adi soyuqlamanı 3 həftə ağır formada keçirdim. İndi milyonlarla vətəndaşın başına nə iş açırlar, özünüz fikirləşin”.

 

Hokm.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

 

İ.Məmmədov qeyd edib ki, insanlar hər gün açıq havada hərəkət etməlidirlər, Günəş görməlidirlər, stresdən yayınmalıdırlar: “Bunlar immunitetin təməlləridir. Bürokratik şüarlar üzərində siyasət qurula bilməz. TƏBİB təbiətdən ağıllı deyil”.

  •  (1)
  •  (0)