“İlham Əliyevin adı tarixə yazılmış dahi liderlərin adının sırasına yazıldı” – Qarabağda stadion tikmək üçün əmr gözləyən azərbaycanlı iş adamı – FOTOLARbackend

“İlham Əliyevin adı tarixə yazılmış dahi liderlərin adının sırasına yazıldı” – Qarabağda stadion tikmək üçün əmr gözləyən azərbaycanlı iş adamı – FOTOLAR

“Qalstuksuz görüş” rubrikamızın bu dəfəki qonağı Türkiyədə yaşayıb-yaradan, tanınmış iş adamı, “ARS” Şirkətinin sahibi Elşən Rəsulovdur:
– Elşən bəy, xoş gördük. Məlum səbəblərdən onlayn müsahibə almalı olduq. Gələn dəfə tet-a-tet söhbət edərik. İlk sualım belə olacaq: “Bu il azərbaycanlıların zəfər ili kimi tarixə düşdü. Türkiyəni yad ölkə hesab etməsək də,  xaricdə yaşayan azərbaycanlı kimi Azərbaycanın möhtəşəm qələbəsi ilə bağlı nə kimi hisslər keçirdiniz?”
– Xaricdə yaşayan azərbaycanlı kimi yaşadığımız qələbə sevincini, keçirdiyimiz hissləri anlatmaqda kəlimələr acizdir. Ancaq onu deyə bilərəm ki, çox qürur duyduq, fəxr elədik,  ən ali hisslər yaşadıq. Savaşımızın, davamızın belə  nəticəsinin olması çox möhtəşəmdir. Bu tarixi zəfərə görə, Azərbaycanın adını dünyaya qızıl hərflərlə yazdırdığı üçün, bir azərbaycanlı olaraq Ali Baş Komandanı təbrik edirəm, sonsuz təşəkkür edirəm. Həmçinin bütün Azərbaycan xalqını təbrik edirəm, dünyada yaşayan həmvətənlərimizi təbrik edirəm. İllərdir həsrətlə gözlədiyimiz hadisə baş verdi, illərdir aparılan siyasətin bəhrəsini gördük. Biz də bu illər ərzində bacardığımız qədər çox işlər gördük, Qarabağı dünyada tanıtmaq, haqlı davamızı duyurmaq üçün əlimizdən gələni edirdik. Və səbirsizliklə bu günün gəlməsini gözləyirdik. Inanırdıq ki, o gün uzaqda deyil, bu arzuyla yaşayırdıq.
Bilirsiniz, savaş vaxtı mənə bir zəng gəldi, dedilər ki, müəyyən qədər tibbi ləvazimat lazımdır. Həmin an sevincimin həddi hüdudu olmadı ki, mənim də bu savaşda bir dəstəyim olacaq, nədəsə yardım edə biləcəyəm. Səbirsizliklə gözlədiyimiz o xoşbəxtliyi bizə yaşadanlar sağ olsunlar, var olsunlar.
İndi də Qarabağla bağlı planlar qururuq, oranın abadlaşdırılması, gözəlləşdirilməsi üçün işlər görməyə can atırıq. Şirkətimizin 7-8 ölkədə, Avropanın, Asiyanın, Cənubi Amerikanın bir çox şəhərlərində nümayəndəliyi var. Həmin ölkələri, şəhərləri gəzəndə düşünürdüm ki, görəsən, nə zaman mən Qarabağa, Şuşaya səfər edə biləcəyəm? Indi bizim arzumuzdur ki, Şuşa da tezliklə o gözəl şəhərlərin sırasına qoşulsun. Şuşa tezliklə Isveçrə, Sürix, Danimarka, Kopenhagen kimi olmalıdır. Çünki təbiət etibarilə də bənzərlikləri çoxdur.
Mən özüm Bakıda doğulub böyümüşəm, babalarım da Şamaxıdandır. Amma özümü Qarabağdan ayrı hiss etməmişəm. Bəzi qarabağlılarla da danışanda həmişə demişəm ki, sizdən qabaq mən gedib Qarabağda yurd-yuva quracağam. Qoy mənim də orda ocağım olsun, dost-tanışa fəxrlə deyim ki, Şuşadakı evimə, bağıma gedirəm. Əcnəbi dostlarımızı orda qonaq edim, əyani şəkildə görsünlər o gözəllikləri.
– İnşallah tezliklə bu gözəl xəyallarınızı gerçəkləşdirərsiniz…
– Artıq gerçəkləşir, əvvəl xəyal idi.
– Hətta Şuşada stadion da gözləyirik sizdən.
– O da olacaq inşallah. Birinci mərhələyə çatdırmadıq, ikinci mərhələyə mütləq stadionu çatdırarıq. Bütün gücümüzü səfərbər edərik, təki “Qarabağ” komandası Şuşada oynasın. Təki “Qarabağ” ikinci mərhələyə keçsin, qalan məsələlər mənlikdir. İkinci mərhələdə uduzsaq da, təki Şuşada, öz torpağımızda uduzaq. Stadion barədə müraciət də etmişəm,  hər şey hazırdır, əmr gözləyirik stadionu hazır etməyə.
– Elşən bəy, sizinlə müsahibəmiz də möhtəşəm bir günə təsadüf etdi (müsahibimlə dünən axşam əlaqə saxlamışam – K.A.-24.12.2020). Bütün ölkələrin pandemiyadan ciddi əziyyət çəkdiyi, dünya iqtisadiyyatının çökdüyü bir dönəmdə Azərbaycan məcburən savaşa başladı və qələbə qazandı. Bir sıra ölkələri qarşısına alaraq, Türkiyə ilə əl-ələ verib bu qələbəyə imzasını atmış Ali Baş Komandanımızın doğum günüdür bu gün. Azərbaycan üçün bir sıra işlər görmüş iş adamı kimi Sizin də Prezidentimizə arzularınızı öyrənmək yerinə düşər…
– Mən əvvəl deyirdim ki, cənab Prezidentimiz İlham Əliyev, amma indi cənab Liderimiz İlham Əliyev deyirəm. İlham Əliyev tarixdə ciddi mənada dəyişikik etdi, bu tarixdə öz rolunu dəyişdirdi, adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmağa layiq olan oğul olduğunu isbatladı. Bütün ailəmiz adından səmimi qəlbdən Prezidentimizi, Liderimizi təbrik edirəm. Gələcək yaşlarında daha çox uğura imza atmasını, nailiyyət qazanmasını, xalqımıza daha çox sevinc hissi yaşatmasını arzu edirəm. Bundan sonra da hələ neçə illər bu xalqa liderlik etsin. İlham Əliyevin adı tarixə yazılmış dahi liderlərin adının sırasına yazıldı, o sırada da qalacaq və o sırada qalması üçün də biz millət, xalq, vətəndaş, övlad olaraq hər zaman lazım olan dəstəyi verəcəyik. Düzdür, mərhum Heydər Əliyev də liderdir və oğlu da ondan geri qalmadı. Allah bundan sonrakı yolunu da açıq eləsin.
– 44 günlük savaşda qardaş Türkiyə bir an belə bizi yalnız buraxmadı, cənab Ərdoğan bəy başda olmaqla bütün dövlət rəsmiləri yanımızda oldular, dəfələrlə səfərlər etdilər Azərbaycana. Həmçinin Pakistandan, İsraildən möhtəşəm dəstək gördük. Xalq olaraq belə bir dəstəyi hiss etməyimiz savaşda qələbəmizə stimul oldu. Eyni zamanda düşmənlərimizi də tanıdıq. Orada vəziyyət necə idi, necə münasibətlə qarşılaşırdız, hansı ab-hava hiss olunurdu?
– Azərbaycanda savaş ab-havası daha çox idi, xalqımız çox narahat idi. Amma Türkiyədəki istər azərbaycanlılar, istərsə də, Azərbaycan sevdalı Türkiyə türkləri toy-bayram edirdik. Torpaqlarımızı işğaldan azad edirik deyə elə bir qürur yaşayırdıq ki… Bizim ofisin önündə iki bayraq asıldı – Azərbaycan və Türkiyə. Qonşuluqdakı böyük bir plazadan gəlib bizdən bayraq istədilər. Təkcə kişilər yox, qadınlı-uşaqlı hamımız toy kimi – maşın karvanı ilə küçələrə axışdıq. Deyib-gülüb, o sevinci yaşadıq. Düzdür, şəhidlərimiz qan tökdülər, Allah onlara qəni-qəni rəhmət eləsin! Bu xoşbəxtliyi bizlərə daddırdıqları üçün ruhları qarşısında baş əyirik. Ailələrinə, doğmalarına səbr arzulayırıq. Onların sayəsində bu gün alnımız açıqdır, “Qarabağ Azərbaycandır!” deyə bilirik.
Hətta 3 yaşlı qızım da sevincindən uçurdu. “Ata, torpaqlarımızın bayramını edirik”, – deyib sevinirdi. Alim Qasımovun Qarabağla bağlı ifasının sədaları altında möhtəşəm bir avtomobil yürüşü keçirtdik. O hissləri sözlə ifadə etmək mümkün deyil. Eyvanlarda insanların “Qa-ra-bağ Azər-bay-can-dır!” deyə qışqırması da digər tərəfdən bizə həzz verirdi. Bütün dünya Vətən savaş gərdü! Taktika gördü! Burdakı azərbaycanlılar, türklər müharibədə döyüşmək üçün sıraya düzülmüşdülər. Azərbaycanın Türkiyədəki konsulluğu böyük şücaət göstərdi, Xəzər müəllimə çox təşəkkür edirik. Mən şəxsən dünyanın bir neçə ölkəsində yayımlanan verilişləri satın alıb, ölkəmizdəki vəziyyətlə bağlı açıqlamalar verdim. Politoloqlarımız, hüquqşünaslarımız, ziyalılarımız, tarixçilərimiz açıqlamalar verirdilər ki, bu müharibəni nə üçün başlatmaq məcburiyyətində qaldıq. Qarabağ əzəldən bizim olub, işğalçı ermənilər bu torpaqlarımızı bizdən almışdılar, indi rayon və şəhərlərimizi geri qaytardıq.

Biz – ölkədən kənarda olsaq da, 44 gün ərzində üzərimizə düşən bütün işləri layiqincə görməyə çalışırdıq ki, arxa cəbhədə də olsa belə, Vətənimiz üçün nəsə edə bilək, Prezidentimizə dəstək olaq. Doğrudur, müharibədə qalib olmaq da var, məğlub olmaq da. Hər dəfə Gəncə bombalandıqca, Tərtərə və ya digər ərazilərimizə, mülki əhaliyə ziyan dəydikcə bizim ürəyimiz də parçalanırdı. Lakin Ali Baş Komandanımızın açıqlamaları, diktələri bizi ruhlandırırdı. Əmin idik ki, savaşda qalib tərəf biz olacağıq!

– İtkilərimiz də oldu… Şəhidlər verdik… dinc əhali qurban oldu…

– Mən də dostlarımı itirdim… Qohumlarım əl-ayaqlarını itirənlər arasındadır. Biz də onların əlləri, ayaqları… Canımız qurban onlara. O əsgərlər bizim üçün döyüşdülər.

– Maddi dəstək də olmusunuz. Bütün məlumatlar var məndə…

– Könül xanım, mən şəxsən tək-tək corab belə axtarmağa çıxmışdım. İnanırsınız? Firmalar qorxurdular yardım etməyə. Hətta cəbhəyə alacağımız yardımı satmağa belə ehtiyat edirdilər. “Bizim adımız olmasın”… Dərman firmaları ümumiyyətlə çəkinirdilər. Çox əziyyət çəkdik tibb ləvazimatlarını almağa. Amma enində-sonunda istəyimizi hansı yolla olursa-olsun, gerçələşdirdik.

– Pandemiyanın ilk vaxtlarında da Azərbaycana yardım göstərmisiniz.

– Nənəm deyərdi ki, bir əlin etdiyini o biri əl bilməməlidir…

– Elşən müəllim, ictimai-siyasi mövzulardan danışdıq. Bəs öz işləriniz nə yerdədir? Dünya iqtisadiyyatını çökdürən Pandemiya şirkətinizə zərbə vurdumu?

– Desəm ki, biz itirmədik, əksinə qazandıq, inanmayacaqsınız. 2008-ci ildə ARS – Azerbaijan Republic Sport şirkətini quranda qarşıma məqsəd qoymuşdum ki, bunun bir anlamı olmalıdır. Hətta çox dəyərli qrup yoldaşım mənə irad bildirdi ki, bu ada görə heç kim səninlə iş birliyi etməz. Dedim, qardaş, heç ətrafıma belə gəlməsinlər. Mən kiməsə görə iş qurmuram, mən onlara güvənərək yatırım etmirəm. Mən özümə inanıb bu işə gedirəm. İşimin mənası idman sahələrini zəminlə təmin etməkdir.Türkiyədə, Hollandiyada, Avropanın bir çox ölkələrində işimizə görə ödüllər almış bir şirkətik artıq. Dünya ölkələri Covid-19u ixrac edən Çindən qaçıb, Türkiyəyə meyilləndilər. Martın 19-da Türkiyə qanunlara əsasən bağlandıq, aprelə kimi. Mayın 5-də işə başladıq. O müddət ərzində büdcəmizi ortaya qoyduq. Heç bir işçi ac-susuz qalmadı, hamısının maaşı vaxtında ödənildi, heç kim işdən azad edilmədi. 6-7-8-ci aydan sonra işlərimizdə artım başlandı. O qədər təkliflər alırdıq ki, artıq çatdıra bilmirdik. Sonra müharibəmizə başımız qarışdı. Əldə etdiyimiz bütün gəliri Qarabağ tibb ləvazimatlarına, digər lazım olan əşyalara yönəltdik.

– Elşən müəllim, bu qədər işlər görürsünüz: siz və sizin simanızda olan Türkiyədə yaşayan xeyriyyəçi azərbaycanlılar. Amma… Azərbaycanda biz yalnız Mübariz Mənsimovu tanıyırıq…

– Mübariz bəy gözəl insandır. Dünyanın 5 böyük şirkətindən birinin rəhbəridir. Amma inanın ki, Türkiyədə ürəyi Azərbaycan üçün döyünən saysız həmyerlilərimiz var. Hansı ki, bu il ərzində həm Pandemiya dönəmində, həm də müharibə ərəfəsində Azərbaycan üçün nə qədər yardım etdilər. Biz etdik, amma göstərmədik.

– Qarabağla bağlı hansı xatirənizi bölüşmək istərdiniz?

– … Qəmli bir hadisə yaddaşımda iz buraxıb… 1993-cü ildə birinci sinfə gedəndə dedilər ki, məktəb bağlandı, oturub ağladım. Dedim, niyə, məktəbdə müəllimə işləyən anam başa saldı ki, artıq burda köçkünlər məskunlaşıb. Orda yaşayanların biri də Xanım xala idi, qucağında Şərafəddin adlı 2 yaşlı oğlu var idi. Biz onlara baxırdıq pəncərədən. Bu hadisəni Elgün adlı rəssama danışdım illər sonra, o da bir əsər ərsəyə gətirdi. İndi anasının qucağında pəncərədən baxan Şərafəddinlə bağlı olan o əsər ofisimizdən asılıb: “Qarabağ, Xocalı”. İndi o Şərafəddin İstanbulda işləyir, əlaqəmiz də var. Deyirəm, Şərif, sənin şəklin ofisimizdən asılıb. Deyirdi, mən qaçqınam. Amma Qarabağ alınandan sonra sevinc içində zəng elədi ki, Elşən, artıq mən qaçqın deyiləm! O qədər xoşbəxt idi ki!

– Düşünürəm, o ofisinizdəki qaçqın Şərafəddinin rəsminin yanında sakin Şərafəddinin də rəsmi olsun. 

– Onu da edəcəyik (gülür)

– Elşən bəy, qarşıdan 2021-ci il gəlir. Arzularınız, yenilikləriniz… Demək üçün fürsət axtarırdığınız o məqamdır…

– İlk öncə qaşıdan gələn 31 Deabr Dünya Azərbaycanlıların həmrəylik günü münasibətilə bütün azərbaycanlıları səmimi qəlbdən təbrik edirəm. Bu il biz bütün dünyaya bir daha təsdiq etdik ki, biz həmrəy olanda, dağı yerindən oynadarıq! Azərbaycanımız Qarabağa yeni nəfəs versin, orda yeni balalarımız dünyaya göz açsın. Orda hər zaman təhlükəsiz və sülh, əmin-amanlıq içində yaşam arzulayıram. Sağ olsun liderimiz cənab İlham Əliyev, sağ olsun Mehriban xanım Əliyeva! Mehriban xanımın şücaəti ilə, xan qızı duruşu ilə çox şey qazandıq biz. Əsl Azərbaycan anası oldu! Ölkəmiz son vaxtlar  insanları özünə qul edənlərdən təmizlənib. Xalqıma millətinə, anasına, ailəsinə, Azərbaycanımıza layiq olan insan olmağı arzulayıram! Bu sözlər üst-üstə yığılıb qalmışdı illərdir. İndi fürsətdən istifadə edə bildiyim üçün, Könül xanım, sizə təşəkür edirəm. Mətbuatımıza uğurlar arzulayıram. Həm müharibə dönəmində informasiya savaşı etdiniz mənfur ermənilərlə, həm Pndemiyada çox işlər gördünüz. Yeni ilimiz xeyirli-uğurlu olsun.

– Biz də sizi burada – Qarabağımızda gözləyirik. Qonaq kimi yox, ev sahibi kimi. Ölkə rəhbərimiz  – Lider İlham Əliyev demişkən, “Ev sahibi qayıtdı!”

  •  (1)
  •  (0)