İlham Əliyev Putinə məktub göndərdibackend

İlham Əliyev Putinə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub göndərib.

Hokm.az xəbər verir ki məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Əlamətdar yubiley – Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi və Sizin şəxsinizdə qardaş Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm.

Ötən 30 il ərzində xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmət və etimad, bir-birinin mənafelərinin nəzərə alınması prinsipləri əsasında strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda uğurla inkişaf edib və möhkəmlənib.

Bu gün fəal siyasi dialoq, ticari-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıqla səciyyəvi olan dövlətlərarası əlaqələrimiz böyük məmnunluq doğurur. Qarşılıqlı ticarətin və investisiyaların davamlı artımı, sanballı müqavilə-hüquq bazası, müxtəlif sahələrdə birgə layihələrin və təşəbbüslərin səmərəli reallaşdırılması ikitərəfli münasibətlərin dinamik inkişafına parlaq sübutdur.

Xüsusilə sevindirici haldır ki, diplomatik münasibətlərin qurulmasının budəfəki yubiley ili Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə eyni vaxta düşüb. Bu mühüm sənəddə 30 illik dövrdə dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni, ən yüksək səviyyəyə çatması təsbit olunub.

Şübhəsiz, ali və yüksək səviyyədə müntəzəm əlaqələr, qarşılıqlı səfərlər və görüşlər də Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişaf dinamikasına və birgə fəaliyyətin dərinləşməsinə müsbət təsir göstərir.

Dərin tarixi köklərlə, mənəvi və mədəni yaxınlıqla bağlı olan xalqlarımız arasında dostluğun, mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində mədəni-humanitar münasibətlərin rolunu xüsusi qeyd etmək istərdim. Mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, Azərbaycanda rus dilinin və rus mədəniyyətinin dövlət səviyyəsində hərtərəfli dəstəklənməsi, Azərbaycanın məktəblərində və ali təhsil müəssisələrində rus dilində təhsil bizim tərəfdaşlığımızın humanitar gündəliyinə verdiyimiz əhəmiyyəti əyani şəkildə təsdiq edir.

Regionlararası kooperasiya da bizim dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının çoxsaylı subyektləri ilə fəal qarşılıqlı əlaqə saxlayır, bununla da bütün səviyyələrdə əlaqələrimizin genişlənməsinə şərait yaradır.

Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da ikitərəfli əməkdaşlığın aktual məsələlərini reallaşdıra, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin xalqlarımızın və ölkələrimizin mənafeyi naminə möhkəmlənməsi üçün yeni imkanlar aça biləcəyik.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Rusiya xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm”.

  •  (0)
  •  (0)