Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır.
Hokm.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşündə bildirib.
Görüşdə Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçirildiyini qeyd edən dövlətimizin başçısı bu görüşün təşkilinə görə Şarl Mişelə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd etdi və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb.