İkili standartların müəllifləri unutmamalıdırlar ki…backend

İkili standartların müəllifləri unutmamalıdırlar ki…

İstənilən beynəlxalq platforma, xüsusən də BMT kimi ali təşkilatın tribunası dünya gündəliyinə çıxarılan məsələ və problemlərin müzakirə imkanları baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət və hökumət başçılarının iştirakı ilə bu cür platformalarda aparılan müzakirələr imkan verir ki, əksəriyyətin qəbul etdiyi ortaq yanaşmaya nail olunsun, bu məqsədlə mümkün qərarlar verilsin. Prezident İlham Əliyevin aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında iştirakı, elə həmin səbəbdən, ölkəmiz üçün də əhəmiyyətlidir.
Hokm.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev ifadə edib.
Deputat deyib: “Tədbirdəki çıxış bir daha göstərdi ki, Prezident İlham Əliyevin qlobal və regional səviyyəli məsələlərə münasibəti dəyişməz qalır, bəyanatları məntiqi ardıcıllığı ilə fərqlənir. Ən əsası, bu bəyanatlar ədalətin və beynəlxalq hüququn aliliyinə nail olmaq istəyindən irəli gəlir, ali dəyərlərin siyasi maraq və ikili standartların qurbanına çevrilmək təhlükəsinin qarşısını almağa xidmət edir. Məsələn, Prezident İlham Əliyev çıxışında növbəti dəfə diqqəti ona çəkdi ki, COVID-19 pandemiyasının yaratdığı böhranlı fəsadların aradan qaldırılması vaksinlərin ədalətli bölgüsünü tələb etdiyi halda, dünyada fərqli mənzərə müşahidə olunur. Mövcud olan vaksinlərin 53 faizi yalnız zəngin dövlətlər tərəfindən sifariş edilib. Vaksin təminatında ədalətsiz bölgünün səviyyəsini göstərmək üçün, dövlətimizin başçısı çıxışında “vaksin millətçiliyi” terminindən istifadə etdi. Ötən il sentyabrın 24-də, BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxış edərkən də Azərbaycan Prezidenti bu məsələyə xüsusi diqqət çəkmişdi və haqsızlığın aradan qaldırılması məqsədilə o vaxt belə bir təklif vermişdi: “Vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır”. Dövlətimizin başçısının bəyanatlarının məntiqi ardıcıllığa söykəndiyini qeyd edərkən, həm də beynəlxalq əhəmiyyətli bu cür həssas məsələlərdə onun dəyişməz mövqeyini nəzərdə tuturam. Dövlətimizin başçısının budəfəki çıxışı da göstərdi ki, dəyərlər və müəyyən etdiyi prioritetlər dəyişməzdir: “Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir”. Tədbir iştirakçılarının diqqətinə o da çatdırıldı ki, ölkəmizdə əhalinin 14 faizi artıq vaksinasiya olunub və bu məqsədlə 1,4 milyon vaksindən istifadə edilib”.
Ü.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev BMT-yə aid nüfuzlu tribunadan cəmiyyətimizi narahat edən problemləri, Ermənistanın 30 il boyunca davam etdirdiyi təcavüzkar və işğalçılıq siyasətinin Azərbaycana vurduğu mənəvi və maddi ziyanların miqyasını bir daha dünya birliyinin diqqətinə çatdırdı. Prezident tədbir iştirakçılarına xatırlatdı ki, Ermənistan məhz təcavüzkar mahiyyətinə görə 27 il ərzində BMT Təhlükəsizlik Şurasının imperativ mahiyyətli 4 qətnaməsini saya salmadı və onları icra etmədi. Dövlətimizin başçısı Ermənistanın bu saymamazlığının kökündə dayanan səbəbi də açıb göstərdi: “Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir”. Prezident ona işarə etdi ki, dünyada mövcud olan ikili standartlar təcrübəsi sonda Ermənistan kimi ölkələri beynəlxalq hüquqa zidd olan əməllərə təşviq edir, haqqa və ədalətə, dünya qanunlarına qarşı hörmətsizliyə həvəsləndirir: “Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı”.
Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq tribunalardan verdiyi bu cür bəyanatlarla çatdırmaq istədiyi mesaj, əslində, ondan ibarətdir ki, Azərbaycanın dünyadan gözləntisi və yeganə istəyi tarixi ədalətə, beynəlxalq hüquqa qarşı istisnasız hörmət göstərilməsidir, bu cür ali anlayışların və ümumbəşəri dəyərlərin siyasi maraqların güdazına verilməməsidir. Yeri gəlmişkən, hələ 44 günlük Vətən müharibəsindən əvvəl, ötən ilin sentyabrında BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışı zamanı Prezident İlham Əliyev belə bir təklif də irəli sürmüşdü: “Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır”.
“Dövlətimizin başçısı aprelin 26-dakı çıxışında Xocalı soyqırımı faciəsini növbəti dəfə dünyanın diqqətinə çatdırdı və bununla, ikili standartların yalnız bir məsələ – vaksin ətrafında məhdudlaşmadığına işarə etdi. Bildirdi ki, Xocalı soyqırımı hələ ki, cəmi 13 ölkə tərəfindən tanınıb. Prezident ilk dəfə deyil ki, xalqımızın məruz qaldığı soyqırımı, erməni vəhşiliyini olduğu kimi dünya ictimaiyyətinə çatdırır. Lakin budəfəki xatırlatma məhz ABŞ prezidentinin uydurma “erməni soyqırımı” ilə bağlı məlum ədalətsiz açıqlamasından iki gün sonraya təsadüf edirdi. Tarixçilərin arxivlərdə araşdırmalı olduğu hadisələrlə bağlı obyektiv mütəxəssis rəyi və ortaq nəticə olmadan, 106 il əvvəlki tarixi hadisəyə ABŞ-ın dövlət başçısı səviyyəsində siyasi qiymət və siyasi çalar verildiyi halda, 29 il əvvəl azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının həmin dövlət tərəfindən hələ də tanınmaması və eyni səviyyədə dilə gətirilib qiymət verilməməsi, bir daha ikili yanaşmanın və ayrı-seçkiliyin göstəricisidir”, – deyə deputat qeyd edib.
Bildirilib ki, Prezident İlham Əliyev bu çıxışında da ermənilərin Qarabağda törətdiyi vəhşilikləri bir daha iştirakçıların və dünya ictimaiyyətinin diqqətinə çatdırdı: “İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir”. Dövlətimizin başçısı erməni vəhşiliyinin səbəb olduğu real mənzərəni diqqətə çatdırmaqla ona işarə edirdi ki, bu cür vəhşiliyi törədənlər “məzlum”, “mədəni”, “təqib olunan” və “soyqırımına məruz qalan” millət adına iddia edə bilməzlər.
Bu illər ərzində Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasətə, törətdiyi vəhşiliyə, antiinsani və müharibə cinayətlərinə baxmayaraq, Prezident İlham Əliyev postmüharibə dövrünə baxışını belə ifadə etdi: “Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir… Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır”. Prezidentin bu açıqlaması dünya ictimaiyyəti üçün növbəti dəfə o deməkdir ki,30 il ərzində hərbi təcavüzə və işğala məruz qalan Azərbaycan qisas hissi ilə yaşamır, regionda sülhün və dinc birgəyaşayışın tərəfdarıdır. Prezident dövlətimizin hədəflərini açıqlayıb bildirdi ki, hazırda ölkəmizin qarşısında dayanan əsas vəzifə Qarabağda dinc və sivil həyata təminat verən böyük quruculuq və yenidənqurma işləridir, “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarının həyata keçirilməsidir, milyona yaxın insanımızın öz doğma yurdlarına qaytarılmasıdır.
Dövlətimizin başçısının regional sülhə xidmət edəcək Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin əhəmiyyətinə də diqqət çəkdiyini, Azərbaycan ərazisindən keçən Şərq-Qərb dəhlizinin Asiyanı Avropa ilə daha sıx və daha etibarlı şəkildə birləşdirəcəyini xüsusi olaraq vurğulayan deputat deyib ki, bu planların reallaşması həm ölkəmiz, həm də region dövlətləri üçün mühüm əhəmiyyət daşıyır. Ermənistan dinc birgəyaşayış yolunu seçərsə, bu dəhlizlər iqtisadi böhrandan və siyasi izolyasiyadan çıxmaq yolunda onun üçün də yeni imkanlar yarada bilər. Çünki “Zəngəzur nəqliyyat dəhlizi” məhz Şərq-Qərb dəhlizinin tərkib hissəsidir.
Prezident İlham Əliyev çıxışında regionun gələcəyi ilə bağlı mövqeyini belə ifadə etdi: “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır”. Açıq mətnlə ifadə olunan bu bəyanatdan sonra Ermənistanda kimlərsə revanş arzusu ilə yaşamağa davam edərsə, yaxud xaricdəki himayədarları onları bu cür ağılsız hərəkətlərə təşviq edərsə və Ermənistan yenidən hərbi təcavüz, müharibə yolunu seçərsə, şübhəsiz, iqtisadi əməkdaşlıq fürsətini əldən verəcək, özünü daha ağır məğlubiyyətə və məhrumiyyətlərə məhkum edəcək. Xaricdən və daxildən Ermənistanda revanşizmin xərçəng hibridində birləşənlər və ikili standart müəllifləri unutmamalıdırlar ki, Azərbaycanın dəmir yumruğu yerindədir, öz sahibindədir. Bu yumruq indi daha güclüdür. Çünki daha möhkəm birliyə, hər zaman olduğu kimi, haqqa və ədalətə, beynəlxalq hüquqa söykənir.
  •  (0)
  •  (0)