Hökumətin “qırmızı xətt”i keçildi – Xaricdən asılılığın nəticəsibackend

Hökumətin “qırmızı xətt”i keçildi – Xaricdən asılılığın nəticəsi

Çörəyin qiymətini kötəklə saxlamaq əvəzinə daxili istehsalı inkişaf etdirmək lazım idi

Azərbaycanda unun və çörəyin qiyməti bahalaşıb. Dekabrın 4-də ölkənin iri un və çörək istehsalçıları çörəyin qiymət artımı ilə bağlı yaydıqları müraciətdə bildiriblər ki, tədarükçülərə subsidiyaların ayrılması mexanizminin müddəti 2021-ci il dekabr ayının sonunda bitib: “Hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb”.

Açıqlamada o da qeyd olunub ki, Azərbaycana buğda idxalı əsasən Rusiyadan olur: “Oradakı qiymət artımı da bizə təsir edir”.

 

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran iqtisadçı ekspert Elmir Səfərlinin sözlərinə görə, qiymət artımın səbəbi həm idxaldan asılı olmağımız, həm də dünya bazarında baş verən qiymət dəyişikliyi ilə bağlıdır: “Bildiyiniz kimi, taxılın həm yerli səviyyədə istehsalı, həm də idxalı fərqli-fərqli sahibkarlar üzərindən həyata keçirilir. Bu kimi ticari və istehsal prosesləri birbaşa olaraq bazar tərəfindən tənzimləndiyi üçün unun qiymətində baş verə biləcək dəyişikliklər qaçılmazdır. Belə ki, dünya bazarlarında taxılın qiyməti əvvəlki dövrlərə nisbətdə 30-40% həcmində artım göstərib. Hətta ölkələr üzrə taxılın qiyməti və eləcə də, unun qiymətinin artması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) illik hesabatında da qeyd olunub”.

“Təbii ki, Azərbaycanda istehsal olunan taxıl və unun həcmi yerli tələbatı ödəmədiyi üçün biz həm də idxal edirik. Bu zaman idxala bağlı olduğumuz üçün, dünya bazarında baş verən qiymət dəyişiklikləri birbaşa olaraq respublikada taxılın və unun qiymətinin dəyişməsinə təsir edir. İkinci əsas səbəb ondan ibarətdir ki, biz taxılı əsasən Rusiyadan idxal edirik. Və keçən il ərzində, Rusiyada taxılın ixracı ilə bağlı ixrac rüsumlarının dəyişdirilməsi birbaşa olaraq qiymətə təsir etdi”, – deyə həmsöhbətimiz bildirib.

İqtisadçı deyib ki, taxıl strateji məhsul hesab edildiyindən Azərbaycan dövləti qiymətlərin tənzimlənməsində həmişə maraqlı olub: “Artıq 2020-ci ilin martından etibarən buğda idxalı, eləcə də unun və çörəyin istehsalı ilə məşğul olan sahibkarlar birbaşa olaraq ƏDV-dən azad olunublar. Hətta sonradan bu müddət 2024-cü ilə qədər uzadılıb. Buna paralel olaraq, ərzaq buğdası təchizatçılarına dövlət xüsusi subsidiyalar ayırır. Təbii ki, ərzaq buğdasının qiymətində baş verən artımlar, öz növbəsində çörək, un və un məmulatlarının qiymətinin artmasına səbəb olacaq”.

Səfərli hesab edir ki, aidiyyəti dövlət qurumları hər zaman olduğu kimi, baş verə biləcək süni qiymət artımlarının qarşısını alacaq, hətta təbii artımlar dövründə də qiymətlərin tənzimlənməsi üçün ticarətçilərə və istehsalçılara xüsusi güzəştlər tətbiq edəcək: “Bu kimi proseslər hər zaman olub, olacaq da. Burada əsas məsələ ondan ibarətdir ki, ölkədə taxıl ehtiyatının balansda saxlanılması üçün dövlət xüsusi addımlar atmalı və idxaldan asılılığı minimum, hətta sıfıra endirməyə çalışmalıdır. Bu zaman ölkə daxilində taxılın, unun qiymətinin tənzimlənməsi daha idarə olunabiləcək səviyyədə həyata keçiriləcək”.

 

Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli AYNA-ya şərhində söyləyib ki, bu istiqamətdə mövcud problemin kökündə duran səbəb kənd və su təsərrüfatlarında idarəçiliyin yaxşı olmamasıdır: “Azərbaycan subyektlərinin Rusiyadan, Qazaxıstandan taxılın, əsasda da ərzaq buğdasının alınması ilə bağlı illərdir davam edən münasibətləri var. Çox təəssüf ki, kənd təsərrüfatına illərdir subsidiyalar ayrılmasına baxmayaraq, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti münbit torpaqların sıradan çıxmasına, şoranlaşmasına və eroziyaya uğramasına şərait yaradıb. Bugünkü problemin də kökündə duran səbəb kənd və su təsərrüfatlarında normal idarəçiliyin olmamasıdır”.

“Əgər ölkə özü-özünü təmin etmirsə, həmin məhsulların ölkəyə gəlişi daha da asanlaşdırılır ki, mal qıtlığı yaranmasın, qiymətlər bahalaşmasın. Bu, dünyanın hər yerində belədir, sadəcə bu istiqamətdə düzgün siyasət müəyyənləşdirmək lazım idi. Faktiki olaraq keçən ildən bilinirdi ki, Rusiya taxıl məhsullarına aksiz vergisi tətbiq edir və bu, aybaay artmaqda davam edir. Rusiyadan gələn unu vergilərdən azad etmək lazım idi. Bu zaman Azərbaycan bazarında qıtlıq yaranmazdı. Həmçinin bir neçə şirkəti ayaqda tutmaq üçün dövlət büdcəsindən bu qədər vəsait ayrılmaz, bu da büdcəyə yük olmazdı”, – deyə ekspert vurğulayıb.

Müsahibimiz hökumətin ərzaq buğdasının tamamını xaricdən alanlara subsidiyalar verməsini əsassız hesab edir: “Subsidiyaların verilməsi effekt vermir. Mənimsəmələrə yol açır. İstehsalın doğru qurulmasına, rəqabət mühitinin  yaxşılaşdırılmasına imkan vermir. Bu baxımdan mən hesab edirəm ki, iqtisadi rəqabəti artırmaq, məmur sahibkarlığını ləğv etmək və real sahibkarlığa dəstək vermək lazımdır. Regionlarda yaşayan fermerlərə və digərlərinə ucuz maliyyə resurslarına çıxışı asanlaşdırmaq lazımdır. Heç bir ölkə subsidiyalaşma ilə öz daxili istehsalını təmin edə, qiymətləri qoruya bilmir. Bu baxımdan qiymətlərin artmasını təbii hesab edirəm. Çünki subsidayalaşma hədəfinə çatmadı və hesab edirəm ki, idxal unundan bütün gömrük rüsumlarını və vergiləri götürmək lazımdır ki, Azərbaycan sahibkarları ölkəni müxtəlif ölkələrdən gələn məhsullarla təmin etsinlər”.

“İdxalı minimuma endirmək hansı hallarda mümkündür?” sualını cavablandıran Bəydəmirli bildirib ki, bunun yolu sahibkarlığa münbit şərait yaratmaqdan keçir: “Əgər su qıtlığı varsa, illərdir davam edirsə, bunu həll etmək lazımdır. Ölkə başçısı özü çıxışında bildirmişdi ki, müxtəlif rayonlarda su qıtlığı var. Bəzi məmurların sahələrinə su verilir, ancaq fermerlər bu problemlə baş-başa qalırlar. Torpağı əkib-becərənlər bolluq yaratmaqda daha maraqlıdırlar. Onlara dəstək vermək lazımdır. İdxalı azaltmağın yolu ölkədə daxili istehsalı stimullaşdırmaq, məhsul bolluğu yaratmaqdan keçir. Bu da hər kəsin hüquq və vəzifə bərabərliyi olduğunda mümkündür. Məmur sahibkarlığı ayaqda saxlandıqca bizim problemlərimiz daha da qabaracaq, qiymət artımı olacaq”.

“Taxıl nədir ki, biz onu istehsal edə bilmirik?! İllərdir subsidiyalaşma proqramı keçirilib, milyardarla vəsait ayrılıb, amma müxtəlif maliyyə mexanizmləri ilə silinib. Çünki elan edirlər ki, filan qədər torpaq sahəmiz var, ancaq faktiki olaraq o torpaq əkilib-becərilmir, kağız üstündə belə göstərilir. Bu statistika doğru aparılmır. Bunu təkcə biz demirik. Ölkə başçısı bir neçə dəfə çıxışlarında bunu ifadə edib”, – deyə sabiq deputat fikrini yekunlaşdırıb.

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AYNA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda buğda ilə özünü təminat səviyyəsi 59-60% təşkil edir: “Azərbaycanda 1 milyon hektar sahədə taxıl əkini aparılır. Bunun 650 min hektarı buğda sahələridir. Buğda üzrə orta məhsuldarlıq 31 sentnerdən yuxarıdır, ölkədə ildə 2 milyon tona yaxın buğda istehsal olunur. Azərbaycanın buğdaya cəmi tələbatı 3,2-3,3 milyon tondur”.

Sorğuya cavabda o da qeyd olunub ki, taxılçılığın inkişafı dövət tərəfindən subsidiyalaşdırılır: “Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022-ci il payızlıq taxıl əkinləri üçün fermerlərə əkin aparılan sahənin hər hektarına 210 manat subsidiya veriləcək. Subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının “Fermer kart”ına köçürülür. Fermerlər subsidiya məbləğinin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, qalan 75 faizini isə nağdsız əməliyyatlarla toxum, gübrə, pestisid, herbisid və s. almaq üçün istifadə edə bilərlər. Payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı prosesi dekabrın 30-da başa çatıb və fermerlərin subsidiya almaq üçün elektron müraciətləri formalaşıb. Monitorinqlər başa çatdıqdan sonra subsidiya vəsaitləri torpaq sənədləri və bəyan məlumatları təsdiqlənən fermerlərin kartına köçürüləcək”.

Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti unun və çörəyin qiyməti ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti gücləndirib: “Bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur. Bununla əlaqədar nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib”.

Dövlət Xidməti bildirib ki, un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür: “Monitorinq zamanı qanunvericiliyinin pozulması halları aşkar olduğu təqdirdə ciddi tədbirlər görüləcək”.

  •  (0)
  •  (0)