“Hökumətin koronavirusla mübarizə strategiyası iflasa uğrayıb”backend

“Hökumətin koronavirusla mübarizə strategiyası iflasa uğrayıb”

Azər Qasımlı: “Həftəsonları insanları evə qapatmaq qeyri-effektiv metoddur”
“Əgər hökumət sərt karantin qaydalarını yumşaldıb daha sonra yenidən sərtləşdirirsə, deməli, onun koronavirusa qarşı mübarizə strategiyası iflasa uğrayıb”.
Operativ Qərargahın verdiyi son qərarı şərh edən politoloq Azər Qasımlı Toplum tv-yə belə deyib.
İyunun 4-də verilən qərarda həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində əhalinin çölə çıxmasının qadağan edildiyi bildirilir.
Azər Qasımlı isə hesab edir ki, izolyasiya müddəti 14 gün olduğu halda, insanların iki gün evə qapadılması heç bir nəticə verməyəcək.
Onun fikrincə, şənbə və bazar günləri evdə qalan insanlar içərisində özləri də hiss etmədən koronavirusa yoluxanlar olarsa, həftəiçi ərzində digərlərini yoluxdura bilərlər.
Politoloqun sözlərinə görə, koronavirusla bağlı elan olunan rəsmi rəqəmlər şübhə doğurur: “Hakimiyyətin indiyə qədər iqtisadi, sosial göstəricilərlə bağlı açıqladığı rəqəmlər heç vaxt  həqiqəti əks etdirmədiyindən hazırki rəsmi rəqəmlər də şübhə yaratmaya bilmir”.
O qeyd edib ki, real vəziyyət tam dəqiqliyi ilə yalnız iqtidar nümayəndələri və Operativ Qərargahın rəsmilərinə məlum olduğundan önləyici tədbirlər barədə hər hansı bir söz demək  çox çətindir.
Qadir İbrahimli: “Son qərar insanların gəlirinə mənfi təsir edəcək”
İqtisadçı ekspert Qadir İbrahimli isə düşünür ki, həftə sonları ictimai iaşə obyektlərinin, neft və qeyri-neft sektorlarının fəaliyyətini dayandırması insanların gəlirinə mənfi təsir edəcək.
Ekspertin qənaətincə, Azərbaycan hökuməti Türkiyə təcrübəsindən yararlanır: ” Türkiyədə bu metod effektiv oldu və nəticədə koronavirusa yoluxanların sayı 10 dəfəyə qədər azaldı, amma bizdə hansı nəticə verəcəyini zaman göstərəcək”.
Natiq Cəfərli: “Bir müddətdən sonra bu kimi qərarların fəsadlarını daha ciddi hiss edəcəyik”
Digər iqtisadçı ekspert Natiq Cəfərli də Qadir İbrahimli kimi koronavirusla bağlı son qərarın iqtisadiyyata hər hansı bir müsbət təsir göstərəcəyini zənn etmir.
Onun sözlərinə görə, yenicə fəaliyyətə başlamış ictimai iaşə obyektlərinin 48 saat fəaliyyətini dayandırması müəssisə sahiblərinə böyük ziyan vuracaq.
“Ticarətin sıfırlanması və iqtisadiyyatın durdurulması ümumdaxili məhsula, günəmuzd çalışanların əmək haqlarına ciddi mənfi təsir göstərəcək”, –  Natiq Cəfərli vurğulayıb.
Ekspertin qənaətincə, koronavirusla bağlı verilən qərarların iqtisadi cəhətdən fəsadları bir müddətdən sonra hiss olunacaq.
İbrahim Məmmədov: “Mütəxəssislər belə məqbul hesab ediblər”
Nazirlər kabineti yanında Operativ Qərargahın mətbuat katibi İbrahim Məmmədov Toplum tv-yə deyib ki, həftəiçi çölə çıxmaq qadağasının qoyulması barədə hələ ki heç bir plan yoxdur: “Hazırda yalnız şənbə və bazar günləri ilə bağlı qərar var. Mütəxəssislər belə məqbul hesab ediblər”.
Adil Qeybulla: “Qaydaların yumşaldılması xaotik şəkildə aparılmamalı idi”
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə karantin qaydalarının sərtləşdirilməsi yox, insanların koronavirusa inandırılması istiqamətində işlər görülməsinin vacibliyini vurğulayır.
Onun fikrincə, dövlət bütün media resurslarını koronavirusla bağlı təbliğata yönəltməlidir: “Əgər bu qaydaları yumşaltmışıqsa, televiziyialarda şou verilişləri, həkim reklamları yerinə insanların psixologiyasına təsir göstərəcək nələrsə etmək lazımdır”.
Həkimin qənatincə, koronavirusa inanmayanlar əsas gigiyena qaydalarına əməl etmədiyindən cəmiyyətin həyatı təhlükə altına düşür.
“Yoluxmaların sayı göstərir ki, bizim keçirdiyimiz sərt tədbirlər mənasız oldu. Qaydaların yumşaldılması belə xaotik şəkildə aparılmamalı idi. Ona görə də camaatı evə qapadaraq heç nə əldə etmək mümkün deyil”, – professor əlavə edib.
Azərbaycanda martın 19-dan tətbiq olunan sərt karantin qaydaları 4 maydan etibarən yumşaldılıb.
Operativ Qərargahdan yoluxma hallarının artacağı təqdirdə qaydaların yenidən sərtləşdiriləcəyi bildirilib.
Azərbaycanda indiyədək 7239 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 pasient ölüb, 3131 şəxsin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin xəstələrdən 72-nin vəziyyəti ağır, 86-nın durumu orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.
Eyni zamanda, ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334 min 863 testin aparıldığını qeyd olunub.
  •  (1)
  •  (2)