Hökumətdən daha bir anlaşılmaz qərar – Və “məntiq haradadır” sualı açıq qalırbackend

Hökumətdən daha bir anlaşılmaz qərar – Və “məntiq haradadır” sualı açıq qalır

Heç Operativ Qərargahın üzvləri də bu sualın cavabını bilmirlər.

1 sentyabr 2020-ci ildə Nazirlər Kabineti “Bəzi malların ölkəyə idxalının müvəqqəti məhdudlaşdırılması tədbirləri haqqında” qərarında dəyişiklik etdi. Bu fərmana uyğun olaraq, ölkədən tibbi maskaların ixracına qoyulan qadağa ləğv edildi.

Xatırlatmaq istərdik ki, bu qadağa dünyada koronavirusun geniş yayılması səbəbindən Nazirlər Kabineti tərəfindən bu il fevralın 14-də Azərbaycan ərazisindən bir sıra tibbi ləvazimat və preparat (steril əlcəklər, ayaqqabı örtükləri, qoruyucu kombinezonlar, tibbi maskalar və eynəklər, dezinfeksiyaedicilər və avadanlıqlar və digər zəruri ləvazimatlar və dərmanlar) vasitələrinin Azərbaycan ərazisindən kütləvi ixracı ilə əlaqədar olaraq tətbiq edilmişdi.

Qeyd etmək istərdik ki, koronavirus yayılmazdan əvvəl Azərbaycanda tibbi maskaların yerli istehsalı yox idi. Ölkəyə gətirilən maskalar apteklərdə 10 qəpiyə satılırdı.

2020-ci ilin sentyabr ayında tibbi maskaların idxalı üçün gömrük vergiləri ləğv edildi. Özümüzdə də maska istehsalı yarandı. Bundan sonra, güman etdik ki, maskaların qiymətləri aşağı düşəcək. Ancaq bu, baş vermədi. Tibbi maskaların qiyməti üç dəfə artaraq 30 qəpiyə çatdı.

Doğrudanmı, Azərbaycanda tibbi maskalar o qədər çox istehsal edlir ki, onların ölkədən çıxarılmasına qoyulan qadağaya daha ehtiyac qalmır? Əgər elədirsə, niyə bazar qanunlarının əksinə olaraq, bazarda bol olan məhsulun – tibbi maskaların qiymətləri enmir?

“Bakı tekstil fabriki” MMC-nin direktoru Elçin Babayev AYNA-deyib ki, Azərbaycanda tibbi maskaların istehsalı ilə, əsasən “Bakı tekstil fabriki”, “Gilan Holding” və digər şirkətlər məşğuldur: ““Bakı tekstil fabriki” gündə 200-250 min ədəd maska istehsal edir. “Gilan Holdinq” gündə 100 min ədəd maska istehsal edir. Ümumiyyətlə, ölkədə gündəlik 450-500 min ədəd maska istehsalı olunur. Qalan şirkətlər gündə, təxminən 80 min tibbi maskalar istehsal edir”.

“Azərbaycan əhalisinin tibbi maskalara gündəlik tələbatı 250 min ədəddir. Beləliklə, pandemiyanın risklərini nəzərə alaraq, gündəlik, təxminən 100 min ədəd tibbi maska ehtiyat yığırıq”, – Babayev bildirib.

Gördüyümüz kimi, ölkədə lazım olan miqadardan da çox maskalar istehsal olunur. Necə deyərlər, maskadan boluq. Ancaq Nazirlər Kabinetinin maskaların ölkədən ixracına qoyulan qadağanı ləğv etməsi fonunda belə, onların yerli əhali üçün qiyməti düşmür.

O zaman Nazirlər Kabinetinin qərarı hansı məntiqə əsaslanır? Operativ Qərargahın üzvləri də bu sualın cavabını bilmirlər. Qərargahdan AYNA-ya da elə deyiblər: “Kabinetin qərarının səbəbini bilmirik”.

Ümumiyyətlə, pandemiya zamanı Nazirlər Kabineti və onun yanında fəaliyyət göstərən Operativ Qərargahın bir çox qərarları anlaşılmazlığa səbəb olur və ən vacib sualı cavabsız qoyur: məntiq haradadır?Ayna.az

 

  •  (0)
  •  (0)