“Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir.
Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir.
Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışır. Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.
Bu ilin iyulunda iki ölkənin dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın törətdiyi təcavüz aktı, təmas xəttindəki diversiya-sabotaj əməliyyatı cəhdi Ermənistanın növbəti təxribat və hərbi avantürizmə hazırlaşmasından xəbər verir.
Bundan əlavə, son günlər Ermənistan işğal edilmiş ərazilərimizdə yaratdığı qondarma rejimin dili ilə Azərbaycanın digər ərazilərini də işğal etmək niyyətini bir daha açıq şəkildə səsləndirməyə başlayıb və Gəncə şəhərini raket atəşinə tutmaqla hədələyib.
Ermənistanın Baş nazirinin, müdafiə nazirinin təxribatçı bəyanatları və hərəkətləri, eləcə də bu qəbildən olan digər addımlar bir daha sübut edir ki, tamamilə həyasızlaşmış Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir.
Cəbhədə təxribatların törədilməsinə və vəziyyətin kəskinləşməsinə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır”, – H.Hacıyev vurğulayıb.
















