Həşimov 8 “Kamaz”ı düşməndən belə keçirdi – Xatirəbackend

Həşimov 8 “Kamaz”ı düşməndən belə keçirdi – Xatirə

Layihənin bu buraxılışında general Polad Həşimovu şəxsən tanıyan Bəxtiyar Abdullayevin xatirəsini təqdim edirik:

“Bir dəfə postlara odun qaldırırdıq. Polad Həşimov səkkiz “Kamaz” odunu meşədən toplatdırdı. Ora gedən yol düz erməni postunun altından keçirdi. Polad Həşimov dedi ki, çox təhlükəli yoldur, bir az gözləyin, duman gələndə gedin.

Nə isə, “Kamaz”ların axırıncısının ardınca da Polad özü gəlirdi. Yaxınlaşanda gördü ki, sürücülər hamısı bir yerdə yığılıb oturublar, maşınları da saxlayıblar, bir dənə də maşın o tərəfə keçməyib. Soruşdu, bəs niyə keçməmisiniz?

Buna qədər sürücülər öz aralarında danışıblar ki, bura təhlükəlidir, ailə-uşaq var, gedə bilmərik. Bir-biri ilə sözləşiblər ki, kimə desə, keçməsin.

Polad gördü ki, hamı başını aşağı dikib. Anladı ki, keçməyə ehtiyat edirlər. Özü keçib maşında oturdu. Kürəyini şüşəyə söykədi və dedi, “Mən yıxılana qədər sür!”

Yəni düşmən güllə atsa, ilk onun kürəyinə dəyəcəkdi.

Ondan sonra bütün sürücülər oturdu maşınlara və dedilər ki, “komandir, sən bizi yaman çıxılmaz vəziyyətdə qoydun”.

Yəni Poladın belə igidlikləri var idi. Onu hər oğul bacarmırdı”.

Qeyd edək ki, bu xatirəni “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu paylaşıb. Naşir qəhrəman generalımızla bağlı xatirələri nəşriyyatın elektron ünvanına göndərməyi xahiş edib. O bildirib ki, xatirələr kitab halında işıq üzü görəcək.

  •  (0)
  •  (1)