“Hər bir məmur, hər bir vəzifəli şəxs dövlət başçısının xəbərdarlıqlarından ciddi nəticələr çıxaracaq və…”backend

“Hər bir məmur, hər bir vəzifəli şəxs dövlət başçısının xəbərdarlıqlarından ciddi nəticələr çıxaracaq və…”

Ölkədə aparılan, həyata keçirilən kadr dəyişiklikləri, yenilənmələr, kadr islahatları davamlı və geridönməz xarakter daşıyıb və daşıyır.

Belə ki, kadr islahatlarına indi start verilməyib, istər Ulu Öndərimiz Heydər Əliyevin birinci, istərsə də ikinci hakimiyyəti dönəmində bu proses həyata keçirilib: dövrün, zamanın reallıqlarına, tələblərinə cavab verən layiqli və peşəkar kadrlarla yola davam edilib, həyata keçirilən siyasətin nəbzini tuta, tələblərə cavab verə, vəzifələrinin öhdəsindən gələ bilməyənlərlə vidalaşılıb, xətaya, qüsura, nöqsana, cinayətə yol verənlərlə isə qanunun dili ilə ən sərt şəkildə davranılıb, heç kimə güzəşt edilməyib, heç kimin əməllərinə göz yumulmayıb.

Çox sevindirici və qürurverici haldır ki, ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə bütün sahələrdə həyata keçirilən kurs, siyasət kadr islahatları və yenilənmələri sahəsində də uğurla davam etdirilib və bu gün davam etdirilməkdədir.

Xüsusilə də, 2018-ci ilin 11 aprel seçkilərindən, ötən ilin əvvəllərindən, xüsusilə, payız aylarından bu yana kadr islahatları, yenilənmələr daha geniş start götürüb, daha geniş vüsət alıb.

Bu da təsadüfi deyil. Çünki bütün çıxış və nitqlərində dövlət başçısı daim bu məsələyə ciddi önəm verib, diqqət ayırıb, kimliyindən asılı olmayaraq, bütün vəzifəli şəxsləri, məmurları məsuliyyətə dəvət edib, onlara ciddi tapşırıq və göstərişlərini verib, xəbərdarlıqlarını bildirib.

Son xəbərdarlıqlarından birini də ötən ilin sonlarında keçirdiyi sosial-iqtisadi müşavirədə dilə gətirdi.

Həmin vaxt bir daha bu məsələyə geniş yer ayıran ölkə rəhbəri kadr məsələlərində yeni ruhlu, yeni təfəkkürlü gənclərə önəm veriləcəyini bəyan etdi, hətta, bununla bağlı hörmətli Baş nazirimiz cənab Əli Əsədova tapşırıqlarını da verdi.

Eyni zamanda, ikili, üçlü oyun oynayanlara, başqalarının fəaliyyətinə mane olmağa, onları ləkələməyə çalışanlara, öz vəzifələrini layiqincə yerinə yetirməyənlərə də son sərt xəbərdarlıqlarını etdi.

Və bundan sonra da bəyan etdiyi kimi, hərəkət etdi, hər bir sözünün, hər bir vədinin arxasında dayandığı kimi, həmin müşavirədə də dediklərinin, sadədə, söz, bəyanat olmadığını təsdiqlədi.

Layiqlilərlə, uğurlu kadrlarla yola davam edildi, uzun illər öz fəaliyyətlərində dövlətə və dövlətçiliyiə sadiqliklərini nümayiş etdirənlərə minnətdarlıq bildirildi, onlar yaşları ilə əlaqədar istefaya göndərildi, yerində olmayanlarla isə vidalaşıldı, onlarla birgə addımlamağın mümkünsüz olduğu ifadə edildi.

Həmçinin, əməllərində rüşvətxorluq, korrupsiya, digər cinayət hallarına yol verənlərə qarşı əsl müharibə elan edildi.

Artıq nəticələr də ortada, göz qabağndadır. Cinayət əməllərinə yol verdikləri üzə çıxan 5 icra başçısı və onların əməkdaşları, eləcə də, Dövlət Sərhəd Xidməti (DSX) və Mədəniyyət Nazirliyinin (MN) bəzi yüksək çinli məmurları, vəzifəli şəxsləri ilə bağlı hüquqi müstəvidə sərt cəza tədbirləri seçildi, həbslər həyata keçirildi.

Bununla yanaşı, bu prosesin bundan sonra da davam etdiriləcəyi bildirildi. Təsadüfi deyil ki, ölkə başçısı dünən Ağstafa və İmişli rayonlarının yeni icra başçıları ilə videoformatda qəbulu zamanı bir daha sərt xəbərdarlığını bildirdi ki, “bütün pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək”.

Dövlət başçısı eyni zamanda, bir daha bəyan etdi ki, Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır.

Sonra dövlət başçısı “Sizin fəaliyyətinizdən çox şey asılıdır və insanların inamı, əhval-ruhiyyəsi, ədalətə inanması bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır. Siz elə işləməlisiniz ki, insanlar sizə inansınlar, sizi dəstəkləsinlər və sizin işinizdən razı olsunlar”-deyərək, bir daha vəzifədə olan hər bir şəxsə öz xəbərdarlığını etdi, onların addımlarının daim nəzarət altında olduğunu və olacağını vurğuladı.

Ona görə hesab edirəm ki, hər bir məmur, hər bir vəzifəli şəxs dövlət başçısının bu sözlərindən, bu xəbərdarlıqlarından ciddi nəticələr çıxaracaq və öz fəaliyyətlərini dövrün, zamanın tələblərinə, aparılan siyasətin nəbzinə uyğun şəkildə qurmağa, Azərbaycan vətəndaşlarını məmnun etməyə çalışacaqlar.

Fürsətdən də istifadə edib, yeni təyanat alan icra başçılarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.

İnanıram ki, onlar dövlət başçısının etimadına layiq olacaq, onun etimadını tam doğruldacaqlar.

Eldəniz SƏLİMOV,

Millət vəkili

  •  (6)
  •  (1)