“Həm həyat yoldaşım, həm də yeganə qardaşım şəhid olub, onlarla fəxr edirəm” – VİDEObackend

“Həm həyat yoldaşım, həm də yeganə qardaşım şəhid olub, onlarla fəxr edirəm” – VİDEO

Bu ailənin iki şəhidi var. Hər şəhidin anası ayrı, atası ayrıdı, amma ünvanı birdi.

26 yaşlı Əfsanənin həm həyat yoldaşı, həm də yeganə qardaşı vətən müharibəsində qəhrəmanlıqla şəhid olub. Amma o qəddini əyməyib, əksinə, “şəhid də mənimdir, qürur da mənimdir” deyir.

Aprel döyüşlərində xüsusi xidmətinə görə təltif olunan Naiq kəşfiyyatçı olub, ermənilər onun haqqında qorxuyla danışırlarmış. Anası Çiçək xanım onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə ondan hər şeyi gizlədirmiş. Özü kimi xüsusi təyinatlılarda xidmət edən, gizir qardaşı Nihatdan danışırmış tez-tez. Ən çox da onun şəhid olmağından ehtiyat edirmiş. Amma şəhidlik Naiqə qismət olub.

Naiqin qaynı, taqım komandiri İlkinin isə 31 yaşı olub, nişanlıymış. İlkinin anası oğluyla da, kürəkəniylə də fəxr etdiyini deyir.

Atası Nurəddin dayı İlkinin ən böyük arzusununun qələbə olduğunu bildirir. Elə hərbi təlimlərə də bu məqsədlə yazılıb.

Birinci Qarabağ müharibəsinin könüllü iştirakçısı Faiq Ələkbərov oğlu Naiqin onun yolunu getdiyini deyir. Naiqin döyüş yoldaşlarının onun haqda danışdıqlarını isə unuda bilmir…

Bu evdə üç övlad böyüyür. İndi ailənin ən böyük vəzifəsi bu üç övladı və bundan sonra dünyaya gələcək bütün nəvələri İlkinin və Naiqin adına layiq böyütməkdir.

10 dekabr qələbə paradında qəhrəman kəşfiyyatçı Naiqi və qəhrəman komandir İlkini Nihat Ələkbərov əvəz edəcək. Həm doğmalarının, həm də vətən uğrunda şəhid olan bütün oğulların əvəzində bu ailədən Nihat addımlayacaq Bakı küçələrində. Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  •  (1)
  •  (1)