“Həkim də Vətən yolunda can qoyanı aldadıb, bu hala salarmı?” – “Ege Hospital”da qazinin başına gələn dəhşətbackend

“Həkim də Vətən yolunda can qoyanı aldadıb, bu hala salarmı?” – “Ege Hospital”da qazinin başına gələn dəhşət

“Həkim də Vətən yolunda can qoyanı aldadıb, bu hala salarmı?” – “Ege Hospital”da qazinin başına gələn dəhşət…

Bir ayağın damar açılmasına 2900 manat verən qazi ayağını itirmək üzrədir – “ Həkim yalandan məni arxayın etdi ki, damarı açmışam, ayağın kəsilməyəcək”.

52 yaşlı Həsənov Rəhim I qrup Qarabağ əlilidir. Müharibədə 3 dəfə yaralanıb, döyüşlərdə bir ayağını və ağciyərinin sağ pay hissəsini itirib. Uzun illərdir şəkər xəstəliyindən, 3 ildir böyrək çatışmazlığından əziyyət çəkir, dializ alır. Sağlamlığı ilə çarpışan Rəhim Həsənov bu il daha bir ağır problemlə üz-üzə qalıb. Bu dəfə o, digər ayağını itirmək təhlükəsi ilə üzləşib. Bu problemin bir səbəbkarı da yanlış həkim müdaxiləsi, uğursuz müalicə göstərilir. Pasiyent “Ege Hospital” və orda çalışan invaziv radioloq, damar üzrə mütəxəssis Ruslan Əliyevdən şikayətçidir.

Hokm.az Medicina.az-a istinadən pasiyentin başına gələnləri və şikayətini təqdim edir.

Bu il salamat ayağının barmağını qaynar su ilə yandıran Rəhim Həsənov yaranın sağalmadığını və barmağının qaraldığını görüb, Bakıda dövlət nəzdində ürək-damar cərrahiyyəsi institutuna müraciət edir. Oradan xəstəni Qan-damar və Angioloji mərkəzə yönləndirirlər. Burada isə ona ayaq damarlarının tutulduğunu bildirib, şəkər xəstəsi də olduğu üçün dizdən amputasiya təklif olunur. Bir ayağı olmayan xəstə bu ayağı ilə özünü idarə etdiyi üçün onu da itirmək istəmədiyini bildirib. O zaman həkimlər bir yolun olduğunu deyib. “Ege hospital”da damarların açılması ilə məşğul olan həkim və lazımi aparat, avadanlıq var, ora gedə bilərsən:

“Mən də onlara inanıb, getdim. Ruslan Əliyev adlı damar həkimi qəbul etdi. O, mənim damarlarımı tomoqrafiya etdirdi. Buna görə 212 manat ödədim. Nəticəyə baxıb dedi ki, 80% müsbət nəticə ilə damarını balonla açacağıq, lazım olsa, stend qoya bilərik. Bunun üçün də 2900 manat ödəməlisən. Mən Qarabağ əlili, ağır xəstə və imkansız olduğumu deyib, endirim istəsəm də 1 qəpik endirim etmədilər. Gecəylə rayona qayıdıb, faizlə pul aldım. Yubanmadan xəstəxanaya qayıtdım.
2900 manatı ödəyəndə Ruslan həkimdən dəfələrlə soruşdum, söz verirsizmi ki, ayağıma bıçaq dəyməyəcək, barmağım kəsilməyəcək? Dedi, 100 faiz, arxayın ol, kəsilməyəcək. Mən də rahat oldum, inandım”.

Elə həmin gün invaziv radiologiya şöbəsində angioqrafik müdaxilə ilə ayaq damarlarına Ruslan Əliyev və komandası tərəfindən balon qoyulur. Xəstəyə damarın açıldığı, əməliyyatın uğurlu keçdiyi və heç bir problemin olmayacağı bildirilib. Əlavə olaraq xəstəyə disk verilib ki, orda damarlara qanın axıcılığını görmək olar. Xəstəyə 1 aydan sonra müayinəyə gələcəyi tapşırılır. Bərdəyə qayıdan xəstənin ayağını cərrahi müalicə edən həkim çirk etmiş və nekrozlaşmış barmağı təmizləyərkən barmağa qan gəlmədiyini görür:

“Barmağımı təmizləyəndə bir qram da qan gəlmədi. Hər gün cərraha gedib, qaralan yerləri təmizlədirdim. Həkim damarın işləmədiyindən, açılmadığından şübhələndi. 10 gün sonra qızdırmam qalxdı, bu da ayağımın yarasından idi. Karantin də olduğundan, vəziyyətim də pis olsa da, heç yerə tərpənə bilmirdim, məcbur olub barmağımın kəsilməsinə razı oldum. Çünki ölə bilərdim. Ruslan həkimə zəng edib bunları dedim. O dedi ki, ola bilməz, damarını açmışıq, narahat olma. Mən ona sübut edə bilmirdim, cərrahımla da danışmırdı. Məcbur olub dedim ki, xahiş edirəm, bu ayaq deyəsən pisləşir, mənim ayrı müalicələrə ehtiyacım olacaq, siz mənim pulumu qaytarın, o qədər pul aldız, bu əməliyyat alınmadı. Həkim mənə dedi ki, get əlin hara çatır, de. Pulu qaytara bilmərik. Sonradan nə qədər zəng etdim, nömrəmi qara siyahıya atdı. Barmağım və pəncəmin bir hissəsi kəsildiyi üçün xəstəxana yollarında, evdə yataqda qaldım. Ruslana mesaj yazdım ki, doktor, insafın olsun. Sən məni həm aldadıb pulumu aldın, həm də şikəst etdin. Bu hansı imana, dinə, həkimliyə sığar. Bu mesajimdan sonra dedi gəl müayinə edim, sənə sübut edəcəyəm ki, orda damar açılıb. Yenidən təcili yardım maşını ilə aprelin 10-u “Ege hospital”a getdim. Ayağımın vəziyyətini gördü. Heç baxmadı da. Yenə dopler etdi, bu dəfə dedi ki, guya irin, çirkdən başqa damarın tutulub, onu da açırıq. Məni yenə əməliyyatxanaya çıxarıb, damarımın içində nəsə etdilər, oynadılar, dedilər, hə, açıldı. Get, bir də bura gəlmə. Bəs mən getdim, yenə qaralma olsa, yenə cərrah desə ki, qan gəlmir, onda necə. Dedi elə şey olmayacaq, bu 2 dərmanı da al, get. O dərmanlar da 115 manat etdi. Onları da aldım. Bərdədə yenə həkimim baxdı, qaralan yerdə dabandan yardı, çərtdi, dedi Rəhim, bax gör bura qan gəlir, qan görürsən? Qan yox idi. Əgər damarın açılıbsa, heç olmasa ayağının altına qan gəlməliydi. Ruslan Əliyev nömrəmi qara siyahıya atıb, mesajıma cavab vermədi”.

Əlinin, səsinin heç yerə çatmadığını görən pasiyent Qarabağ müharibəsi veteranları, qazilər cəmiyyətlərinə müraciət edərək, vəziyyətini danışıb və kömək istəyib. Qarabağ Qaziləri Birliyinin sədri “Ege hospital”a müraciət edərək, uğursuz əməliyyat üçün ödənən məbləğin qaytarılmasını tələb etsə də, hospital bundan imtina edir. Ruslan Əliyev isə heç kimlə görüşüb, açıqlama vermir:

“Vallah, bu xəstəxanalar, çox həkimlər fırıldaqçıdır. İnsan insanın həyatına qıyarmı? Mən bu gənc həkimlərin yolunda canımı, həyatımı, ayağımı qoymuşam. Ölümə getmişəm. Vətən yolunda can qoyanı belə aldadıb, ağır hallara salarlarmı? Axı mən dəfələrlə Ruslan həkimdən soruşdum. O, 2900 manatı necə alıb rahatlıqla yeyə bilirlər? Mən onlardan ayrı təzminat, ayrı pul istəmirəm ki. Mənim öz pulumu qaytarsınlar, çünki bu ayağımın müalicəsi üçün vəsait lazımdır. İnsanlar pulu yerdən tapmır ki. Boğazından kəsib, borc alıb, ödəyirik, bu da sonu. Bu da Azərbaycan həkiminin qaziyə münasibəti!”

Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Rey Kərimoğlu isə “EGE hospital”ın və klinikanın sahiblərinin evləri qarşısında etiraz aksiyası keçirəcəklərini bildirib:

““EGE hospital”ın sahibi və arxasında dayanan adamlara səalənirəm! Qazimizin pulu çeklərlə 3112 manat hələ də ödənməyib! Klinika rəhbərliyi 2300 manat ödəyə biləcəyini deyir. Deyirlər, qalan pul 812 manat qazinin dava-dərmanına xərclənib! 812 manatı vermək istəmirlər! Qarabağ Qaziləri Birliyi klinika rəhbərliyinə sözünü deyib! Gözləyiik! 812 manata görə dirəşib durublar! 2300-ün üstünə 812 manat da qoyub Qazinin pulunu verin! Ayağı kəsilməlidir artıq! Qazilər “EGE hospital”ın və klinikanın sahiblərinin evlərinin qarşısında aksiya keçirəcək”.

  •  (0)
  •  (1)