Həbsdə olan iş adamı 841 minlik vergidən yayınma ittihamından bəraət aldı – TƏFƏRRÜATbackend

Həbsdə olan iş adamı 841 minlik vergidən yayınma ittihamından bəraət aldı – TƏFƏRRÜAT

Həbsdə olan iş adamı vergidən yayınma ittihamı ilə növbəti dəfə hakim qarşısına çıxarılıb. Dələduzluğa görə məhkumluq həyatı yaşayan iş adamı bu dəfə bəraət alıb.

Hokm.az musavat.com-a istinadən xəbər verir ki, 2010-cu ildən etibarən “Badu-Kubə” MTK-nın rəhbərlərindən biri olaraq mənzil tikintisi ilə məşğul olan Nəsib Əliyev hazırda həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin 213.2.2-ci (Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, 2015-ci il tarixdə Bakı şəhər Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan “Badu Kubə” MTK-da 2010-2013-cü il tarixədək olan dövr ərzində səyyar vergi yoxlaması aparıb.

Ümumilikdə, külli miqdar təşkil edən 841 min manat məbləğində vergidən yayınma müəyyən edilib.

İttihama görə, Nəsib Əliyev “Badu-Kubə” MTK-nın faktiki rəhbərlərindən biri olaraq kooperativin sədri və digər faktiki rəhbəri olan Ədalət Qənbərov və Asif Əsədullazadə ilə birlikdə bina inşa edib.

Məlumata görə, şəriklər 2009-cu ildən 2015-ci ilə qədər ümumilikdə 801 min manat vergini dövlət büdcəsinə ödəməkdən yayınıblar. Eyni zamanda, Vergilər Nazirliyi tərəfindən mülki iddia ərizəsi verilərək təqsirləndirilən şəxslərdən 841 min manat məbləğində ziyanın tutulması xahiş olunub.

Amma N.Əliyev ittihamlarla razılaşmır.

Vergidən yayınma ittihamı ilə bağlı məhkəmə iclası Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə araşdırılıb.

N.Əliyevin müdafiəçiləri Vasif İsrafilov və Sahil Quliyev müdafiə çıxışı edib.

Həbsdə olan N.Əliyevin vəkilləri çıxışlarında bildirib ki, müdafiə etdikləri şəxs 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilib.

“Həmin cinayət işinin materiallarından və hökmdən aydın olur ki, Nəsib Əliyev 2006-2010-cu illərdə vəzifəsindən sui-istifadə etməklə “Badu Kubə” MTK-nın təsisçilərindən olan kürəkəni Zaur Cabbarov ilə əlbir olub “Badu Kubə” MTK-nın tikdiyi binadan və “Şahbulaq” MTK-nın adından saxta müqavilələrlə vətəndaşlara mənzil sataraq, dələduzluq edib.

Təsisçilərdən biri Ədalət Qənbərov “Şahbulaq” MTK-nın adından satılmış mənzilləri tanımayıb və 2010-cu ilin aprel ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib və Nəsib Əliyev tikintidən uzaqlaşdırılıb.

Nəsib Əliyev 2010-cu ilin aprel ayından 2012-ci ilə qədər həbsdə olub. Bundan sonra “Badu-Kubə” və “Şahbulaq” MTK-ların adından mənzil satmayıb.

Nəsib Əliyev dələduzluqda ittiham edilib. Dələduzluq yolu ilə əldə olunmuş pula vergi hesablana bilməz. Nəsib Əliyevin Ədalət Qənbərovla əlbir olması ittihamı da əsassızdır ona görə ki, bu adamlar düşmən olublar, bir-birini ittiham ediblər. Necə əlbir ola bilərdilər?

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nəsib Əliyev 2006-2010-cu illər ərzində 463 min manat gəlir əldə edib, həmin gəlirin 202 min manatını tikintiyə sərf edib, 261 min manatını mənimsəyib.

Hesab edirik ki, əgər yayınma olsaydı belə, Nəsib Əliyev barəsində olan hökmdə göstərilmiş zərərin bir hissəsi olacaqdı. Bu da ona dəlalət edir ki, həmin məbləğin mənimsənilməsinə görə şəxs artıq bir dəfə cinayət məsuliyyətinə cəlb edilib. Təkrarən ikinci dəfə məsuliyyətə cəlb edilə bilməz.

Bu ittiham işin həqiqi hallarına deyil, daha çox ehtimallara əsaslanıb. Təqsirləndirilən şəxsin vergidən yayınması, təqsirləndirilən şəxslərin əlbirliyi konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməyib”,- deyə vəkillər müdafiə çıxışında qeyd edib.

Prosesin davamında Nəsib Əliyev də vəkillərinin çıxışı ilə razı olduğunu, başında bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmənin hökmü ilə Nəsib Əliyev barəsində bəraət hökmü çıxarılıb.

  •  (0)
  •  (0)