Həbsdə olan deputatın mandatı nə zaman ləğv olunulacaq? – AÇIQLAMAbackend

Həbsdə olan deputatın mandatı nə zaman ləğv olunulacaq? – AÇIQLAMA

Deputat Eldəniz Səlimovun həbsindən sonra ortaya çıxan suallardan biri də onun deputat mandatının ləğvi ilə bağlıdır. Eldəniz Səlimovun deputat mandatı ləğv edilə bilərmi?

Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən Anar Ramazanov bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma gedir:

“Bununla bağlı mən bir kanala da müsahibə vermişdim. Bu, hətta Eldəniz Səlimov həbs olunmamışdan əvvəl olub. Bizdə qanunvericilikdə “Deputatın statusu haqqında” xüsusi qanun var. Konstitusiyanın 89 və 90-cı maddələri ilə yanaşı, Milli Məclisin özünün “daxili nizamnaməsi və daxili reqlamenti” mövcuddur. Bu 3 normativ hüquqi aktda deputatın hansı halda öz mandatından məhrum oluna biləcəyi göstərilir.

Belə ki, deputatın cinayət törətdiyi ilə bağlı məhkəmə hökmü olduqda ondan mandat alına bilər. Hazırda bu məsələ ilə bağlı araşdırma gedir. Ola bilsin, məhkəmə həmin şikayəti rədd etsin və deputata bəraət verilsin. Hüquqi baxımdan bu mümkündür.

Mən, bir hüquqşünas kimi, hesab edirəm ki, deputat Eldəniz Səlimovla bağlı məhkəmənin qərarı çıxandan və qüvvəyə minəndən sonra, məhkəmə hökmü əsasında, onun deputat mandatından məhrum olunulması məsələsinə baxılacaq.

Həmin məsələyə Milli Məclisin müvafiq komissiyasında baxılıb və 63 səs çoxluğu ilə qərar qəbul olunulub. Bu isə o deməkdir ki, Eldəniz Səlimov mandatdan məhrum olunula bilər. Bildiyim qədəriylə, qanunvericilikdə hazırda hansısa deputatla bağlı araşdırma getdikdə mandatdan məhrum etmə məsələsi müzakirə olunmur.

O, sadəcə toxunulmazlıqdan məhrum olunur və bununla bağlı prosesual tədbirlər tətbiq oluna bilər. Bu, araşdırma gedən 3, 6, 12 ay müddətinə uzanır. Yəni həmin şəxs ekpertizaya aparılmalı, adamdan müvafiq analizlər götürülməlidir və s. Araşdırma əsnasında məcburi izahat alınır, üzləşmə aparılır. Toxunulmazlığın götürülməsi yalnız müəyyən məcburiyyət tədbirlərinə məruz qaldıqdan sonra mümkündür. Mandat məsələsi isə, bildiyim qədəriylə, müvafiq məhkəmə qərarı və məhkəmənin hökmü oxunandan sonra həll olunur”.

Hüquqşünas Əsabəli Mustafayev isə məsələ ilə bağlı bunları bildirib:

“Əgər məhkəmə hökmü olsa və şəxs məhkum olunsa, həmin hökm qanuni qüvvəyə mindikdən sonra onun deputat mandatının əlindən alınma məsələsinə baxılacaq. Məhkəmə bəraətverici hökm oxusa, o, deputat kimi öz fəaliyyətini davam eləyəcək.

Hazırda sözügedən şəxs deputat sayılır, sadəcə toxunulmazlığı əlindən alınılıb. O, maaşını alacaq, sessiyalarda iştirak etmək hüquqi var. Əgər həbs qətimkan tədbiri ona mane olmursa, şəraiti var. Deputatlıqdan tam məhrumluq isə ancaq məhkəmə hökmünün, daha doğrusu, ittiham yükü qüvvəyə mindikdən sonra mümkün olacaq”.

Saytımız hüquqşünas Şamil Paşayevin də fikirlərini öyrənib:

“Eldəniz Səlimov hazırda deputatdır və deputat maaşını da alır. Konstitusiyanın tələbinə görə, millət vəkili cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda o, mandatdan məhrum edilə bilər. Hazırda onun sadəcə toxunulmazlığı götürülüb. Digər deputatlardan tək fərqi budur. Barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, nəzərə almaq lazımdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxsa və cinayət törətdiyi sübut edilsə, ondan sonra deputat mandatına xitam veriləcəkdir”.

  •  (0)
  •  (0)