Həbs olunan icra başçısının “torpaq ovu” – BİLƏSUVARDA NƏLƏR OLUB?backend

Həbs olunan icra başçısının “torpaq ovu” – BİLƏSUVARDA NƏLƏR OLUB?

Həbs olunan icra başçısının “torpaq ovu” – BİLƏSUVARDA NƏLƏR OLUB?

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin yeni qanuna zidd əməlləri üzə çıxıb.

Hokm.az-ın APA-ya istinadən xəbərinə görə, məlum olub ki, Mahir Quliyev 2011-ci ildə rayona rəhbər təyin olunandan cəmi bir il sonra əlaltıları ilə birgə “torpaq ovu”na başlayıb.

Məhz icra başçısının vəzifədən sui-istifadə etməsi nəticəsində Biləsuvarda torpaq sahibi olan neçə-neçə insan təqiblərlə üzləşib və torpaqları əllərindən alınıb. İcra başçısı təkcə rayonun Çaylı kəndində yaşayan12 ailəni torpaqsız qoyub:

Bu zərərçəkənlərdən biri də Zöhrə Abışovadır: “Mənim nəvələrimin, gəlinlərimin heç birinin torpağı yoxdur. Hamısı bu saat fəhləliklə, günü 5-10 manata işləyirlər. O, bizim qolumuzu, qanadımızı qırdı. Balalarımı imkansız elədi. Hər cəhətdən geri düşdük biz”.

Söhbət 1998-ci ildə Vaqif Abışovun uzunmüddətli müqavilə əsasında aldığı 50 hektar torpaq sahəsindən gedir. Bu torpaq sahəsi 12 ailənin dolanışıq və qazanc yeri olub. Çaylı kənd sakini Vaqif Abışovun dediyinə görə, Mahir Quliyev və adamları əvvəlcə torpağın məhsullarını mənimsəyib, sonra torpaqları qanunsuz olaraq başqa şəxslərin adlarına sənədləşdiriblər: “Kimisindən qorxutdular aldılar, kimisindən məcburi, sənədsiz aldılar, əkdilər. O cümlədən mənim də torpağımda 2 il əkdilər. Sənəd mənim adıma ola-ola iki il əkdilər, məhsulunu götürdülər. Ondan sonra bütün bu torpaqları birləşdirmək, sənədləşdirmək xəyalına düşdülər. Mənim də torpağımı sənədləşdirmək istədilər. Mən də çox yalvardım, çox xahiş elədim ki, əkirsiniz də, daha siz rəhbərsiniz, 3-5 ildən sonra, siz gedəndən sonra torpaq mənim adımdadır, 12-13 baş ailə, 40-45 adamın boğazı kəsilməsin, acından ölməsin. Mümkün olmadı, təqiblər-təzyiqlərə məruz qaldım, axırı bezdim özüm özümdən. Razılıq verdim ki, götürün”.

Sonradan Vaqif Abışov öz torpaqlarını geri qaytarmaq üçün müvafiq orqanlara bir neçə müraciət göndərməyə başlayıb. Nəticədə o, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəvət olunub və sənədlərinə baxılıb. Qurumdan bildirilib ki, əgər həmin torpaqları kimsə öz adına keçirmək istəsə, torpaq sahibinin iştirakı və komitənin rəyi olmadan bu mümkün deyil. Vaqif Abışovun sözlərinə görə, bir müddət sonra icra başçısının “torpaq ovu”nun əsas iştirakçılarından birinin adına sözügedən torpaqları sənədləşdirmək istəyi Dövlət Komitəsi tərəfindən rədd edilib: “Külli-ixtiyar sahibi idi də burada – Biləsuvarda. Hansı sənədlərlə, harada necə edibsə, reyestr xidmətindən sənədləşdiriblər.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin xəbəri olmadan. Bu minvalla hara müraciət elədim, mümkün olmadı. Demək olar ki, gündəlik şikayətlərimiz olub, teleqram vurmuşuq, ərizə yazmışıq başçının özünə də, müəyyən orqanlara da. 30-35 nəfər onun qəbuluna 2-3 dəfə getmişik, qəbul eləməyib. Sonra mən özüm tək də getmişəm, teleqram vurmuşam ki, məni qəbul elə, dərdimi dinlə, qəbul eləməyib. Axırda da onun köməkçisi mənə dedi ki, başçı deyir ki, “mənim onunla işim yoxdur, rədd olsun buradan”.

Mahir Quliyevin “torpaq ovu”nun qurbanlarından biri də Nəsimikənd sakini Səxavət İmaməliyevdir. O da 1998-ci ildən əkib-becərdiyi torpağı ilə vidalaşmalı olub: “O torpağı mən səmərəli istifadə edirdim, üzərində mal saxlayırdım. Əkin hissəsində də pambıq, taxıl əkirdim. Vergilərimi də vaxtı-vaxtında ödəyirdim. 2011-ci ildə Mahir Biləsuvar icra hakimi olandan sonra çağırdı bizi bir-bir, təklikdə hamımızı hədələdi və zorla torpaqlarımızı bizim əlimizdən aldı, satdı başqa vətəndaşlara. Yerində də heç nə əkmədilər, yalandan şumladılar, qaraladılar, ancaq bizi o torpaqdan məhrum elədilər. 2015-ci ildə Mahir Quliyev bizim ailəmizə məxsus olan 135 hektar torpağın hamısını mənimsədi, özəlləşdirdi, dedi öz malımdır. Mənim kimilər çoxdur – Heydərov Şakir, Nağıyev Miryusif, Mirzəyev Bilal, Heydərov İslam, Kazımov Akif… Dəqiq sizə deyirəm. Bunların hamısını bu adam aldı, əkdi. Mən orada 60 hektar pambıq əkdim. Xahiş elədim, alınandan sonra 60 hektar pambıq verdi, mənim suyumu kəsdi, məni ziyana saldı”.

Mahir Quliyevin həbsindən sonra yuxarıda adı çəkilən Biləsuvar sakinləri keçmiş icra başçısı tərəfindən zəbt edilən torpaqlarının geri qaytarılması üçün Prezident İlham Əliyevə müraciət edərək, torpaqlarının geri qaytarılmasına kömək göstərilməsini xahiş ediblər. Vaqif Abışov deyir ki, müraciət ünvanlandıqdan dərhal sonra Prezidentin köməkçisi Anar Ələkbərov kənd sakinləri ilə əlaqə saxlayıb və məsələnin araşdırılacağını bildirib: “Cənab Prezidentə müraciətimizdən heç iki saat keçməmiş bizim müraciət təmin olunmuşdu və mənə Prezidentin köməkçisi zəng etdi. Dedi ki, sizin müraciətinizə baxdıq, itirilmiş hüquqlarınız, torpaq haqqında qaldırdığınız məsələlər qanuni surətdə həll olunacaq və sizə torpaq qaytarılacaq, narahat olmayın. Başda Prezident olmaqla bu işdə aidiyyəti olan adamların hamısına ailəm adından, öz adımdan təşəkkürümü bildirirəm. Hiss elədim ki, cənab Prezident hər bir vətəndaşının yanındadır və anında bizi eşitdi, anında bizim şikayətimizi nəzərə aldı”.

Zöhrə Abışovada ona zəng edildiyini bildirir: Bizim ailə üzvlərimizin torpağını icra hakimi götürdüyünə görə müraciət etdik Prezidentimizə. Ona təşəkkür edirəm. Mənim, ailəmin səsinə səs verdiyinə gör, onun ailəsinə, yoldaşına, özünə təşəkkürümü bildirirəm. Bizə dəstək oldu, biz də ona dəstəyik həmişə, ömrü boyu. Allah ona cansağlığı versin, uzun ömür versin, həmişə bizim Azərbaycanın fəxri olsun”.

Xatırladaq ki, mayın 1-də Prezident İlham Əliyev yeni təyin olunan Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən yerlərdə məmur özbaşınalığından söz açıb və konkret olaraq bu məsələyə də toxunub:

“Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunda həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini onların əllərindən alıb.Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar”.

Müraciətlərinə operativ şəkildə və ən yüksək səviyyədə reaksiya verilməsi kənd sakinlərinin sevincinə səbəb olub. İndi onlar məmur özbaşınalığı səbəbindən illərdir yaşadıqları problemlərin tezliklə həll olunacağını bilirlər. Çünki Dövlət Baba məsələni şəxsən nəzarətə götürüb.

  •  (1)
  •  (0)