Hacı Xaliq Bəşər Vəkillər Kollegiyasının üzvü deyil – RƏSMİbackend

Hacı Xaliq Bəşər Vəkillər Kollegiyasının üzvü deyil – RƏSMİ

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri Xaliq Əhmədzadə (Hacı Xaliq Bəşər) sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim edir.

Bu barədə e-huquq.az-ın redaksiyasına müraciət daxil olub.

Məsələ ilə bağlı Vəkillər Kollegiyası ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, adıçəkilən şəxs Kollegiyanın üzvü deyil və əvvəllər də olmayıb. Kollegiya bəyan edib ki, vəkil adından qanunsuz istifadə qanunvericilikdə məsuliyyət yaradır: “Bəzən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir. Belə hallar vətəndaşların keyfiyyətli hüquqi yardım almasına mane olmaqla yanaşı, vəkilliyin nüfuzuna mənfi təsir göstərir. Bildirmək istərdik ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu kimi hallarla mübarizə istiqamətində bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək. Vəkil adından qanunsuz istifadə edən şəxslərlə bağlı aidiyyatı hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

Kollegiya vətəndaşları diqqətli olmağa çağırıb: “Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yerləşdirilmiş “Vəkillərin reyestri” bölməsi və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq hüquqi xidmət təklif edən şəxsin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirsinlər, qanunsuz olaraq vəkil adından istifadə edilməsi halında isə “Qaynar xətt”ə (012 594 08 70) zəng edərək məlumat versinlər”.

 

  •  (0)
  •  (0)