Hacı Şahin: “İftar məclislərinin geniş şəkildə qeyd olunması yoluxmanın sayını artıra bilər”backend

Hacı Şahin: “İftar məclislərinin geniş şəkildə qeyd olunması yoluxmanın sayını artıra bilər”

Aprel ayının 13-də Azərbaycanda Ramazan ayı başlayır. Ötən il olduğu kimi bu il də müsəlman ölkələrində pandemiya səbəbindən bir sıra məhdudiyyətlərin olacağı gözlənilir. Türkiyədə Ramazan ayı boyunca imsak və iftar vaxtı toplaşmaq, toplu şəkildə yemək yemək qadağan edilib. 
 
Bəs koronavirus səbəbi ilə toplaşmaların qadağan olduğu bir vaxta evlərdə iftar süfrəsi təşkil etmək nə dərəcədə yolveriləndir? Hazırkı vəziyyətdə bu məsələlərə necə yanaşmaq lazımdır?
 
Azxeber.com bu suallara cavab tapmaq üçün “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahindən açıqlama alıb. O yoluxma dinamikasının yüksək olduğu bir vaxtda əhalini iftar süfrələri təşkil edərək kütləvi toplaşmamağa çağırıb:
 
Keçən il olduğu kimi bu il Ramazan ayı pandemiya dövrünə təsadüf edir və buna görə dini ayinlər icra olunarkən bu məsələ nəzərə alınmalıdır. Yoluxma dinamikasının yüksək olmasına görə hal-hazırda insanların çox kütləvi şəkildə toplaşması məqsədəuyğun deyil. İftar məclislərinin geniş şəkildə qeyd olunması yoluxmanın sayını artıra bilər. Ona görə də əhali bu məsələni nəzərə almalıdır. Dinimizdə buyurulub və biz də dəfələrlə demişik ki, özünüzü təhlükəyə atmayın. Bu, Qurani-Kərimin ayəsində belə buyurulub. Ona görə də hər kəs öz sağlamlığını və ətrafdakıların sağlamlığını qorumalıdır”.
 
Hacı Şahinin sözlərinə görə iftar süfrələri təşkil edilərsə, bu zaman qoyulan qaydalar gözlənilməlidir:
 
Tətbiq edilən qaydalar çərçivəsində iftar məclisləri keçirilə bilər, amma çoxlu sayda insanların toplaşması ilə iftar süfrələrinin təşkil olunması hazırda mümkün deyil”.
 
Hacı Şahin onu da qeyd edib ki, keçən il olduğu kimi bu Ramazan ayında da onlayn xütbələr təşkil olunacaq:
 
“Ötən il olduğu kimi bu il də məscidlərdə xütbələr təşkil olunacaq. O vaxta qədər bir dəyişiklik olmazsa, canlı yayım vasitəsilə xütbələr oxunacaq və qədr gecəsinə qədər məhdudiyyət davam edərsə, qədr gecəsinin ayinləri də məscidlərdə canlı şəkildə icra olunacaq, insanlar öz evlərindən qoşulub bu ayinləri yerinə yetirə biləcəklər”.
  •  (1)
  •  (1)