“Forbes” azərbaycanın Vətən müharibəsindən yazdı: Bu taktika və onun icrası dahiyanə idibackend

“Forbes” azərbaycanın Vətən müharibəsindən yazdı: Bu taktika və onun icrası dahiyanə idi

“2020-ci il Dağlıq Qarabağda müharibənin başlanğıcında erməni əsgərlərin çoxu, görünür, 1994-cü ildə apardıqları müharibəyə bənzər müharibə aparacaqlarını gözləyirdi”.

Bu fikir “Forbes”da dərc olunan və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsindən bəhs edən məqalədə yer alıb.

Nəşr qeyd edir ki, erməni qüvvələri “dünənki” müharibəni təkrarlamağa yox, “sabahkı” müharibəyə kifayət qədər hazır olan azərbaycanlılar tərəfindən tamamilə məhv edilib.

Məqalədə Azərbaycana düşmən qüvvələri üzərində üstünlük qazandıran müasir pilotsuz uçan aparatların mühüm rolundan da bəhs edilir.

“Azərbaycan Ermənistanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün “Harop”dan istifadə etdi. Bu taktika və onun icrası sadəliyinə görə dahiyanə idi. Bakı köhnə Sovet “An-2” biplanlarını məsafədən idarə olunan aparatlarla əvəzlədi və onları havaya qaldırıb Ermənistanın “S-300”lərini aktivləşdirməyə məcbur etdi, bu isə “Harop”un bu vacib hədəfləri yüksək dəqiqlik və yüksək effektvliklə aşkar edib məhv etməsinə imkan verdi”, – “Forbes” qeyd edir.

Nəşr həmçinin münaqişə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı “Bayraktar TB2” dronlarının Ermənistanın 1 milyard dollarlıq hərbi texnikasını məhv etdiyini vurğuladığını xatırladıb: “Çox güman, bu, mübaliğə deyildi, çünki məlumata görə, 240-a yaxın erməni tankı məhv edilib”.

“Azərbaycanın 21-ci əsrdə kiçik ölkələrin bərabərgüclü və ya daha güclü rəqiblər qarşısında qətiyyətlə üstünlük əldə etmək üçün bu cür inkişaf etmiş silah sistemlərindən istifadə edən bəlkə də ilk ölkə olduğunu qəti şəkildə müəyyənləşdirmək üçün bir neçə illik retrospektiv analiz tələb oluna bilər… Necə olur-olsun, yekunda keçən il Azərbaycan müasir müharibələrdə kiçik ölkələri qiymətləndirməməyin düzgün olmadığını açıq şəkildə nümayiş etdirdi”, – məqalədə bildirilib. report

  •  (0)
  •  (0)