Fövqəladə Hallar Nazirliyinin (FHN) zabitinin Ağdamda mina partlayışı nəticəsində xəsarətləri alması fakt üzrə rayon hərbi prokurorluğunda cinayət işi başlanılıb.
Bu barədə Hokm.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in zabiti, kapitan Heydərov Süleyman Vaqif oğlunun 2022-ci il mayın 13-də Ağdam rayonunun Abdınlı kəndi ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.