Gözlənildiyi kimi, ABŞ mərkəzi bankı (FED) uçot dərəcəsində son 28 ilin ən yüksək artımına getdi. FED-in dünən qəbul etdiyi qərarla uçot dərəcəsi 0,75 faiz bəndi artırılaraq 1,5-1,75 səviyyəsinə çatdırılıb.
Hokm.az bildirir ki, faizlərin kəskin şəkildə artırılmasına baxmayaraq, dolların bahalaşması müşahidə edilməyib. ABŞ valyutasının aparıcı valyutalara qarşı ortaq məzənnə dəyərini göstərən Dollar İndeksi 104,8 səviyyəsində sabit qalıb.
Əslində, FED-in sərt qərarından sonra dolların bahalaşmayacağı gözlənilirdi. Çünki bu qərara qədər artıq dollarda bahalaşma baş vermişdi.
Bir qayda olaraq ABŞ birjaları FED-in qərarları ilə bağlı öncədən məlumatlı olduğundan dəyişikliklərə hazırlaşırlar. Bu dəfə də faizlərin artırılacağı öncədən bəlli olduğundan dollarda tədricən bahalaşma baş vermişdi. Təxminən son 2 həftə ərzində dolların məzənnəsi 3,4 faiz artdı ki, bu da böyük fərqdir.
FED-in qərarından sonra dolların bahalaşmamasının digər mühüm səbəbi Avropa Mərkəzi Bankının və digər aparıcı ölkələrin mərkəzi banklarının da oxşar addımı atacağına dair gözləntilərdir. Açıqlanan məlumatlar göstərir ki, yaxın günlərdə böyük iqtisadiyyata sahib ölkələrin mərkəzi bankları da faizləri yüksəldəcək. Artıq bəzi ölkələr belə bir addımı atıb. Buna görə də FED-in qərarı dolların məzənnəsinə ciddi təsir etməyib.
FED 2022-ci ilin sonuna qədər faizləri bir qədər də artıraraq 3,4 səviyyəsinə çatdıracağı gözlənilir. Faizlərin yüksəlməsi isə dolların hələ bir müddət baha olacağıdan xəbər verir.