Fatma Yıldırım: “Bu rezervlər gələcək nəsillər üçün etibarlı ehtiyat vəsaitləridir”backend

Fatma Yıldırım: “Bu rezervlər gələcək nəsillər üçün etibarlı ehtiyat vəsaitləridir”

“Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq öz doğma yurdlarından didərgin düşmüş bu ailələrin  məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır”.

Bu barədə XALQ.AZ-a deputat Fatma Yıldırım danışıb.

O qeyd edib ki,   2001-ci ildən başlayaraq 2020-ci il martın 31-dək Fond tərəfindən  ümumilikdə 2 milyard 563.6 milyon manat vəsait bu layihələrə xərclənib:

“Həmin vəsaitlər hesabına ötən müddət ərzində bir çox rayonlarımızda qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib. Prezident İlham Əliyevin qayğısı sayəsində 2007-ci ilin dekabrında ölkədə sonuncu çadır düşərgəsi də ləğv olunub və ümumilikdə, son 17 ildə 300 minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib”.

Eyni zamanda, deputat onu da vurğulayıb ki, 2016-cı ildə  aprel döyüşləri nəticəsində düşməndən azad olunmuş Cocuq Mərcanlıda köçkünlər üçün ən müasir qəsəbə salındı və onlar öz doğma torpağına qayıtdılar:
“Bu çox qürurverici bir məqamdır.

Pandemiya dövründə belə “Qobu-Park-3” yaşayış komplekslərinin məcburi köçkünlərimizin istifadəsinə verilməsi hökumətimizin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.

Dünyada qlobal böhranın dərinləşdiyi və pandemiya səbəbindən neftin kəskin şəkildə ucuzlaşmasına baxmayaraq, Fond öz layihələrinin heç birini təxirə salmayıb, 2020-ci ilin birinci rübündə bu sahəyə 60.9 milyon manat vəsait ayırıb.

Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, Neft Fondu qlobal şokların və aşağı neft qiymətlərinin davam etdiyi bir dövrdə dövlət büdcəsinə transfer ilə bağlı öhdəliklərini də tam şəkildə yerinə yetirməkdədir. Bu mövzuda danışarkən onu da qeyd etməyi vacib bilirəm ki,  Dövlət Neft Fondunun 43 milyard dollardan çox məbləğdə ehtiyatları formalaşıb və bu vəsaitlər iqtisadi şoklar zamanı güclü “təhlükəsizlik yastığı” deməkdir, ölkəmizin makroiqtisadi sabitliyinin möhkəmlənməsi, o cümlədən, ölkə iqtisadiyyatının xarici iqtisadi təsirlərə qarşı qorunmasında mühüm rol oynayır. Həmçinin, bu rezervlər gələcək nəsillər üçün etibarlı ehtiyat vəsaitləridir. Bu, bir daha Azərbaycanın güclü iqtisadi və maliyyə qüdrətinin göstəricisidir”.

Hokm.az

  •  (0)
  •  (2)