“Ermənistanın təxribatları davam edəcək…” – Polkovnikdən açıqlamabackend

“Ermənistanın təxribatları davam edəcək…” – Polkovnikdən açıqlama

Bir neçə gündür ki, Ermənistan Azərbaycanla sərhəd bölgələrində təxribatlara əl atır. Son olaraq, ötən gün düşmən tərəfindən Tovuz istiqamətində atəşkəs pozulub.
Maraqlıdır, Ermənistan tərəfinin son günlər davamlı təxribata əl atması nəyə hesablanıb?
Mövzu ətrafında Sfera.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov təxribatların 10 noyabr bəyanatının imzalanmasının ildönümü fonunda baş verməsinin təsadüfi olmadığını bildirib. Ş.Ramaldanov təxribatların müxtəlif istiqamətlərdə davam edəcəyini deyib:
“Ermənistanın daxilində və xaricində sülhün bərqərar olmasını istəməyən qüvvələr var. 10 noyabr bəyanatının ildönümü ilə əlaqədar revanşist qüvvələr sülh müqaviləsinin imzalanması məsələsini gözə alaraq, buna mane olmaq istəyirlər. Beləliklə, həm sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazidə təxribatlar oldu, həm də Kəlbəcər, Tovuz istiqamətində. Azərbaycan və Ermənistan arasında qonşuluq əlaqələri üçün şərait yaranıb, münasibətlər sülhə yönəldikcə, revanşistlər bu cür təxribatlar törədirlər. Bu məqamın arxasında Azərbaycanın Rusiya ilə də əlaqələrinə soyuqluq gətirmək istəyənlər var.
Ermənistan isə beynəlxalq aləmdə Azərbaycanı müharibədən sonra Ermənistan ərazisində soxulan bir ölkə kimi tanıtmaq istəyindədir. Ermənistan indi əlini beynəlxalq aləmə və Rusiyaya uzadaraq maliyyə yığmaqla məşğuldur. Bundan başqa, Ermənistan həm də Azərbaycan ordusunu sınamaq niyyətindədir. Lakin prezident İlham Əliyev dəmir yumruğun hər zaman hazır vəziyyətdə olduğunu bildirib və təxribatlara cavab veririk.  Səngərdə əsgər dayanıbsa, düşməndən hər zaman güllə gözləmək olar. Təxribatlar bütün sərhədboyu istiqamətlərdə ola bilər, bu, gözləniləndir”.
Polkovnikin sözlərinə görə, son təxribatlar sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək:

“Gərginlik müəyyən addımlarının atılmasını zəruri edəcək. Ermənistan cəmiyyəti də sual edəcək ki, biz nə qədər itki verəcəyik? Düşünürəm ki, təxribatlar təkandır ki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sülh müqaviləsi imzalasın. Paşinyan da artıq bu mövqedədir. Digər tərəfdən sülməramlı qüvvələrin yerləşdirildiyi ərazilərdə hələ də silahlı ermənilər var. Onların tərksilah edilməsi üçün indi Azərbaycan daha qətiyyətli mövqe ortaya qoyacaq. Baş verən təxribatların fonunda Azərbaycan bəyannaməyə imza atan tərəflər qarşısında bu təklifləri irəli sürəcək. Revanşist qüvvələr növbəti təxribat zamanı hansı həmlə ilə qarşılacağını artıq bilirlər və bundan nəticə çıxaracaqlar”.

  •  (0)
  •  (0)