Ermənistanın Bərdədə törətdiyi terror aktından 1 il ötürbackend

Ermənistanın Bərdədə törətdiyi terror aktından 1 il ötür

Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Bərdəni növbəti dəfə atəşə tutmasından 1 il ötür.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.

Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

  •  (0)
  •  (0)