“Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. İndi Ermənistandakı vəziyyət göz qabağındadır. Əlbəttə, biz bu xarici amilləri nəzərə almalıyıq”.
Hokm.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.
“Amma, eyni zamanda, bu, bizi dayandıra bilməzdi. Müharibənin ilk günlərindən son gününə qədər mən demişdim ki, heç kim və heç nə bizi dayandıra bilməz. Ancaq Ermənistan rəhbərliyi bizə tarix verməlidir, nə vaxt bizim torpağımızdan rədd olur, onda biz dayanmağa hazırıq və sözümüzə də əməl etdik. Ona görə əgər müstəqil siyasət aparmasaydıq, ola bilər ki, bu xarici amillər, Ermənistanın xarici havadarları, onların bəzilərinin bizə hədə-qorxu gəlməsi bizi bu işdən çəkindirə bilərdi. Ancaq çəkindirmədi. Çünki güclü iradə göstərdik, xalqımız birləşdi və bunun da təməlində, əlbəttə ki, həmrəylik, milli qürur, ləyaqət və güc dayanır”, – dövlət başçısı bildirib.