Ermənilərin Qarabağdan böyük köçü başladı: 6100 avtomobil və 6660 erməni bu əraziləri tərk etdibackend

Ermənilərin Qarabağdan böyük köçü başladı: 6100 avtomobil və 6660 erməni bu əraziləri tərk etdi

Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra rəsmi Bakı “Qarabağ məsələsinin” birdəfəlik tarixdə qaldığını bildirdi və yeni geosiyasi reallıq yaratdı. Və hərçənd rəsmi Yerevan yekun sülh müqaviləsinin imzalanmasını hər cür əngəlləməyə və ləngitməyə çalışsa da , erməni siyasətçiləri Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə qalan yaşayış məntəqələrinin xüsusi statusu mövzusunu fırlatsa da, rəsmi Bakı vaxtilə Azərbaycan ərazilərində yaradılmış süni qurumun-keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərara yenidən baxmayacaq.

Ermənilər Qarabağı yeganə yolla-laçın dəhlizi ilə tərk edib gedir…

Bunu prezident İlham Əliyev özünün son müsahibələrindən birində bir daha təsdiq etdi. “Məntiq haradadır ki, 25 min adam üçün status yaradılsın?”,-prezident iyulun 22-də  AzTV-yə müsahibəsində bildirdi.

Bu rəqəm isə havadan götürülməyib. Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Azərbaycan Laçın dəhlizinin gündəlik monitorinqini aparır və Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə avtomobillərin hərəkəti haqda tam informasiyaya malikdir.

“Orada yaşayanların real sayı 25 min nəfərdir. Başqa rəqəmlər də səsləndirilib, müharibədən sonra 50 mindən çox adamın geri qayıtdığı deyilib. Mümkündür, amma o demək deyil ki, geri qayıdanların hamısı orada qalıblar. Qayıdıblar, sonra gediblər. İkincisi, bizim müxtəlif vasitələrimiz var, peykimiz var. Oradakı maşınların sayını bilirik, insanların hərəkətini görürük. Bizdə nə baş verdiyi barədə müxtəlif mənbələrdən toplanmış kifayət qədər məlumatlar var. Biz müharibədən əvvəl də bilirdik ki, orada nə baş verir”,-Əliyev qeyd edib.

İlham Əliyev bildirib ki, hökumət Qarabağı tərk edənlərin sayı barədə dəqiq məlumatlara malikdir

İndi redaksiyamız Laçın dəhlizi ilə avtomobillərin hərəkətinə dair ətraflı statistikanı əldə edib. Beləliklə, son bir ayda dəhlizlə Ermənistandan gələn 15 min avtomobil daxil olub, 21100 avtomobil çıxıb.  Fərq isə böyükdür-6100 avtomobil. Statistika əhalinin hərəkəti məsələsinə də aydınlıq gətirir: göstərilən müddət ərzində Rusiya sülhməramlılarının nəzarətindəki zonaya 15 700 nəfər daxil olub, 22 360 nəfər çıxıb.

Yəni Qarabağdakı ermənilərin sayı sürətlə azalır və əhalinin bu hiss olunacaq axınının səbəbi sabaha inamsızlıq və qeyri-müəyyənlikdir.

Bunu “Komsomolskaya Pravda” qəzetinin müxbiri Darya Aslamovaya separatçıların nümayəndəsi, özünü oyuncaq qurumda “xarici işlər naziri” adlandıran David Babayan da etiraf edir. Darya Aslamova bu günlərdə dərc edilmiş səs-küylü reportajında ermənilərin Qarabağdan köçünə xüsusi diqqət ayırır.

Hər tərəfdə Azərbaycan qoşunlarıdır. Xankəndi sakinləri sabaha ümidlərini itiriblər…

“Bu doğrudur. Əhalinin köçü başlayıb. İnsanlar sadəcə olaraq yaşamaq istəyirlər. Hər kəs özünü missioner və ya apostol hesab etmir. Ermənilər çıxıb gedəcəklər, cəbhə boşalacaq. Bizim üçün başa düşmək vacibdir ki, ruslar bura həmişəlik gəliblər”,-Babayan etiraf edir.

Qarabağda qalan ermənilər ümidlərini Rusiya sülhməramlılarına bağlayıblar, amma bununla belə başa düşürlər ki, onlar regiona həmişəlik gəlməyiblər.

Belə ki, “Artsax TV” kanalının aparıcısı Tsovinar Barxudaryan “Eurasianet” portalına müsahibəsində deyir ki, Qarabağ ermənilərinin çoxu çamadan əhval-ruhiyyəsindədir.

“Gələcək aydın deyil. İnsanlar düşünürlər ki, qalsınlar, yoxsa getsinlər. Biz hətta bilmirik ki, bir həftə sonra nələr olacaq, nəinki dörd il sonra”,-o deyir.

Yerevan rəsmiləri gizlətmirdilər ki, müharibə zamanı Qarabağdan ermənilərin yarıdan çoxu Ermənistana qaçıblar. O vaxtdan bəri bir qismi qayıdıb: əmək və sosial məsələlər naziri Mmesrop Arakelyan yanvar ayında geri qayıdanların sayı barədə fantastik rəqəm açıqlamışdı, 95 min nəfərin geri qayıtdığını demişdi.  Sakinlərin geri qaytarılması ilə məşğul olan Rusiya sülhməramlılarının məlumatlarına görə isə, geri qayıdanların sayı 52 min nəfər idi.

Lakin bir çox yerli sakinlərdə bu nisbi sevindirici xəbərlər şübhə yaradır. “Rəqəmlər şişirdilib”,-beynəlxalq hüquqdan dərs deyən və müharibəyə görə evlərini tərk edənlərə kömək edən təşkilatın əməkdaşı, 26 yaşlı Yana Avanesyan deyir.

Prezident İlham Əliyev də 50 min nəfərin qayıtdığı haqda rəqəmləri şərh edib: “Qayıdanlar o demək deyil ki, orada qalıblar”.

Ağdərədə yaşayan 60 yaşlı Liliya Matevosyan gizlətmir ki, yerli ermənilərin bütün ümidləri Rusiya sülhməramlıları ilə bağlıdır: “Əgər ruslar burada olmasaydı insanların çoxu artıq getmişdi”.

“Biz axşam yatırıq, bilmirik ki, sabah nə olacaq. Hara gedək? Getməyə yer yoxdur”,-Xankəndi bazarında quru meyvə və bal satan İrina Parsadanova adlı yaşlı qadın deyir.

Yana Avanesyanla birlikdə işləyən gənclərin çoxu bilmir ki, nə etsin-qalsın, yoxsa getsin.

“Və səndə xüsusi mənəvi haqq yoxdur ki, onlardan qalmağı xahiş edəsən. Situasiya indi xaotikdir, insanlar gündəlik qayğıları ilə məşğuldur və biz baş verənlərin tam miqyasını hələ dərk etmirik”,-könüllü bildirir.

Qız həmçinin Ermənistan hökumətinin insanların Qarabağa qayıtmasını stimullaşdıran səylərinə, o cümlədən kirayə haqqının və kommunal xidmətlərin subsidiyalaşdırılmasına, itirilmiş evlərə görə kompensasiyanın ödənilməsinə də tənqidi yanaşır. Deyir ki, bu insanları güzəştlərlə ələ almağa bərabərdir, hansı ki, bunun əvəzində müharibənin nəticələrinin aradan qaldırılması üçün uzunmüddətli strategiya işləyib hazırlanmalı idi.

Başqa sözlə, gözlərimiz önündə tarixi hadisə-ermənilərin Qarabağdan köçü baş verir. Onların hər biri qəlbində dərk edir ki, bura onların evi deyil. Bu torpaqların əsl sahibləri var və onlar həmişəlik qayıdıblar. Nə Ermənistan hökumətinin Qarabağ ermənilərini ələ almaq cəhdləri, nə Rusiya sülhməramlılarının mandatı situasiyanı dəyişmək gücündə deyil. Bu haqda Qarabağda qalan ermənilərin də özləri artıq açıq danışırlar… virtualaz.org

  •  (2)
  •  (1)