Ermənilər Rusiyaya “yardım” göndərir, sülhməramlılar paylaşır: Bəs dünya qulaqburması vermək üçün nə gözləyir?backend

Ermənilər Rusiyaya “yardım” göndərir, sülhməramlılar paylaşır: Bəs dünya qulaqburması vermək üçün nə gözləyir?

Ermənistan dövləti Ukraynada davam edən müharibədə bütün dünyanın əksinə olaraq aşkar şəkildə Rusiyaya dəstəyini davam etdirir.

Bu çərçivədə ötən gün 16 tonluq “humanitar yardım” Rostov-Don istiqamətində yola salınıb.

Müvafiq informasiyanı, görünür, öz fəaliyyətləri ilə bağlı son dövrlərdə paylaşım ediləcək hər-hansı bir diqqətəlayiq məqam tapa bilməyən Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin “Telegram” hesabı da bəh-bəhlə paylaşıb.

Sözügedən sosial şəbəkə hesabında iyun ayının ilk günündə Qarabağdakı erməni uşaqlara paylanılan hədiyyələrdən savayı yeganə paylaşım ermənilərin “Ukrayna ərazisindəki xüsusi hərbi əməliyyatda iştirak edən qüvvələrə” göndərdikləri “yardım”la bağlı olub.

Bu, məsələnin olduqca maraq doğuran bir tərəfidir. Sülhməramlı missiya icra edən kontingentin nəyə görə bu cür paylaşım etməsi, təbii ki, birmənalı qarşılana bilməz. Çünki sülhməramlı missiya icra edən kontingentin kiminsə yardımına sevinməsi, ümumiyyətlə, bununla bağlı paylaşım etməsi onların tərəfsiz mövqeyini sual altında qoya bilər. Tərəfsizliyinə xələl gətirən addım isə ən azı həmin kontingentin özü üçün rüsvayçılıq hesab edilməlidir.

Keçək Ermənistan dövlətinin beynəlxalq ictimaiyyətin rəyini heçə sayaraq, özünün riyakar siyasi kursuna davam etməsinə…

Ermənistan ilk dəfə deyil ki, Rusiyaya bu cür “humanitar” yardımlar göndərir. Hətta İrəvan bu yardımlarından birində o qədər humanist davranıb ki, Rusiyadan aldığı “Su-30”ları belə, yenidən Ukraynadakı döyüşlərdə iştirak üçün, özü də yerli pilotlarla birlikdə, göndərmişdi. Həmin təyyarələrin hansı döyüşlərə cəlb olunduğu, onların sükanı arxasında əyləşən pilotların hansı tapşırıqları icra etdikləri və cinayətlərə qarışdıqları böyük bir müəmma təşkil etməyə davam edir.

Hər halda təkcə elə bu faktla bütün dünya artıq Ermənistanın “humanitar yardım” potensialının nədən ibarət olduğunu az-çox təxmin edə bilir.

Ancaq Ermənistan öz “yardım” kampaniyasını açıq şəkildə davam etdirə bilirsə, demək, bunda beynəlxalq ictimaiyyətin də öz payı var. Çünki Ermənistan kimi asılı dövlətlər hər zaman cəzasızlıq mühitindən istifadə edərək, öz mənafeyini güdməyə davam edir. Burada əsas problem nəyə görə bu məsələdə Ermənistana göz yumulmasıdır. Təbii ki, ortada hər-hansı bir təzyiq və ya cəza mexanizmi yoxdursa, İrəvan əlinə düşmüş Rusiyaya yaltaqlanmaq imkanından maksimum istifadə edəcək. Bu, dövlət kimi Ermənistanın son 30 ildə yürütdüyü siyasətin mahiyyəti, təməlindədir.

Burada nəzərə alınmalı daha bir məqam Ermənistanın vassal dövlət kimliyidir. Yəni Ermənistan tamamilə asılı dövlət olaraq müstəqil siyasət yürütmək iqtidarında deyil. Ermənistan dövləti zaman-zaman mənzərəni gizlətmək üçün gedişlər etsə də, yekunda öz kimliyindən kənara çıxa bilmir.

Riyakar siyasi xətt, öz mənafeyi naminə istənilən həqiqətə qarşı çıxmaq, bəşəri dəyərləri təkzib etmək Ermənistan üçün artıq adi bir anlayışa çevrilib. Lakin İrəvanın bu cür davranışında da günahkar məhz dünya ictimaiyyətinin ikili standartları və Ermənistanla bağlı məsələlərin görməzdən gəlinməsidir.

Faktiki olaraq Ermənistan dövləti bütün dünyanın mövqeyinə zidd davranaraq Rusiyaya yardım göndərməyə davam edir. Təbii ki, bu kampaniya “humanitar yardım” adı altında aparılmalıdır. Ancaq dünya həm də sözügedən yardımın içində “Su-30”ların olduğunu da xatırlamalıdır.

Ermənistan bu dəfə dünyanın həmfikir olduğu mövqeyə göndərdiyi qədər – 16 tonluq – zərbə endirib. Gələcəkdə bu rəqəm daha böyük, zərbə daha ağır ola bilər. Əsas məsələ Ermənistana olan cavabın miqyasından asılı olmalıdır. Hər halda Ermənistan kimi aciz durumda olan, tam asılı bir ölkəyə dərs vermək olduqca asandır, ona görə də İrəvana qulaqburması vermək üçün çox düşünməyə gərək belə yoxdur.oxu.az

  •  (0)
  •  (0)