Erməni gülləsinə tuş gələn Anar Rəhimli danışdı – FOTObackend

Erməni gülləsinə tuş gələn Anar Rəhimli danışdı – FOTO

Dünən saat 14-00 radələrində Ağdam rayonunda erməni silahlı qüvvələrinin atəşinə məruz qalaraq yaralanan “Smart Com” MMC şirkətinin əməkdaşı Anar Rəhimli yaşananlar barədə danışıb.

BAKU.WS-in  verdiyi məlumata görə, Anar Rəhimli Xaçın su anbarı istiqamətində güllə yarası alıb.

“Xaçın su anbarı istiqamətindən qayıdırdıq və Talış yüksəkliyinə gedəcəkdik. Qarşımıza bir post çıxdı. İş yoldaşım avtomobildən düşdü ki, yolu açsınlar. Biz düşündük ki, bu, bizim postdur. Amma iş yoldaşım qaçaraq avtomobilə əyləşdi və dedi ki, təcili sür arxaya, bura erməni postudur. Avtomobili geriyə çevirən zaman düşmən atmağa başladı.

Biz mülki geyimdə və avtomobildə idik. Güllənin biri qoluma dəydi, sümüyüm sındı. Avtomobili idarə edə bilmədim və maşın dirəyə çırpıldı və oradan dərəyə düşdü və aşdı. Avtomobildən süründük və çıxdıq.

Mən orada qaldım və iş yoldaşım telefonun şəbəkəsi tutan əraziyə qaçdı və kömək çağırdı. Təcili yardım gəldi və bizi ilk olaraq hərbi hospitala, oradan isə Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə gətirildik”, – deyə Anar Rəhimli bildirib.

Məlumat üçün qeyd edək ki, hazırda onun müalicəsi davam edir, yaralı şəxs əməliyyat ediləcək.

 

  •  (0)
  •  (1)