“Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin 1 illik hesabatı – VİDEO/FOTOLARbackend

“Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin 1 illik hesabatı – VİDEO/FOTOLAR

Ərkivan Xeyriyyə Cəmiyyəti yarandığı bir il ərzində həyata keçirdiyi xeyriyyə aksiyalarının HESABATını verir.

“Ərkivan Xeyriyyə Cəmiyyəti” hansı zəruriyyətdən yarandı?

Bir ildən artıqdır ki, bütün dünya o cümlədən Azərbaycan xalqı koronavirus epidemiyasından əziyyət çəkir. Pandemiyanın ilk vaxtları digər regionlar kimi sakini olduğum Ərkivan qəsəbəsində də ərzaq çətinliyi yaşayan xeyli ailələr var idi. Dövlətlə yanaşı rayonumuzun, qəsəbəmizin iş adamları, qeyri-hökumət təşkilatları və ictimai fəallar əllərindən gələn yardımı edirdilər. Lakin göstərilən xeyriyyə işlərinin əksəriyyəti parakəndə şəkildə aparılır. Bəzən eyni vaxtda bir aztəminatlı ailəyə beş imkanlı şəxs yardım göstərir, başqa bir aztəminatlı ailədən isə heç kimin xəbəri olmurdu.

71 saylı Masallı kənd seçki darisənidən millət vəkili seçilən Anar İsgəndərov koronavirus epidemiyasının yaratdığı çətinliklərlə əlaqədar olaraq Masallı sakinlərinə “Hər ərazi üzrə fəallardan ibarət xeyriyyə icmaları yaradılmalıdır” məzmunlu müraciət etdi. Bu müraciətdən sonra Ərkivan qəsəbəsinin bir qrup fəal sakini ilə xeyriyyə icması yaratmaq fikirinə gəldik.
5 nəfərlik idarə heyəti 8 aprel 2020-ci il tarixində ilk iclasını keçirərək icmaya “Ərkivan Xeyriyyə Cəmiyyəti” adını verdik. İdarə heyətinin üzvləri yekdilliklə məni Xeyriyyə Cəmiyyətinə sədr seçdilər.

Xeyriyyə Cəmiyyətlərinin, İctimai Birliklərin çox olduğu bir vaxtda bizim keçirdiyimiz aksiyaların digər aksiyalardan fərqi nədən ibarət olacaqdı!?

1. Biz heç bir maddi maraq güdmədən öz könüllülərimizlə birlikdə komanda şəklində çalışmağı,
2. Cəmiyyətimizin keçirdiyi hər aksiyada daxil olan ianələr, edilən xərclər idarə heyəti tərəfindən HESABATı aparılaraq feyzbuk səhifəmizdə yayımlamağı,
3. Keçirilən aksiyalarda məhəllə fərqi qoymadan qəsəbədə yaşayan bütün aztəminatlı ailələrə ərzaq payı verməyi,
4. Yardım edilən ailələri utandırmamaq üçün onların FOTO və VİDEO görüntülərini paylaşmamağı,
5. Fəaliyyətimiz yalnız ərzaq paylamaqdan ibarət olmamalı, yaxın gələcəkdə Mədəniyyət, İdman, Təhsil və s. istiqamətlərdə də fəaliyyət göstərməyi qaşımıza şərt qoyduq.

Və biz aksiyalarımıza start verdik

12 aprel 2020-ci il. Cəmiyyətimiz “Biz birlikdə güclüyük” devizi altında ilk xeyriyyə aksiyasını keçirdi. Aksiyası zamanı Ərkivan qəsəbəsinin bütün məhəllələrini əhatə etməklə qəsəbədə yaşayan 50 aztəminatlı ailəyə ərzaq yardımı göstərdik.

19 aprel 2020-ci il. Sayca 2-ci “Xoş gəldin Ramazan!” adlı xeyriyyə aksiyası keçirdik. Müqəddəs Ramazan ayının gəlişi münasibətilə qəsəbədə 60 aztəminatlı ailəyə ərzaq yardımı etdik.

22 aprel 2020-ci il. İcmamız qəsəbədə sosial problemlərin həllində hər zaman birlik göstərən, Cəfər Cabbarlı adına Ərkivan qəsəbə orta məktəbin (“Ağ məktəb”) 1978-ci il məzunlarının maddi dəstəyi ilə “Xoş gəldin Ramazan!” adlı aksiyanın davamı kimi növbəti aksiyanı keçirdi. 1978-ci il məzunlarının təqdim etdikləri hazır ərzaq bağlamaları könüllülər tərəfindən qəsəbədə yaşayan 30 aztəminatlı ailəyə evlərində çatdırıldı.

23 aprel 2020-ci il. Qasımovlar ailəsinin Sankt-Peterburqda yaşayan üzvləri –
Məşkur və Qasıməli qardaşlarının nəcib, xeyirxah əməllərindən çoxlarının xəbər var. Ailənin Ərkivanda yaşayan digər üzvləri Sucayət və Salam Qasımovlar da hər zaman xeyirxah əməllərilə çoxlarına nümunə olub. Həmin gün 150 ədəd ərzaq bağlamasını şəhid, məcburi köçkün və aztəminatlı ailələrə “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin könüllüləri tərəfindən paylanması üçün Qasımovlar ailəsi vermişdi. Qeyd etmək yerinə düşər ki, Ərkivanın ilk xeyriyyə cəmiyyətini də Qasımovlar yaradıb.

***
Varlı tanıyıram vicdanı miskin,
Qıymaz bircə quruş var-dövlətindən,
Bir acı doydurmaq, nadan nə bilsin
Savabdır yüz Kəbə ziyarətindən.

Bəxtiyar Vahabzadə
Həqiqətən də bir acı doydurmaq, bir aztəminatlı ailəyə dəstək olmağın savabdı heç nə ilə ölçüyə gəlməz.
Xeyriyyə işləri görmək hər dövrdə bəyənilən işlərdən olub. Azərbaycan tarixində kişilərlə yanaşı Xurşidbanu Natavan, Həmidə Məmmədquluzadə kimi marifçi, xeyriyyəçi xanımlar bu missiyanın öhtəsindən layiqincə gəliblər.
Dövrümüzdə də belə nəcib xanımlar az deyil. Xeyriyyəçi xanımlar arasında ön cərgələrdə olanlardan biri də Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu xanım Bağırovadır. Onun təşkil etdiyi marifləndirici tədbirlər, xeyriyyə aksiyaları çoxlarımıza tanışdır.
Arzu xanım ofisimizə qonaq gələrək bizə öz xeyir-duasını, xoşməramlı işimizin gələcək fəaliyyəti üçün tövsiyələrini verdi. Növbəti aksiyalarımız da istifadə etmək üçün “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nə 500 azn ianə etdi.

1 may 2020-ci il. Artıq bir neçə gün idi ki, müqəddəs Ramazan ayı başlamışdı. Lakin koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün ölkədə məscidlər qapadıldı. Bu baxımdan inanclı insanlar öz ibadətlərini evlərində etməyə başladı. “Ərkivan Xeyriyyə Cəmiyyəti” Masallı rayonu Ərkivan qəsəbəsində “Ramazanda Evdə qal!” adlı xeyriyyə aksiyası keçirdi. Aksiya zamanı qəsəbədə yaşayan 40 aztəminatlı, yaşlı və tənha insanlara, işsiz, imkansız ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar verilib.

23 may 2020-ci il. Həmin gün Ramazan bayramı münasibəti ilə “Əl tutmaq Əlidən qalıb” adlı xeyriyyə aksiyamız baş tutdu. “Göllü Mərasim Evi”-ndə keçirilən aksiya zamanı hər yaşa uyğun yeni və az işlənmiş 400 ədəddən çox kişi, qadın, uşaq paltarları və ayaqqabıları aztəminatlı ailələrə paylanıldı. Aksiyada iştirak edən 38 aztəminatlı ailəyə müxtəlif növ ərzaq yardları da verildi.

İyun 2020-ci il. “Ərkivan Xeyriyyə Cəmiyyəti”nin ən böyük xeyriyyə atdımlərindan biri də Ərkivan qəsəbəsinin mərkəzində “Kükürdlü Bulaq”-ın təmiri oldu.
Bu artezan quyu – bulaq 1978-ci ildə əhalinin suya olan təlabatını ödəmək məqsədilə qazılıb. Su təxminən 75 metr dərinlikdən çıxır və yay aylarında su axınında olan azalmaları nəzərə almasaq, fasiləsiz axır. Sudan kükürd qoxusu gəldiyi üçün el arasında artezan quyuya “Kükürdlü bulaq” deyilir. Su müalicəvi əhəmiyyətli olub, mədə-bağırsaq sisteminə xeyri çoxdur. “Kükürdlü bulaq”-ın suyundan ətirli, dadlı çay dəmlənilir. Bulağın suyundan təkcə qəsəbə sakinləri deyil, eləcə də qonşu kənd sakinləri istifadə etmək üçün aparırlar.
“Kükürdlü bulaq” uzun illər idi ki, baxımsız vəziyyətdə qalmışdı. Suyun axdığı dərəni kol-kos basmış, ətraf zibilliyə çevrilmişdi.
“Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşkilatçılığı qəsəbə sakinlərinin dəstəyi ilə bulağın ətrafında uzun illərdən baxımsız qalan 400 m² ərazini zibillərdən, kollardan təmizləyərək abadlaşdı. Həmin sahəyə ağac və gül dibçəkləri əkdik. Bulaq suyunun axdığı dərəni 50 metr boyunca qazaraq dərinləşdirdik. Əsas yoldan bulağa qədər olan məsafəyə işıq xətti çəkərək, ərazini işıqlandırdıq, 50 m² hasara suvaq vurularaq, fasad emusiyası ilə rənglədik. Bulağa qədər olan 25 metr eniş yola mişar daşları ilə pilləkən hördürüb, üstünə tamet daşları düzdürdük. Həmin yol məhəllə arası yol kimi də istifadə edilir.

Hazırda bulaq öz təmizliyi, gözəlliyi ilə göz oxşayır.

30 iyul 2020-ci il. “Ərkivan Xeyriyyə Cəmiyyəti” müqəddəs Qurban Bayramı münasibəti ilə bir neçə aksiya keçirdi. Aksiyalar zamanı 73 aztəminatlı ailəyə qurban payı verildi.

18 avqust 2020-ci il. İslam dinində vacib əməl sayılan sünnət, keçmiş zamanlardan xalqımızın bir ənənəsinə çevrilib. Eyni zamanda çox həyəcanlı, ailəni çox təşviş içərisinə salan bir hadisədir. Amma bu hadisəni bir az bayram havasında, uşaqları da sakitləşdirərək həll etmək üçün belə bir toplu sünnət kampaniyası həyata keçirdik. “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşkilati, “Grand Playstation Fastfood Cafe”, “Cənub market” və xeyriyyəçi Orxan Rzayevin maliyyə dəstəyi ilə keçirilən aksiyada 8 aztəminatlı ailənin uşaqları sünnət edildi.

30 dekabr 2020. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Ərkivan Xeyriyyə Cəmiyyəti” tərəfindən “Biz bir ailəyik” devizi altında şəhid ailələri ziyarət etdik. Qəsəbə sakinləri – Qismət Mirzəyev, Rəşad Mirzəyev, Elşən Həsənov və Vüsal Məmmədovun dəstəyi ilə həmin gün 4 şəhid ailəsini ziyarət etdik.

8 fevral 2020-ci il. “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşəbbüsü ilə qəsəbənin Abaslı məhəlləsində abadlıq işləri aparıldı. Belə ki, qəsəbə sakinlərinin maddi köməkliyi ilə 50 metr məhəllə arası yola çınqıl-daş tökülərək hamarlanıb, yol kənarları zibil və kollardan təmizləndi.

14 fevral 2021-ci il. “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin təşəbbüsü, “Ərkivan Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə Masallı rayonu Ərkivan qəsəbəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər unudulmur” adlı ağacəkmə aksiyası keçirdik. Aksiya çərçivəsində Ərkivan şəhidlərinin xatirəsinə qəsəbənin Bağlaküçə məhəlləsində ucaldılan “Şəhidlər” abidə kompleksinin həyətində 30 ədəd şam ağac əkdik, ətrafı abadlaşdırdıq.

6 mart 2021-ci il. 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Masallı rayonunda “Zəhmətkeş qadınlar unudulmur” adlı aksiya keçdik. Aksiyada “Ərkivan” Xeyriyyə Cəmiyyətinin könüllüləri rayonun Ərkivan qəsəbəsində küçələrin təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını təbrik edib, onlara bayram hədiyyələri təqdim etdilər.

13 mart 2021-ci il. Hər zaman öz xeyirxah əməlləri yadda qalan, Cəmiyyətimizin keçirdiyi aksiyalara dəstək olan “Grand Playstation Fastfood Café” növbəti nəcib əmələ imza atıb. GRAND kafe Cəmiyyətimizə ianə etdiyi 17 cüt yeni uşaq və böyük ayaqqabısı könüllülərimiz tərəfindən qəsəbədə yaşayan aztəminatlı ailələrə hədiyyə edildi. Qeyd edim ki, GRAND kafe digər aksiyalarda da Cəmiyyətimizə 10 cüt ayaqqabı ianə etmişdi.

18 mart 2021-ci il. Novruz Bayramı münasibəti ilə “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşkilatçılığı, Ərkivan Qəsəbə Ərazi Nümayəndəliyinin və Ərkivan Qəsəbə Bələdiyyəsinin dəstəyi ilə qəsəbədə 21 şəhid və 9 qazi ailəsi ziyarət etdik. “TAPAT”, “Qala-95” firmalarının, Sahibkarlar – Sucayət Qasımov, Abdulla Abdullayev, Firdovsi Nəsirov, Qismət Mirzəyev, və Elşən Həsənovun bayram sovqatlarını şəhid və qazi ailələrinə təqdim etdik.

Qısaca hesabatını verdiyim aksiyalar “Ərkivan Xeyriyyə Cəmiyyətinin” yarandığı bir il ərzində gördüyü işlərdir. Bu aksiyaların baş tutmasında hər bir xeyirxah ərkivanlının zəhməti olub. Hər birinizə təşəkkürümü bildirirəm.

Cəfər Cəfərov
“Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin sədri.

  •  (0)
  •  (0)