Ərəblər yenidən Azərbaycana quş ovuna gəlirlər? – Məmur özbaşınalığı…backend

Ərəblər yenidən Azərbaycana quş ovuna gəlirlər? – Məmur özbaşınalığı…

Azərbaycan xalqı təbiətə, heyvanat aləminə qarşı olduqca həssasdır. Hələ 1988-ci ildə Şuşa yaxınlığında yerləşən Topxana meşəsinin ermənilər tərəfindən qırılması Azərbaycan xalqının ayağa qalxması üçün barıt çəlləyinə atılan qığılcım effekti vermişdi. Ermənilərin törətdiyi ekoterror entik iğtişaşların da əsas təkanverici qüvvəsinə çevrildi. Qısa müddət sonra xalqımızın rus-sovet imperializminə və erməni vandalizminə qarşı yönələn şüarlarında “Topxana harayı” xüsusi yer tuturdu. İşğal dönəmində – düz 28 il ərzində ermənilər Toxana meşəsini, heyvanat aləmini, bitki örtüyünü tamamilə məhv elədi. Sözümü nəyə gətirirəm…

Cəmi 6 ay öncə – 2021-ci ilin mart ayında ərəb turistlərin Qax Dövlət Təbiət Qoruğunda ov etməsi, nadir quşları ovlaması və Acınohur çölündə göyərçinləri dronlara bağlayaraq ov şahinlərinə yem etməsi Azərbaycan xalqının heysiyyatına toxunmuşdu. Sosial şəbəkələr ərəblərə qarşı etirazlarla silkələnirdi, Bakının istənilən küçəsində, istənilən kafe-restoranda ərəb turistlərin “sərgüzəşt”lərindən danışılırdı. Düşündürücdür, sosial şəbəkələr olmasaydı, xalq öz içindəki aqressiyanı necə çıxaracaqdı? Axı ərəblərin istirahət “ştrix”ləri təkcə nadir quşların ovlanması ilə məhdudlaşmırdı, otellərimizin, təmiz parklarımızın, ailəvi restoranlarımızın və mənəvi-əxlaqi dəyərlərimizin üzərindən sanki böyük bir orta əsr ərəb karvanı keçmişdi. Bəhrəyn, Küveyt, Qatar, İraq, Oman, BƏƏ, Səudiyyə Ərəbistanından ölkəmizə təşrif buyuran ərəblərin davranışları Azərbaycan xalqının əsəblərini tarıma çəkmişdi. Detallara varmırıq, ancaq soruşmaq lazımdır, əcəba ərəblərin ölkəmizdəki əcaib istirahət ssenariləri davam etsəydi, nə baş verəcəkdi?!

İndi də məlumatlar dolaşır ki, ərəblər yenidən Azərbaycana gəlmək üçün hazırlıqlara başlayıblar. Bu dəfə də quş ovlamağa gəlirlər, bəlkə də əvvəlki kimi nadir quşları ovlamağa və ekofəlakət törətməyə…

Təbii ki, biz ölkəmizə turist axınının tərəfdarıyıq, amma bu proses şəffaf şəkildə aparılmalıdır, Azərbaycan qanunlarını tapdalanamadan… Bu səfərlərdən hansısa məmurlar yox, dövət xeyir götürməlidir.

 

VACİB: Redaksiyamızın əldə etdiyi məlumata görə, ərəb turistlərin səfərlərinin əsas təşkilatçısı Prezident Administrasiyasının Protokol xidmətinin sektor müdiri Arif Səmədovdur.

Amma bu məsələdə onu da himayə edən başqa bir məmur var… A.Səmədov Bəhreyn və Qətərin zəngin ərəblərindən külli miqdarda qazanc əldə etmək üçün bu prosesin əsas təşkilatçılarından birinə çevrilib.

 

Xatırlatma: 2021-ci il 26 mart tarixində Azsiyaset.com saytında “Ərəb turistləri Azərbaycana kim gətirib?” sərlövhəli geniş məqalədə haqlı suallar qoymuşduq: İcazəli ov mart ayının 1-dən dayandırıldığı halda, ərəb turistləri ov məqsədilə Azərbaycana kimlər gətirib, bu işdə hansı məmurların əli var? Redaksiyamıza daxil olan məlumatlar əsasında bu işin əsas təşkilatçılarından olan məmurların adlarını da çəkmişdik. Ərəblərin bu səfərlərinin Prezident Administrasiyasının Protokol Xidmətinin əməkdaşı Orxan Məmmədov və Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr idarəsinin əməkdaşı Səid Məhərrəmov tərəfindən təşkil olunduğunu yazmışdıq.

Məsələ bundadır ki, adıçəkilən məmurlar bu məsələdə xırda, çox kiçik detallardır, balaca maşalardır, sadəcə balığı bunların əli ilə tuturlar. Heç şübhəsiz, ərəb turistlərin səfərlərinin təşkilində əsas məqsəd yüksək gəlir, pul vəsaiti əldə etməkdir. Bəs milli maraqlar, mənəvi-tarixi dəyərlərimiz? Hələ tutduqları vəzifədən sui istifadə hallarının nə dərəcədə böyük bir mənəvi-hüquqi məsuliyyət yaratdığını demirİk. Fakt dəyişmir: qorunan heyvan növlərinin ovlanması birmənalı şəkildə ağır cinayətdir.

 

Qısa HAŞİYƏ: Redaksiyamız bu məsələni aylardır daim nəzarətdə saxlayır. Şəxsi maraqlarını milli maraqlardan üstün tutan məmurların bu istiqamətdəki addımları, onların ərəb turistlərlə çoxşaxəli əlaqələri barədə bizdə kifayət qədər məlumatlar var. Ümumiyyətlə, ərəb turistlərin Azərbaycana gəlişi ilə bağlı detallı bilgilərə sahibik. Əgər onlar yenidən ölkəmizə gəlib burada heysiyyatımızı tapdalayacaqsa, o zaman biz də əldə etdiyimiz bütün rezonans doğura biləcək məlumatları ictimailəşdirəcəyik. Qısası, bu məmurlara “STOP!”, “DUR!” deyilməlidir.

Bəs proses necə həyata keçirilib, ərəblər ölkəmizə hansı planla gətirilib? O.Məmmədov və S.Məhərrəmovun sadəcə maşa olduğunu bildirdik, halbuki bunları sorğu-suala çəkən də yoxdur. Bu adamları himayə edənlər də yüksək vəzifələrdə əyləşiblər. Amma bu himayəçilərin oturduqları kreslo da sabit və dözümlü deyil. Odur ki, kreslosu sabit olmayan məmur (kimlikləri bizə bəllidir – red.) özünü gələcək risk və təhlükələrdən qorumaq üçün öz işçilərinə tapşırıq verib ki, ərəb turistlərin ölkəmizdə ürəkləri istədikləri kimi ov etməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə təmas qurub onları razı salsınlar. Nəticədə ETSN hədəfə çevrilir, külli miqdarda qazanc əldə edənlərin isə adı çəkilmir, insanlar da sosial şəbəkələrdə nazirliyi əsas qınaq obyektinə çevirirlər. Araşdırmalar göstərir ki, ETSN yüksək dairələrdən gələn tapşırıqları (qanunsuzluqları) icra etməmək üçün çox çaba göstərib. Ancaq nəticə dəyişməyib. Açığı desək, ərəb turistlərin qanunsuz hərəkətlərinə görə ETSN imici zərbə altına düşdü və ərəblərin mart sərgüzəştlərindən sonra təbiətin qorunmasına cavabdeh olan bu quruma olan inamın səviyyəsi də azaldı. Deməli, elə məsələlər var ki, onların iradəsindən kənardadır.

Əslində isə ov turizmi tamamilə ETSN-nin səlahiyyətinə verilməlidir. Və bu səlahiyyət o səviyyədə olmalıdır ki, kənar qüvələr təsir edə bilməsinlər.

Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər bir məmur Azərbaycanın mövcud mövqeyini, baş verən hadisələri təhlil etməlidir. Prezident İlham Əliyev bütün gücünü ölkə iqtisadiyyatının inkişafına, Qarabaın bərpasına, ölkəmizə qarşı yönələn təhdidlərin zərərsizləşdirilməsinə, Zəngəzur dəhlizi kimi nəhəng bir layinənin icrasına yönəlib. Ancaq bəzi məmurlar fürsətdən istifadə edirlər. Dövlət başçısı ağır proseslərin önündə gedərkən, bu məmurlar ərəb turistlərin ciblərinə girib ölkənin ekologiyasına terrora məruz qoyurlar. İndi Prezident müdaxilə etməsə, bu ekoterrorun qarşısı alınmayacaq? Prezident barmaq silkələməsə, ərəb turistlərin qanunsuz səfərlərinə və ovlanması qadağan olunan quşların öldürülməsinə “DUR!” deyən tapılmayacaq? Niyə bu ölkədə görülən qanunsuz işlərin ağır fəsadlarını sonda Prezidentin hesabına yazdırmağa çalışırlar?

 

Bir mühüm amilə diqqət edək. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva ekologiyanın və heyvanların qorunması üçün Azərbaycanda tarixi layihlər icra edib. L.Əliyeva heyvanat aləminin qorunması, ölkə ekologiyasının təbiətinin mühafizəsi üçün davamlı tədbirlər həyata keçirir, bu istiqamətdə böyük vəsaitlər xərclənir.

Bəs bəzi məmurlar nə edirlər? Pul, var-dövlət qazanmaq üçün bütün görülən bu müsbət işlərin məhvinə çalışırlar.

Hətta mart ayında ərəb tursitlərin ov etməsinə IDEA təşkilatı münasibət də bildirmişdi. IDEA sosial şəbəkələrdəki paylaşımda yazırdı:

“Son günlər Qax Dövlət Təbiət Yasaqlığında və ölkəmizin digər ərazilərində əcnəbi vətəndaşlar tərəfindən qanunsuz ovlama haqqında üzə çıxan faktlar bizi çox məyus etdi. Xüsusən ov mövsümü bitdikdən sonra Qırmızı kitaba daxil olan və ya nadir növlər hesab edilən quşların, o cümlədən bəzgək, Qafqaz durnası, qaraqarın bağrıqara və baladovdaq növlərinin ovlanması Azərbaycan ictimaiyyətində haqqlı rezonansa səbəb oldu. Belə ki, müasir Azərbaycanda təbiətə qarşı bu cür cinayətlər qəbuledilməzdir. Ümumiyyətlə planetimizdə, regionda və ölkəmizdə gedən mənfi proseslərin, o cümlədən iqlim dəyişikliyi, biomüxtəlifliyin və yaşayış areallarının sürətlə məhv olması, çirklənmə və digər problemlərin fonunda insanlar tərəfindən ətraf mühitə qəsdən əlavə stressin yaradılmasını anlamaq çətindir. Ölkəboyu ekoloji fəallar və adi vətəndaşların bu əməllərə olduqca sərt reaksiyası cəmiyyətimizdə ekoloji məsələlərə artan diqqətin göstəricisidir”.

 

Öncəki məqalələrimizdə qeyd etmişdik və bir daha xatırladırıq ki, ərəb turistlərin ölkəmizə gəlməsinin əleyhdarı deyilik, ölkəmizdə ov turizmi də inkişaf etməlidir. Lakin pula görə qanunlarımızı və mənəvi-mental dəyərlərimizi də ərəblərin ayaqları altına sərməməliyik.

Biz ilk növbədə ölkəmizə ov etməyə gələn ərəblərin diqqətini Qarabağa yönəltməli, onları şəhər və rayonlarımızda investora çevirməliyik. Çalışmalıyıq ki, ölkəmizə böyük pul kütləsi daxil olsun. Lakin gizli və qara tapşırıqlarla dövlət qurumlarını qanunsuzluğa sövq etmək anlaşılan deyil və bu addımı atanlar tezliklə öz cəzalarını almalıdırlar. Görünür, zəngin ərəb ailələrinin üzvlərindən milyonlar qazanan bir sıra məmurlar hələ də xalqın təpkisinin nə olduğunu bilmirlər. Amma düşünməlidirlər ki, bu ölkədə onlardan da daha böyük ranqlı məmurlar ən rüsvayçı şəkildə işdən qovulub, bu gün də sosial şəbəkələrdə lağ obyektinə çevriliblər və qazandıqları da bir göz qırpımında göyə sovrulub. 

Samir Feyruzov

  •  (0)
  •  (0)