Əməliyyat şirkətində ixtisara düşmə qorxusubackend

Əməliyyat şirkətində ixtisara düşmə qorxusu

İşçilərdən bir neçəsinə bildiriş gəlib

“Bahar Energy” Əməliyyat Şirkətinin yenidən ixtisarlara başladığı deyilir. Şirkətin bir neçə əməkdaşına bildiriş təqdim edilib.

Bu barədə Meydan TV-yə şirkət əməkdaşları məlumat verib. Onların sözlərinə görə, ilin sonunadək işçilərin sayı daha 50 nəfərədək azaldılacaq.

“Bu ilin əvvəlindən 100-dən çox şəxs işdən çıxarıldı. İşçilərin sayı yarıya qədər azalanadək ixtisarlar davam edəcək”,-adının açıqlanmasını istəməyən məsul işçilərdən biri deyib.

Başqa bir şikayətçi bildirib ki, ən çətin vəziyyətdə olanlar təqaüd yaşına az qalmış şəxslərdir. Belə ki, ailədə yalnız onlar işləyirlər:

“Bu yaşdan sonra başqa şirkətlərdə iş tapmaları da çətindir. Kütləvi işdən çıxarma zamanı şikayət etmək asandır. İndi çarəsiz vəziyyətdə gözləyirik, bəlkə aşağı maaşla başqa işlə təmin edərlər. Çörəklə imtahan çox çətin məsələdi, şirkətin rəhbər işçilərinin qəbuluna düşməyə çalışırıq”.

Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, “Bahar Energy” Əməliyyat Şirkəti ilin əvvəlindən işçilərə məcburi ərizə yazdıraraq onların əmək haqqını 20 faiz azaldıb:

“50 nəfər işçini ixtisar ediblər, bu yaxınlarda yenə 4 nəfər işçiyə ixtisara düşdükləri ilə əlaqədar bildiriş veriblər. Təzyiq, aldatma yolu ilə 85 nəfər işçiyə ərizə yazdırıb işdən çıxardıblar. İxtisar olunan yerlərə yenidən işçi götürüblər. Yeraltı təmir sexinin yetərincə işçi heyəti olmasına baxmayaraq , Şirvandan işçilər gətirilir”.

Hüquq müdafiəçisi deyir ki, şirkət ətraf mühitə ciddi ziyan vurub və ötən il 12.140 manat cərimələnib.

“Borular deşik-deşikdir, neftin emalı və nəqli sexindən çıxan sular dənizə axıdılır. Təhlükəli sahələrdə, estekadada, gecə növbələrində, əlahiddə özüllərdə işçiləri tək işlədirlər. Con Harkins şirkətin prezidenti olduğunu halda aylarla işə gəlmir, lakin hər ay 70 000 manatdan çox maaşı vaxtlı-vaxtında alır. Bununla belə, hər ay işçilərin maaşları gecikdirilir. İdarədə qohumbazlıq, tanışliq davam edir”,-Qəhrəmanlı söyləyib.

Onun sözlərinə görə, işçiləri rahatlıqla işdən azad etmək üçün onlarla bağlanmış əmək müqaviləsinin müddətinin beş ili tamam olan kimi (Əmək Məcəlləsinə görə beş ildən sonra müqavilə daimi xarakterli olur) işçilər təzyiq altında qorxudularaq işdən çıxardılır:

“Bəzən yenidən müvəqqəti müqavilə ilə işə götürürlər. Bütün işçilər hər an ixtisar bildirişi qorxusu ilə yaşayırlar. Şikayət edənlər deyirlər ki, ailəsinin ac qala biləcəyi qorxusu ilə bütün haqsızlığa boyun əyməyə məcburdular”.

Meydan TV şirkətdən deyilənlərə münasibət öyrənə bilməyib, bu barədə danışmaq istəməyiblər.

  •  (1)
  •  (0)