Əlisahib Hüseynov: “Bu yolla Dağlıq Qarabağ Azərbaycandan həmişəlik alına, qoparıla bilər”backend

Əlisahib Hüseynov: “Bu yolla Dağlıq Qarabağ Azərbaycandan həmişəlik alına, qoparıla bilər”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti ilə Moskvada görüş zamanı Azərbaycanın işğal altındakı 5 rayonunun qaytarılmasını, kommunikasiya xətlərinin açılmasını və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini qeyd etməsinin istər cəmiyyətimiz tərəfindən, istərsə də siyasilər tərəfindən birmənalı qarşılanmaması anlaşılandır.

Bildiyiniz kimi əksər insanlarımızın bu bəyanata münasibəti mənfidir. Çünki insanlarımız haqlı olaraq narahatlıq hissi keçirirlər ki, bu plana əsasən, 5 rayonun qaytarılmasının müqabilində Rusiya “sülhməramlılar” adıyla öz qoşun kontingentini bölgəyə yerləşdirə və üstəgəl, Ermənistanla sərhədlərin açılmasını tələb edə bilər. Şübhəsiz ki, bu şərtlər Azərbaycan tərəfindən qəti şəkildə qəbuledilməzdir.

Çünki bu şərtlərin arxasında çox uzağa gedən hədəflər, niyyətlər gizlənir. Biz dırnaqarası “sülhməramlı” qüvvələrin bölgəyə yerləşdirilməsi ilə bütövlükdə Dağlıq Qarabağı itirmək təhlükəsi ilə üzləşə bilərik. Bu yolla Dağlıq Qarabağ Azərbaycandan həmişəlik alına, qoparıla bilər. Nəticədə isə ölkəmiz öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək imkanından məhrum olunacaq. Biz bunu Rusiyanın indiyə qədər müxtəlif münaqişə bölgələrində sərgilədiyi “sülhyaratma” təcrübəsindən görmüşük, bilirik. Odur ki, bu cür hiylə və məkrlə yoğrulmuş şərtlərdən birmənalı şəkildə imtina etməliyik. Şərtləri Lavrovlar, Paşinyanlar yox, yalnız İlham Əliyev diktə edə bilər. İlham Əliyev də şərtini artıq bəyan edib. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi bizim bir şərtimiz var – işğalçı qoşunlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri

  •  (0)
  •  (0)