Əli Məsimli: “Autizmli uşaqlara verilən simvolik müavinətlər kəsilib”backend

Əli Məsimli: “Autizmli uşaqlara verilən simvolik müavinətlər kəsilib”

“Autizmli uşaqlara verilən simvolik müavinətlər kəsilib”. Bu açıqlama ilə  Milli Məclisin iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli çıxış edib.

Saxta.info  millət vəkilinin bu açıqlamasının doğru olub-olmadığını yoxlayıb.

Autizm  məhdud davranışlara aparıb çıxaran, beynin inkişafına təsir edən  xəstəlikdir. Bu sindrom daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur.  Əsəb sisteminin inkişafının pozulması nəticəsində yaranan autizmə 3 yaşadək uşaqlarda rast gəlinir. Xəstəliyə əsasən üç əlamət – qarşılıqlı sosial əlaqələrin çatışmazlığı, kommunikasiyaya maraq məhdudluğu və təkrarlanan davranış pozğunluğu əsasında diaqnoz qoyulur.

Tədqiqatlara görə dünyada təxminən 70 milyon insan autizmdən əziyyət çəkir.  Bu xəstəliyin əlamətləri 2-3 yaşdan etibarən özünü büruzə versə də, dəqiq diaqnoz uşağın 3 yaşında qoyulur. Autizmin ən geniş yayılmış növləri asperger sindromu, atipik autizm və uşaq autizmidir.

BMT Baş Assambleyasının 2007-ci il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən  2008-ci ildən başlayaraq hər il aprelin 2-i Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur.

Bu sindromdan əziyyət çəkən uşaqlara dəstək məqsədilə müxtəlif proqramlar icra olunur, qanunvericiliyə əsasən  belə şəxslərə  dövlət  tərəfindən müavinətlər təyin olunur.

Azərbaycanda bu məsələ “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”  çərçivəsində  tənzimlənir.

Qeyd edək ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilən “Əlilliyin müəyyən olunması meyarlarına dair  Əsasnamə”də, həmçinin  21 aprel 2009-cu il 67 nömrəli qərarı ilə təsdiqlənən “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nda əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun autizm sindromuna görə təyin edilməsi məsələsi və ümumilikdə autizm sindromu anlayışı  təsbitini tapmayıb.  Bu baxımdan  autizmli uşaqlara əlillik təyinatı zamanı autizm sindromu əvəzinə əqli gerilik diaqnozu qoyulub.

14 sentyabr 2015-ci ildə Azərbaycan Prezidenti “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.  Bu sənədə əsasən   Azərbaycan Nazirlər Kabinetinə  əlilliyin müəyyən olunması meyarlarında dəyişikliklər etmək tapşırılıb.

Daha sonra Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nomrəli qərarı ilə  “Əilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiqlənib.  Əsasnamənin  “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları” adlı hissəsinin  3.1.7-ci bəndində (eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpanpozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm) usaqların sağlamlıq imkanlarının məhdudluğunun autizm sindromuna görə  müəyyən olunması öz əksini tapıb.

Hazırda autizmli uşaqlara müavinət bu sənədə əsasən təyin edilir.  Azərbaycan Prezidentinin 15 aprel 2019-cu il tarixli  Fərmanı ilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb,  həmin uşaqlara qulluq edənlər üçünsə 50 manat məbləğində Prezidentin aylıq təqaüdü  təsis edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, hazırda autizm sindromundan əziyyət çəkən uşaqlar və onlara baxan şəxslər  yuxarıda qeyd olunan məbləğlərdə  müavinət və təqaüdlə təmin olunurlar.  Sözügedən müavinət və təqaüd kəsilməyib.

Saxta.info sadalananlara əsasən bu qənaətə gəlib ki,  millət vəkili  Əli  Məsimlinin autizmli uşaqlara  verilən müavinətlərin kəsilməsinə dair açıqlaması reallığı əks etdirmir.

  •  (0)
  •  (0)