‘Əli Həsənovun fəaliyyəti Dövlətimizə və elə hakimiyyətin özünə də düşmənçilikdir’ – Aslan İsmayılov
Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını diqqətlə dinlədim. Desəm ki, ölkəmizdə bu çıxışı gözləyənlərin ön sırasında olmuşam, yanılmaram. Son iki ili daim hakimiyyətdə faktiki olaraq iki komandanın fəaliyyət göstərməsi, islahat keçirmək istəyənlərə köhnə komandanın maneçiliyi, Azərbaycanda mətbuatın məhv edilməsi, reket mətbuatın at oynatması barədə çoxlu sayda yazılarım, çıxışlarım olub.
Bu gün buradan bir daha təkrar edirəm. Ə.Həsənovun fəaliyyəti Dövlətimizə və elə hakimiyyətin özünə də düşmənçilikdir! Azərbaycanda və xaricdə söyüş kampaniyasını başladan, onu səngiməyə qoymayan, müstəqil mətbuatı məhv edən də Ə.Həsənovdur. Bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət etmişəm və sübut etməyə hazır olduğumu bildirmişəm. Ə.Həsənovun kimliyini 2010-cu ildən, “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabını yaydıqdan sonra hiss etdim. Az-çox ağlı başında olan istənilən şəxs bu kitabda olan fikirlərin, məlumatların ancaq Azərbaycan Dövlətinə və Xalqına xidmət etdiyini görməyə bilməz. Ə.Həsənov isə hər dəfə kitabla bağlı məlumat yayıldıqda, onun başqa dillərlə tərcüməsinin təqdimatından sonra məni ermənilərlə işbirliyində ittiham etdirməyə başladı. İlk dəfələrdə bunu ayrı-ayrı şəxslərin etdiklərini fikirləşsəm də araşdırma apardıqdan sonra bunların hamısının başında şəxsən Ə.Həsənovun durduğunu gördüm. Onun fəaliyyəti ilə daha ətraflı tanışlıqdan sonra kimliyinə əmin oldum və bu barədə təxminən iki il əvvəldən başlayaraq mütəmadi olaraq cəmiyyəti məlumatlandırdım. Müdafiəsiz qaldım. Əvəzində Ə.Həsənov haqqımda 3 ittihamedici hökmün çıxarılmasına nail oldu. Bu murdar işlərinə bəzi tənqid etdiyim natəmiz insanları da qoşdu.
Bu gün Prezidentin adını çəkdiyim, çox vacib çıxışından demək olar cəmiyyət xəbərsizdir, yaxud yanlış fikirdədir, çünki bunu cəmiyyətə çatdıracaq mətbuatı Ə.Həsənov məhv etdi. Azərbaycan TV, sayt, qəzetlərinə baxan və oxuyan yoxdur. Normalda elə dünəndən TV-lərdə fərqli fikirli insanların bu çıxış ətrafında fikir mübadiləsi olmalı idi. Prezidentin həmin çıxışda nələri dediyi, nə demək istədiyi insanlara ətraflı izah edilməli idi.
Ə.Həsənov var gücü ilə müstəqil fikirli, ölkəsində təlatümlər yox, islahatlar arzulayan Mehman Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Arif Əliyev kimi şəxsləri öz trolları vasitəsi ilə hər gün təhqir etdirdi, onlardan hakimiyyətə düşmən düzəltmək, Vətəndən küsdürmək, hakimiyyətə düşmən etmək istədi.
Aslan İsmayılov
















