Ekspertdən bədbin “aprel anonsu” – Ərzaq məhsulları bahalaşacaq, çünki…backend

Ekspertdən bədbin “aprel anonsu” – Ərzaq məhsulları bahalaşacaq, çünki…

Bu gündən etibarən bütün növ siqaretlərin və spirtli içkilərin qiyməti artıb. Bu isə öz növbəsində digər məhsullarda da bahalaşmanın olacağı narahatlığını yaradır.
Maraqlıdır, siqaretin bahalaşmasının hansı iqtisadi əsaslandırması var? Bu, yaxın günlərdə digər məhsulların qiymət artımı üçün stimul ola bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli siqaretin qiymətinin artmasının gözlənilən olduğunu deyib:
“Fevral ayında siqaretin aksiz vergisi artırlarkən gözlənilən idi ki, qiymət dəyişimi olacaq. Tütün məhsulları və spirtli içkilər hökumət tərəfindən rahatlıqla qiyməti artırılan sahələrdir. Bu dünyanın bir çox ölkələrində də müşahidə olunur. Buna görə də siqaretin bahalaşmasını digər məhsulların da bahalaşacağı ilə əlaqələndirmək doğru olmaz”.
Ekspert eyni zamanda aprel ayından ərzaq məhsullarının bahalaşacağını bildirib. N.Cəfərli mümkün halın dizel yanacağının qiymətindən qaynaqlandığını qeyd edib:
“Biz artıq yanvar ayından etibarən ərzaq məhsullarında bahalaşmanın olmasını müşahidə edirik ki, bu da logistika qiymətlərinin yüksək olması ilə əlaqədardır. Yəni, dizel yanacağının qiymətini artıranda məlum məsələ idi ki, bahalaşma olacaq. Yerli məhsullar aprel ayında bazara çıxarılarkən keçən ilə nisbətdə daha baha təqdim ediləcək.

Ərzaq məhsullarının bahalaşması yüksək templə gedir. Çox təəssüf ki, bayramqabağı qiymətlər daha da artacaq və bayramdan sonra yerli məhsulların bazara çıxması artıq yeni, artımlı qiymətlərlə olacaq. Bu da dediyim kimi, birbaşa olaraq dizel yanacağının qiymətinin bahalaşması ilə əlaqədardır”.

  •  (2)
  •  (2)