Əhəd Abıyevin qardaşının da olduğu əməliyyatla bağlı şok- Vətəndaş günahsız yerə həbs edilibmişbackend

Əhəd Abıyevin qardaşının da olduğu əməliyyatla bağlı şok- Vətəndaş günahsız yerə həbs edilibmiş

Ağstafa sakini Polad İmamverdiyev təxminən iki il həbsdə saxlandıqdan sonra bəraət alaraq, azadlığa çıxıb. Məhkəmə belə nəticəyə gəlib ki, ona qarşı irəli sürülmüş narkotik ittihamı sübut olunmadı. Hakimlər axtarış zamanı evdən külli miqdarda narkotik tapılması haqda polislərin dediklərininin yox, İmamverdiyevin ifadəsini daha inandırıcı hesab edib. O, evindən tapıldığı iddia olunan narkotiki ora polislərin özlərinin qoyduğunu bildirib.

“İstiqamət” xəbər verir ki, cinayət işinin materiallarında iddia olunur ki, İmamverdiyevin satmaq məqsədilə 81 qramdan artıq heroini əldə edib, evində saxlaması barədə polisə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun evində axtarış aparıb. Nəticədə evdən bir neçə bükümdə narkotik maddə, elektron tərəzi və şpris tapılıb. Evdə videoçəkiliş aparılıb, İmamverdiyev tapılanların ona məxsus olduğunu, Biləsuvardan alıb gətirdiyini etiraf edib. Bu səbəbdən ona CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham verilib.

İmamverdiyev məhkəmədə ifadəsində deyib ki, evindən tapıldığı iddia olunanlardan yalnız işpisin ona aidiyyəti var. Çünki özü narkotik istifadəçisidir, axtarışdan əvvəl də narkotikdən istifadə etmişdi. Onun sözlərinə görə, narkotik maddə və tərəzini isə evə polis əməkdaşları atıb, sonra da oradan tapılmış kimi təqdim ediblər:

“Həmin gün divanda uzanmışdım, qapı döyüldü, yoldaşım açanda 6-7 nəfərdən də çox mülki geyimli polislər daxil oldu. Bir-ikisini üzdən tanısam, o biriləri tanımadım. Yoldaşım da evdə idi, oğlum sonradan gəldi. Polislərin birinin əlində nəsə vardı. Gətirdikləri həmin bağlamanı axtarış vaxtı mətbəxdə şkafın içinə qoydular. Çəkilişdən əvvəl mənə dedilər ki, “əgər boynuna almasan, oğlunu da aparacağıq”. Məcbur olub, dediklərini elədim…”

Çəkilişdə polislərin dediklərini təkrarladığını vurğulayan İmamverdiyevin sözlərinə görə, tez-tez çaşdığına görə iş materiallarındakı videogörüntü bir neçə dəfəyə çəkilib. Ağstafa sakini bildirib ki, evdə axtarış üçün onların yazılı razılığı olmayıb. Sonradan idarədə polislər ərizə hazırlayıb, ona imza atdırıblar.

İmamverdiyevin evinə gələn polislər arasında Daşkəsənin icra başçısı, keçmiş deputat Əhəd Abıyevin qardaşı Zəfər Abıyev də olub. Bunu təqsirləndirilən şəxs də, şahid kimi dindirilən digər polislər də təsdiqləyib.

2019-cu ilin iyulunda İmamverdiyevin evində axtarış aparılan vaxt Abıyev Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi idi. O, 2020-ci ilin fevralında şöbə rəisinin müavini təyin edilib.

“Polislər mənə göstəriş verdilər ki, narkotiki Biləsuvardan aldığımı deyim. Çəkilişdə “Biləsuvar” sözü yadımdan çıxırdı. Təkrar-təkrar bu sözü deyirdim ki, yadımda qalsın. Tutulmamışdan əvvəl nə Bakıya getmişəm, nə Biləsuvara. Bunlar hamısı yalandı. Ümumiyyətlə, mən çox az hallarda Ağstafadan kənara çıxırdım”, – təqsirləndirilən şəxsin sözləridir.

O, əlavə edib ki, nə evində axtarışda, nə də sonradan idarədə dindirmələrdə vəkil olmayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri bu işi araşdıranda polislərin addımlarında bir sıra uyğunsuzluqlar aşkarlayıb. Məsələn, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə” protokol elə evdə – bu proses başa çatandan dərhal sonra tərtib olunmalıydı. Amma iş materiallarından görünür ki, həmin sənəd sonradan polis şöbəsində hazırlanıb.

Axtarışda Zəfər Abıyev, Teymur Nəsirov kimi polis əməkdaşlarının iştirakı sübut olunsa da, onların adları protokola daxil edilməyib.

Videoçəkilişi tədqiq edən məhkəmə orada da çoxsaylı ziddiyyətlər aşkarlayıb.

Məhkəmə İmamverdiyevin Biləsuvara gedib-getmədiyini də araşdırıb. İttihama əsasən, o, tutulmamışdan təxminən iki həftə öncə Bakıya gəlib, keçmiş tanışıyla təsadüfən rastlaşıb. Söhbət əsnasında ona narkotik istifadəçisi olduğunu deyib. Tanışı da narkotik tapmaqda köməyini təklif edib. Deyib ki, Biləsuvardan olan Zahid adlı bir tanışı bu işlə məşğuldur. İmamverdiyev Zahidin nömrəsini götürüb və Biləsuvara gedib. Orada 3000 manata narkotiki alıb.

Məhkəmə mobil nömrənin anten əhatə dairəsilə bağlı məlumatları əldə edərkən aydınlaşıb ki, nəinki iki həftə əvvəl, heç son bir ay ərzində də o, Ağstafa rayonundan kənara çıxmayıb. Ona görə bu məsələdə də İmamverdiyevin ifadəsinin daha inandırıcı olması qənaətinə gəlib.

“Məhkəmə hesab edir ki, Polad İmamverdiyevə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmayıb. Onu bu maddə ilə təqsirli bilib, barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir”, – hökmdə yazılıb.

  •  (0)
  •  (0)