Düşmənin məhv edilən “Osa” zenit-raket kompleksləri nəyə qadirdir? – ANALİZbackend

Düşmənin məhv edilən “Osa” zenit-raket kompleksləri nəyə qadirdir? – ANALİZ

Davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunun itkilər hər gün getdikcə artır. Artıq 6 gündür ki, davam edən hərbi əməliyyatlarda Ermənistan ordusunun itirdiyi təsdiqlənən “Osa” sayı artıq 30 ədədi keçib.
Hərbi təyyarələrin inkişafı onlara qarşı mübarizə vasitələrinin də hazırlanması zərurəti 50-ci illərdə hava məkanını qorumaq üçün artilleriya və zenit toplarını əvəz edən idarəolunan raketlər və onların atıcı qurğuları yaranmağa başladı. Yeni sistemlərin yaranması isə hərbi əməliyyatların aparılması taktikasının və müvafiq metodlarının dəyişməsinə səbəb oldu. SSRİ də o zamanın güclü dövlətlərindən biri kimi səmasının hava hücumundan müdafiəsini təşkil etmək məqsədilə “Osa” qoşun zenit-raket kompleksinin yaradılması barədə qərar qəbul etdi.

9K33 “Osa” (NATO təsnifatına görə: SA-8 “Gecko” (Gekkon)) — özüyeriyən zenit-raket kompleksi 1960-1972-ci illər ərzində SSRİ-nin Nİİ-20 araşdırma institutu tərəfindən hazırlanıb. İstehsalı 1970-1988-ci illər ərzində “Znamya Truda” zavodunda həyata keçirilib. 1971-ci ildən istismar edilir. İraq, Serbiya, Liviya, Suriya, Livan müharibələrində, Azərbaycan-Ermənistan münaqişəsində, Rusiya-Çeçenistan, Rusiya-Gürcüstan müharibəsində və digər vətəndaş müharibələrində tətbiq edilib.
İstehsal sayı – 1200 ədəd;
Variantları – Osa-A, Osa-AK, Osa-AKM, Osa-M;

Xüsusiyyətləri:
Kütləsi – 17.5 ton;
Sürəti:
şossedə -80 km/s ;
suda – 8 km/s;
Uzunluğu – 9.14 m;
Eni – 2.75 m;
Hündürlüyü – 4.20 m.

Kompleks motoatıcı hissələri və başqa qüvvələri orta yüksəklikdə uçan hava vasitələrindən qorumaq üçün nəzərdə tutulur. Onun Belarus istehsalı olan yeni modifikasiyaları nisbətən daha yüksək taktiki-texniki xüsusiyyətlərə malikdir. 1960-cı ildə layihələndirilən kompleks 1971-ci ildən Sovet ordusunun silahlanmasına qəbul edilib.

“Osa” sistemində qatı yanacaq əsasında işləyən birpilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km atəş məsafəsinə malikdir. Raketin başlanğıc kütləsi 130 kq-dır. Raketin daşıdığı döyüş başlığı 19 kq-dır. Maksimal fəaliyyət yüksəkliyi 5000 m-dir. Minimal fəaliyyət yüksəkliyi isə 25 m təşkil edir. Atıcı qurğu və idarəetmə bloku üçoxlu, 6 təkərli avtomobil şassisi (VAZ-5937) üzərində yerləşdirilir. Avtomobil çətin keçilən ərazilər üçün nəzərdə tutulur və suda üzə bilir. Onun ekipajı 5 nəfərdən ibarətdir. Maksimum sürəti 80 km/saat, suda üzərkən isə 8 km/saat təşkil edir. Əsas silahı 6 ədəd 9M33, 9M33M1, 9M33M2 və 9M33M3 raketləridir. Ehtiyat gediş məsafəsi 500 km təşkil edir.
İstehsalçı, “Osa” kompleksinin hədəfi məhvetmə əmsalını 35 %, “Osa-AK” və “Osa-AKM” sistemlərində bu əmsal 55 % təşkil edir. Bu o deməkdir ki, bir hədəfə 2-3 raket buraxmaqla onu zəmanətlə məhv etmək mümkündür. Lakin Qarabağda baş verən son döyüş əməliyyatlarının təcrübəsi bu əmsalın şirkət tərəfdən süni olaraq şişirildiyini və yüksək göstərildiyini sübut edir.

1972-ci ildə 2 ədəd 9M33M raketi olan 4K33 “Osa-M” kompleksinin dəniz versiyası təqdim olunub. Bu komplekslər bir çox SSRİ/Rusiya istehsalı kreyser və katerlərə quraşdırılıb. 9K33M2 “Osa-AK” 1975-ci ildə təqdim olunub. 9K33M3 “Osa-AKM” isə 1980-ci ildə hazırlanıb. 20 il ərzində kompleksin atəş məsafəsi 3 km artırılaraq 15 km-ə çatdırılıb. Aşağı yüksəklikdə isə bu göstəricinin 12 km olduğu bildirilsə də, bu hələlik öz təsdiqini tapmayıb.

Azərbaycan, Əlcəzair, Belarus, Bolqarıstan, Ekvador, Ermənistan, Hindistan, İraq, İordaniya, Küveyt, Liviya, Polşa, Rumıniya, Rusiya, Suriya, Türkmənistan, Ukrayna, Yunanıstan HHM qoşunlarının tərkibində fəaliyyət göstərir. Çexiyada bu komplekslər 2006-cı ildə silahlanmadan çıxarılıb. Körfəz müharibəsi zamanı İraq Ordusu tərəfindən bir neçə “Osa” ələ keçirilib.

Şərqi Almaniya istifadəsində olan 41 ədəd “Osa” kompleksini Qərbi Almaniya ilə birləşməsindən sonra Yunanıstana satıb.

2017-ci ildə İordaniya istifadəsində mövcud olan Sovet istehsalı olan “Osa” ZRK-ları və çox sayda BMP-2 piyadanın döyüş maşınlarını vahid paket şəklində satışa çıxardı.

Ermənistanın isə vasitəçi bir şirkət vasitəsi ilə sistemlər aldığı ortaya çıxıb. İordaniyanın elan etdiyi tenderin qalibi Bolqarıstan şirkəti olub. Həmin şirkət aldığı silahları və “Osa-AKM” ZRK-ları erməni əsilli iş adamı David Qalstyanın şirkətinə təklif edib. Bolqarıstan şirkətindən əldə edilən ZRK-lar Ermənistana, oradan isə işğal altında olan Qarabağa gətirilib.

Müvafiq mütəxəssislər altı aya yaxın bir müddət ərzində əldə edilmiş silahları qaydaya salıb, bəzi təmir işləri aparıb, bu silahları sərbəst təyyarələrə yükləyə və yola sala biləcək şəkildə hərəkət vəziyyətinə gətiriblər. Komplekslərin bəziləri təmir edilib.

Vyetnam, Əfqanıstan, Yuqoslaviya, İraq, Livan, Liviya, Suriya və s. ölkələrdə baş verən uğursuz ZRK tətbiqinə dərindən toxunmaq fikrim yoxdur, halbuki bu ölkələrdə baş verən hərbi əməliyyatlar SSRİ/Rusiya HHM sistemlərinin NATO qırıcıları, qanadlı raketləri və PUA-ları ilə mübarizədə aşkar zəifliyini nümayiş etdirib. Yuqoslaviya müharibəsində tərəflərin HHQ ilə HHM arasındakı mübarizənin müqayisəli analizi də maraqlı faktlarla yadda qalıb. Yuqoslaviya müharibəsinin əvvəlində serb ordusunda 32 ədəd zenit raket divizionu (ən azı 96 zenit raket batareyası) və onların tərkibində yüzlərlə ZRK və DZRK mövcud idi. Müharibənin sonuna qədər 96 zenit batareyası 10484 ədəd aviasiya zərbəsi endirən NATO təyyarələrindən yalnız birini vura bildi.
Suriya və Liviya münaqişələrində isə Türkiyə PUA-ları ZRK-ların qatilinə çevrildilər. Bu döyüşlərin statiskası tam açıqlanmayıb, lakin türk Ordusunun ondan çox müxtəlif tipli rəqib ZRK-sını məhv etməsi vizual olaraq təsdiqlənib, reallıqda isə bu rəqəmlər azı 2 dəfə çoxdur.

2015-ci ilin mayın 5-də Qarabağdakı qanunsuz hərbi birləşmə təlim zamanı “Osa” kompleksindən raket atəşini çəkərək sosial şəbəkə və KİV-lərdə xüsusi qürur hissi ilə paylaşdı. Lakin təxminən bir ildən sonra baş verən aprel döyüşlərində erməni ordusu bu komplekslərdən istifadə edə bilmədi. PUA və zərbə tipli uçan aparatlar məhdud görmə şəraitində aviasiya vasitələrinin funksiyasını uğurla və demək olar ki, itkisiz yerinə yetirdilər. Ermənistan Ordusu həm havadan, hən də qurudan “kilidlənmə” funksiyası ilə yaxından tanış oldu.

Bir il sonra, 2017-ci ilin mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “Osa” zenit-raket kompleksini ön xəttə daha yaxın, yeni mövqeyə çıxararaq, Azərbaycan hava məkanını nəzarətə götürməyə uğursuz cəhd göstərdilər. Azərbaycanın uçuş aparatlarına və hava məkanına real təhlükə yaratmaq istəyən düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “Osa” zenit-raket kompleksi və onun nəqliyyat-yükləmə maşını birlik komandanlarından birinin əmri ilə istehsalçı ölkədə “Səhra Çiçəyi” adlandırılan “Spike-ER” TƏİRK-dən açılan tək sərrast atəşlə külə döndərildi. Ekipaj isə layiq olduğu istiqamətə, ən qısa zamanda və ən yaxın marşrutla göndərildi. Həmin anda düşmən bütün özüyeriyən HHM vasitələrini ön xətdən ən azı 8 km geri çəkməyə məcbur oldu. Bu çəkilmə daha çox “quyruq qısmaq” kimi dəyərləndirilməlidir. Çünki çəkilmə digər bölmələrin atəş dəstəyi altında, planlı və ardıcıl şəkildə baş verməli idi. Burada isə xaotik bir proses müşahidə olundu.

Bu əməliyyatı yerinə yetirən komandanımız heç kimi hədələmədi, heç kimə söz atmadı, sadəcə erməni ordusunun azacıq qımıladanmağına bircə dəfə sərrast atəş açmaqla əməli cavab verdi, yəni etməli olduğunu edərək öz vəzifə borcunu ən gözəl şəkildə və ləyaqətlə yerinə yetirdi. İndi də üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməkdə davam edir.

Hazırda isə Qarabağın azad edilməsi üçün aparılan döyüş əməliyyatlarının 6-cı günündə 30-dan çox Ermənistanın HHM vasitələrinin, xüsusilə də “Osa” ZRK-larının məhv edilməsi, bu komplekslərin müasir PUA və ya digər hava hücum vasitələrinə qarşı səmərəli olmadığını göstərir. Qarabağda gedən döyüşlərdə isə Azərbaycan Ordusunun “gəzən sursatları” Ermənistanın “Osa” komplekslərinin çox qəddar qatili kimi yaddaşlara yazıldı.

Digər münaqişələrdə “Osa” komplekslərinin effektiv istifadəsini sübut edəcək tutarlı faktlara, onların hansısa hava əməliyyatlarında uğur qazanmasına və s. kimi məlumat və ya görüntülərə rast gəlinmir.

Adətən istehsalçı tərəfindən yüksək TTX-ya malik olması ilə rəqibdə qorxu və dəhşət hissi yaradan ZRK-lar real hərbi əməliyyatlar çərçivəsində digərlərini qorumalı olduğu halda, bəzən heç özünü də qoruya bilmir. Buna Suriya, Çeçenistan, Gürcüstan, Suriya, Liviya, Ukrayna və işğal altında olan ərazilərimizdə dəfələrlə rast gəlmişik. Bu zenit raket sistemlərinin “unikal” xüsusiyyətləri haqqında verilən məlumatlar heç bir faktlarla təsdiqlənməyən boşboğazlıqdan başqa bir şeyə bənzəmir.

“Osa” zenit raket kompleksi dəfələrlə modernləşdirilsə də, bəzi çatışmazlıqlar bu günə qədər hələ də mövcuddur:

1. Aşağı səmərəlilik və etibarlılıq;
2. Atəş üçün hazırlığa çox uzun zaman tələb olunması;
3. Hədəf məhvetmə hündürlüyünün az olması;
4. Raket buraxılması zamanı konteynerin arxa (quyruq) blokunun yanması;
5. Tuşlanmada yol verilən böyük yanlışlıqlar;
6. Atıcı qurğunun bəzi vəziyyətlərində atəş açılmasının mümkünsüzlüyü;
7. Atıcı qurğunun ön tərəfində atəş sektorunun bir hissəsinə kölgə düşməsi və s.

Bu çatışmazlıqları istehsalçı çertyojları hazırlayan sifarişçinin səhvi olaraq qələmə versə də, onların bir çoxunun sonradan aradan qaldırılmaması ümumilikdə kompleksin konstruksiyasının problemli olduğundan xəbər verir. Buna görə də bir çox ölkələr artıq bu komplekslərdən imtina etməyə və onları silahlanmadan çıxarmağa başlayıblar.

Azərbaycanın zərbə PUA-larından başqa, istifadəsində olan kilidlənən və daşınan 8 km atəş məsafəli “Səhra Çiçəyi” və ya 30 km-lik NLOS varsa, o zaman “Osa” kompleksi ön xətdən nə qədər arxada yerləşməlidir ki, heç olmasa özünü qoruya bilsin? Aşağıdan uçan hədəflərə qarşı 4-6 km-lik atəş məsafəsi, müasir döyüşdə artıq gülünc bir göstərici hesab edilir. Qanadlı və ya ballistik raket, qırıcı və ya digər döyüş vasitələri ilə “Osa”nın mübarizəsindən isə danışmağa dəyməz. Çünki aşağı yüksəklik kimi, 5000 metrdən yuxarı zonanın da bu kompleks üçün əlçatmaz olduğu istehsalçının özü tərəfindən də etiraf edilir. Orta yüksəklikdə uçan “Harop” ilə mübarizədə də “Osa” heç nə ilə yadda qalmayıb.

Lakin “Osa” barədə Azərbaycan HHM qoşunlarının canlı əfsanəsi, polkovnik Ramiz Şərifovun bir cümləsini əlavə etmək istəyirəm: “Osa” komplekslərinin, xüsusilə də əvvəlki modifikasiyalarının müasir hava hədəfləri ilə mübarizə aparmaq şansı demək olar ki, sıfıra bərabərdir”.

Hərbi ekspert Ədalət Verdiyev

  •  (1)
  •  (1)