“Dünyada yeganə xalqıq ki, müharibənin başlamasına sevindik“ – Mənsum İbrahimovbackend

“Dünyada yeganə xalqıq ki, müharibənin başlamasına sevindik“ – Mənsum İbrahimov

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq bu gün Azərbaycanda Anım Günü qeyd edilir.

Hokm.az yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov Anım Gününü zəfər və iftixar günü kimi qeyd etdiyini bildirib:

“Biz bu günü 30 ildir ki, gözləyirdik, düz 30 il idi ki, yurdumuza həsrət qalmışdıq. Həmişə işğal olunan ərazilərimizin yaxınlığındakı kəndlərə gedirdik, oradan o taya, Şahbulaq Qalasına baxırdıq və qayıdıb gəlirdik. Ora keçə bilmirdik, hər zaman Ali Baş Komandanımızın verəcəyi bu qərarı gözləyirdik. Keçən ilin bu günü Ali Baş Komandanımız bu əmri verdi, hər kəs sevindi. Bəlkə də dünyada yeganə xalqıq ki, müharibənin başlamasına sevindik. Dünyada müharibəyə heç kim sevinmir, amma biz 30 il bu günü gözləmişdik ki, torpaqlarımızı azad edək. Sevincimizin səbəbi də məhz bu idi, 44 günü də həyəcanla izlədik. Keçən ilin bu günü Azərbaycan Zəfər tarixinin başladığı gündür. 44 gün ərzində igidlərimiz Qarabağda tarix yazdılar. Mən bütün şəhidlərin ruhu qarşısında, qazilərimiz, müzəffər ordumuz qarşısında baş əyirəm, onlar bizə bu zəfəri yaşatdılar. Biz bundan sonra qalib, zəfər çalmış bir ölkə kimi yaşayacağıq. İnşallah, Qarabağımızı tezliklə qurub, oraya qayıdacağıq. Biz orada əbədi olaraq fəaliyyətimizə başlayacağıq”.

Xatırladaq ki, bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Axşam saatlarında isə xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Mərkəzi və yerli icra hakimiyyəti strukturları tərəfindən gün boyu silsilə tədbirlər təşkil ediləcək, eləcə də xarici ölkələrdə anım mərasimləri keçiriləcək.

  •  (0)
  •  (0)