Yeni Azərbaycan insanı modeli yaratmaq lazımdırİcra başçıları, millət vəkilləri və s. Dövlətin görünən simalarıdır. Bu təbəqə ziyalılıq, səmimiyyət nümayiş etdirməlidir ki, Xalqla Dövlət arasında bağ yaransın. Xalq Dövlətə güvənsin. Bunun üçün də, İcra başçıları, millət vəkilləri və s. müdir yox, lider olmalıdırlar. İcra başçısı yerli camaatla qoçu kimi davranmamalı, lotuluq etməməlidir. Təklifə, tənqidə açıq olmalıdır. İclaslarda işçilərini əzsə də, heç olmasa, rəiyyətlə görüşlərdə humanist, demokratik olmalıdır.
Müşahidələrimə əsasən deyə bilərəm ki, İcra başçıları yerlərdə bələdiyyə sədrləri(!) və digər İcra strukturlarına şəxslər təyin edərkən, adətən, şəxsiyyətlər deyil, elə, sadəcə, şəxslər təyin edirlər. O şəxslər ki, qorxaq, aciz anlayışından da o tərəfə, manqurt təfəkkürlü, “əzilsəm də, söyülsəm də, cəhənnəmə, bir küncdə oturub mən də əl-qap edim” düşüncəsində olan kəslər olurlar. Həmin şəxslərin heç bir milli təfəkkürü olmur. Heç bir dövlətçilik anlayışı olmur. Onların bir fikri olur – İcra başçısı nə desə, başım üstünə! Öl desə, ölürəm, qal desə, qalıram! Belə yaltaqlıq uzmanları İcra başçılarına sərf edir. Çünki, onlar heç vaxtı İcra başçısına dövlətçilik əleyhinə addığı addımda qarşı durmayacaqlar. Necə qarşı dursunlar? Məgər onlar özləri bilirlərmi ki, dövlətçilik nədir?
Yeni Azərbaycan insanı modeli yaratmaq lazımdır – yaltaqlıqdan uzaq, Dövlətə, Millətə xidmət etməyin nə olduğunu dərindən anlayan, şərəfini rüşvətə satmayan modern insan modeli.
Bir də görürsən ki, Əzrayıl boynunda gecələyən 75-80 yaşlı bir ağsaqqal İcra başçısının qarşısında elə yaltaqlanır ki, mat-məəttəl qalırsan! Heç cürə anlamaq olmur ki, bu ağsaqqal niyə yaltaqlanır? Oğlu İcrada işləmir, nəvəsi İcrada işləmir (lap işləsə belə yaltaqlıq iyrəncdir), əcəba, bəs bu niyə yaltaqlanır? Deməli, problem təkcə məmurlarda deyil, həm də insanımızdadır!
Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İcra başçılarına baş çəkməsi, onların başlarını “sığallaması” ürəkaçan haldır. Həm Xalq görür ki, Dövlət bu özündənrazı, harınlamış məmurlara qarşı əməliyyat keçirir, Xalqda bir inam, güvən yaranır, həm də yerli məmurlar özlərinə bir çəki-düzən verirlər. Fikir versəniz, Azərbaycanda demokratiyanı boğan qüvvələrdən biri də İcra başçılarıdır. Rayonlarda, kəndlərdə görüşlər ərəfəsində yerli camaatın üstünə qışqırmaq, fikir bildirmək istəyənə təpinməklə, bilavasitə qorxu formalaşdıraraq, yerli camaatda Dövlətə, dövlətçiliyə qarşı ümidsizlik, ikrah yaradırlar. O qədər harınlayıblar ki, baxsan, heç himnimizin sözlərini belə, unudublar. Bayrağımızın ideyasından uzaq düşən belə məmurlar Dövlətçiliyə xələl gətirirlər.
Rayonlarımızı, bölgələrimizi xanlıq, özlərini xan hesab edən belə rayon rəhbərləri taxtan salınmalı, yerlərinə yeni təfəkkürlü kadrlar gətirilməlidir. Bütün rayon ərazisini, kənd torpaqlarını təyin etdikləri bələdiyyə sədrləri vasitəsilə, öz şəxsi mülkinə çevirən İcra başçıları ifşa olunmalıdır. DTX-nin belə əməliyyatları yerli vətəndaşda cəsarət formalaşdırır. Vətəndaşda inam yaranır ki, daha hər hansı İcra başçısı ona qarşı fironluq etsə, şikayət edəcəyi və cavab alacağı önəmli bir Dövlət qurumu var. Dəfələrlə cənab prezident çıxışında bildirib ki, mən mediadan yerli idarəetmə orqanlarının özbaşnalığı haqqında məlumat alıram. Məmurlar məlumatı mənə doğru çatdırmırlar. Ona görə də, ölkə başçısının bu fikrinə əsaslanaraq, hər bir jurnalist, qələm əhli, eləcə də, sadə vətəndaşlar belə hallarda aktiv fəaliyyət göstərməlidirlər. Mənfi hallar mediaya təqdim olunmalı, jurnalist araşdırması aparılmalı və yayımlanan real xəbərlər əsasında operativ tədbirlər həyata keçirilməlidir.
Vəzifə – şəxsin öz cibni doldurması, təkəbbürə qapılaraq özünü aid olduğu toplumdan üstün görməsi üçün deyil, vəzifə şəxsiyyət olanın niyyətində Millətə, Dövlətə xidmət etməkdən zövq almaqdır!
Yusif Nazim Ərəbsoy
















