Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdova ona verilən Prezident təqaüdünün kəsildiyini bildirib.
Şəhidin həyat yoldaşı bu barədə Anews.az saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Pərviz Səmədovla 17 yaşında ailə həyatı qurub. 2021-ci ilin noyabrından isə bildirilib ki, rəsmi nigahın yoxdur, ona görə sənə təqaüd düşmür.
“Həmin vaxtlar 18 yaşım olmadığı üçün rəsmi nigahımız olmayıb. Evlənəndən 4 ay sonra yoldaşım müharibəyə gedib və 1992-ci il mayın 15-i şəhid olub. Yoldaşımın ölümündən 6 ay sonra oğlum dünyaya gəldi. Bu illər ərzində Milli Qəhrəmana aid edilən bütün müavinətləri, təqaüdləri almışam. 2005-ci ildən Prezident təqaüdü alırdım. 2021-ci ilin noyabrından isə mənə verilən təqaüd dayandırılıb”, – deyə o söyləyib.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirdilər ki, “Azərbaycanın Milli Qəhrəmanı” adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Prezident təqaüdü həmin şəxslərin ailə üzvlərinə, o cümlədən ailə üzvlərindən biri kimi dul arvadına (ərinə) təyin olunaraq verilir.
“Bu zaman tələb olunan sənədlərdən biri də nigah haqqında şəhadətnamənin olmasıdır. Gəncə sakini Şahvələdova Mətanət Ziyəddin qızına Azərbaycanın Milli Qəhrəmanı şəhid Səmədov Pərviz Abduləhəd oğlunun həyat yoldaşı kimi təyin olunmuş Prezident təqaüdünün ödənişinin dayandırılmasına səbəb də monitorinq zamanı Şahvələdovanın şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nigah haqqında şəhadətnaməsini təqdim etməməsi olub. Bu barədə vətəndaşa məktub vasitəsilə məlumat verilib. Bütün ödənişlər monitorinq nəticəsində olub. Yoxlama zamanı nigah haqqında şəhadətnamə təkrar tələb olunub və sənəd olmadığı üçün təqaüd kəsilib. Məsələ ancaq qanunvericiliyin tələbi çərçivəsində həll ola bilər. Aidiyyatı üzrə vətəndaşa məktub göndərilib. Əgər vətəndaş razılaşmırsa, məhkəməyə müraciət edə bilər”, – deyə qurumdan bildirilib.
Bu sualımızın cavabında isə DSMF-dən bildirdilər ki, “hazırda işlərin hər biri yenidən yoxlanılır, müxtəlif monitorinqlər aparılır, şəffaflaşdırılır, bu cür hallar müşahidə edildikdə isə aradan qaldırılır”.

















