Dövlət Vergi Xidmətindən “ƏDV” AÇIQLAMASIbackend

Dövlət Vergi Xidmətindən “ƏDV” AÇIQLAMASI

Son günlər sosial şəbəkələrdə bəzi şəxslərin kartlarından böyük məbləğdə vəsaitin tutulmasına dair bildirişlər aldığı barədə məlumatlar yayılır.

Hokm.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, həmin vətəndaşlar onlardan ötən dövrlərdə xarici ölkələrdən alınan xidmətlərə görə tutulmamış ƏDV məbləğlərinin tələb edildiyini bildirirlər.

“Dövlət Vergi Xidməti yaranmış məsələyə aydınlıq gətirmək məqsədilə bildirir ki, qanunvericiliyin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında alınan xidmətlərə (işlərə) görə ödənilən məbləğdən ƏDV-nin tutulması vəzifəsi banklar tərəfindən icra olunur. Bu halda banklar vergi agenti kimi çıxış edərək həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını və ödənilməsini həyata keçirir.

Dövlət Vergi Xidməti sosial şəbəkələrdə plastik kartlar vasitəsilə aparılan bütün növ ödənişlərdən 18 faiz ƏDV-nin tutulması ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərək bildirir ki, ölkənin vergi qanunvericiliyində hər hansı yeni dəyişiklik yoxdur, vətəndaşlar və vergi ödəyiciləri üçün əlavə vergi öhdəlikləri müəyyən edən hər hansı yeni müddəalar tətbiq edilməyib.

Belə ki, plastik kartlar vasitəsilə nağdsız qayada aparılan ödənişlərdən üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.

Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur:

 xaricdən malların alınmasına görə ödəniş;

 xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş;

 fiziki olaraq xaricdə alınan (istehlak) edilən iş və xidmətə görə ödəniş.

Yayılan məlumatlarda qeyd olunan plastik kartlar vasitəsilə dövlət orqanlarının tətbiq etdikləri cərimə məbləğlərinə görə hesabdan 18 faiz ƏDV-nin tutulması ilə bağlı bildirirk ki, dövlət orqanlarına ödənilən cərimə məbləğlərinə ƏDV hesablanmır və tutulmur.

Ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız qaydada ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur. Belə ki, ölkədə fəaliyyət göstərən ƏDV ödəyicilərindən alınmış mal, iş və xidmətlər üçün hesablaşmalarda ƏDV məbləği son qiymətdə öz əksini tapır.

Göründüyü kimi, ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq təşviqlər nəzərdə tutur. Belə ki, pərakəndə ticarət və ictimai iaşə sektorunda çalışan sahibkarların dövriyyəsində POS-terminal vasitəsilə nağdsız qaydada əldə olunan gəlirin həcminə uyğun olaraq mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə güzəştlər tətbiq edilir. Vətəndaşlar isə nağdsız qaydada həyata keçirdikləri alış-verişə görə, nağd qayada həyata keçirdikləri alış-verişə nisbətdə 5 faiz daha çox ƏDV-ni geri ala bilirlər (nağd ödənişlər zamanı ƏDV-nin 10 faizi, nağdsız ödənişlər zamanı isə ƏDV-nin 15 faizi vətəndaşa qaytarılır).

Məlumat üçün onu da bildirirk ki, qanunvericiliyə görə informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir”, – deyə məlumatda qeyd olunub.

  •  (0)
  •  (0)