Divizion komandiri: “Mərmiləri elə dəqiqliklə atırdıq ki, düz təpələrinə düşürdü” – FOTOLARbackend

Divizion komandiri: “Mərmiləri elə dəqiqliklə atırdıq ki, düz təpələrinə düşürdü” – FOTOLAR

Vətən Müharibəsi iştirakçısı, polkovnik-leytenant Fərahim Həsənovun döyüş xatirələri
Artilleriya, atəş vasitələrini, döyüş texnikasını, canlı qüvvəni, müdafiə qurğularını, eləcə də digər obyektləri məhv etmək, döyüş zamanı ümumqoşun hissə və birləşmələrini atəşlə qorumaq, həmçinin müşayiət etmək üçün mühüm vasitədir. Demək olar ki, bütün müharibələrdə bu vasitədən geniş istifadə olunub. Vətən Müharibəsinin zəfərlə başa çatmasında da artilleriyanın – topçularımızın özünəməxsus rolu olub. Həmin müharibənin iştirakçılarından biri də artilleriyaçı polkovnik-leytenant Fərahim Vahid oğlu Həsənovdur. O, 9 fevral 1983-cü ildə Salyan rayonu Piratman-Gəncəli kəndində anadan olub. Üç tərəfi Kür çayı ilə əhatə olunan bu yaşayış məntəqəsindəki məktəbdə orta təhsil alan F.Həsənov 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 2004-cü ildə Ali Hərbi Məktəbi Artilleriya ixtisası üzrə bitirib, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində bir il ixtisas təkmilləşdirmə kursu keçib. 2005-ci ildə taqım komandiri təyin olunaraq hərbi xidmətə başlayıb. 2006-cı ildə artilleriya divizionunda batareya komandiri təyin olunub. 2014-cü ildə divizion komandirinin maddi texniki təminat üzrə müavini, 2016-cı ildə divizionun qərargah rəisi vəzifələrini icra edib. 2018-ci ildən divizion komandiridir və hazırda xidmətini davam etdirir. Xidmət dövründə Azərbaycan Ordusunun yaranmasının 90, 95, 100 illiyi medalları, 10 il qüsursuz xidmətə görə üçüncü dərəcəli, 15 il qüsursuz xidmətə görə ikinci dərəcəli medalları ilə təltif olunub, dəfələrlə komandanlığın diplom və təşəkkürnamələrinə layiq görülüb. Vətən Müharibəsində iştirakına görə isə “Vətən uğrunda”, həmçinin Füzuli, Xocavənd, Zəngilan, Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.
“Bu vəzifənin öhdəsindən layiqincə gəldiyim üçün…” 
Müzəffər Ordunun artilleriyaçı zabiti Bakıda qısamüddətli ezamiyyətdə olarkən onunla görüşüb hərbi xidmət dövrü, iştirak etdiyi döyüşlər barədə ətraflı söhbət etdik. Müsahibimiz öncə hərbçi peşəsinə sevərək yiyələnməsindən, çətin və şərəfli xidmət yolu keçməsindən danışdı: “Ali Hərbi Məktəbi bitirib təkmilləşdirmə kursu keçdikdən sonra əvvəlcə taqım komandiri, ardınca artilleriya divizionunda batareya komandiri təyin olunmuşam. Bu, hərbidə ən çətin vəzifələrdən biridir. 8 il 6 ay bu ağır vəzifəni şərəflə yerinə yetirmişəm. Hətta mənə zabit yoldaşlarım zarafatla deyirdilər ki, sənin adını “Əsrin kombatı” kimi “Qırmızı kitaba” salmaq lazımdır. Məlumat üçün qeyd edim ki, batareya komandiri bütün hər şeyə görə məsuliyyət daşıyır. Buraya şəxsi heyətin nizam-intizamı, xidmətin təşkili, qidalanması, məişət şəraiti, hərbi texnikanın, silah-sursatın saxlanması, qorunması, istismar qaydalarına düzgün riayət olunması və sair kimi məsələlər daxildir. Bütün bunlara batareya komandiri başı ilə cavabdehdir. Haradasa boşluq buraxılarsa, batareyanı idarə etmək çətinləşər. Bütün çətinliklərə rəğmən, batareya komandiri şah vəzifəsidir. Təbii ki, batareya komandiri də vəzifəsini dərindən dərk edən, son dərəcə məsuliyyətli biri olmalıdır. Bu vəzifənin öhdəsindən layiqincə gəldiyim üçün sonrakı illərdə divizion komandirinin maddi texniki təminat üzrə müavini, divizionun qərargah rəisi vəzifələrini icra etmişəm. Qərargah rəisi də olduqca ağır, mürəkkəb və məsuliyyətli vəzifədir. Demək olar ki, divizionun bütün işi qərargah rəisinin üzərinə düşür. Bütün təhvil-təslimlərə, taktiki-texniki dərslərə, nizam qaydalarının riayət olunmasına, şəxsi heyətin xidmətinə, döyüş hazırlığına birbaşa cavabdehsən. Hətta bir sıra hallarda qərargah rəisinin məsuliyyəti divizion komandirindən yüksəkdir. Şadam ki, bu vəzifəni də layiqincə yerinə yetirdiyimə, komandanlığın etimadını doğrultduğuma görə divizion komandiri təyin olunmuşam”.
“Rabitə vasitəsilə eşitdiyimiz ən xoş söz…” 
İyirmi ildən artıq bir müddətdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabitimiz həm 2016-cı ilin aprel döyüşlərinin, həm də 2020-ci ilin 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. O, bu döyüşlərdə rəhbərlik etdiyi divizionun şəxsi heyətinin böyük əmək sərf etdiyini, ruh yüksəkliyi ilə döyüşdüyünü bildirdi: “2016-cı ilin aprel döyüşləri başlayanda divizion komandirinin maddi texniki təminat üzrə müavini idim. Döyüş aparan divizionun bütün təminat məsələləri, o cümlədən qidalanması, sursatı yüksək səviyyədə təmin olundu. Bir neçə gün ərzində üzərimizə nə düşürdüsə, onu etdik. 2020-ci ilin 27 sentyabrından başlayaraq noyabrın 10-a qədər davam edən 44 günlük Vətən Müharibəsində isə divizion komandiri kimi iştirak etdim. Qürur duyuram ki, işğal altındakı torpaqlarımızın azad olunmasında divizionumuzun bütün şəxsi heyətinin özünəməxsus əməyi var. Şuşanın azad edilməsi istisna olmaqla, bütün rayonların işğalçılardan təmizlənməsində divizion var qüvvəsi ilə döyüşüb. 44 günlük müharibə dövründə elə bir yer olmadı ki, divizion orada bir gün qala bilsin. Hətta elə vaxtlar olurdu ki, gün ərzində 3 dəfə yerdəyişmə edirdik. Sürətli hücum olduğundan, Silahlı Qüvvələrimizin şəxsi heyətinin yüksək peşəkarlığından irəli gələrək kənd, qəsəbə, şəhər və rayonlar bir-birinin ardınca azad olunur, mövqelərimiz daha da irəli çəkilirdi. Rabitə vasitəsilə eşitdiyimiz ən xoş söz, “qaçırlar məsafəni artırın”, “sağa və sola atışı artırın” ifadələri idi. Mərmiləri elə dəqiqliklə atırdıq ki, düz təpələrinə düşürdü, mövqeləri dağılırdı”.
“Düşmənin bir mərmisinə cavab olaraq…”
Həmsöhbətimiz vurğuladı ki, əks-hücuma keçən bölmələrimizə artilleriya dəstəyi vermək, onların irəliləməsini əngəlləyən maneələri, düşmən mövqelərini artilleriya atəşi ilə darmadağın etmək, hərbçilərimizin daha da irəliləməsini təmin etmək üçün komandirlik etdiyi divizion çeviklik və dəqiqlik nümayiş etdirib: “Biz atırdıq, mövqelərini dağıdırdıq, düşmən qaçırdı. Davamlı olaraq artilleriya bölmələrini irəli çəkir, daha qabaqdakı düşmən mövqelərini dağıdırdıq. Döyüş prosesində hər anın, hər saniyənin öz hökmü var. Döyüş planı düzgün qurulmazsa, artilleriya dəstəyi zamanında və dəqiqliklə yerinə yetirilməzsə, həm ön xətdəki hərbçilərimiz dəstəksiz qalar, həlak olar, həm də irəliləmək mümkün olmazdı. Şadam ki, divizionumuzun bütün əsgər, çavuş, gizir və zabit heyəti üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi, komandanlığın bütün tapşırıqlarını yerinə yetirə bildik. Ermənistanın 41-ci artilleriya alayı var idi, Cəbrayıl rayonunun Daşkəsən kəndində yerləşirdi. Bu alay hər dəfə döyüş mövqeyinə çıxan kimi dərhal həyəcan siqnalı ilə biz də öz mövqelərimizi tutur, düşmənin atəşinə və ya həmləsinə cavab vermək üçün hazır vəziyyətdə dayanırdıq. Vətən Müharibəsində nəinki düşmənin 41-ci alayının, ümumən bir çox alayının, divizionunun axırına çıxdıq, məhv etdik. Bizim müasir hərbi texnikamız, xüsusi cihazlarımız var idi. Düşmən atəş açan kimi dərhal onun yerini, koordinatlarını müəyyən edir, dəqiq atəşlə zərərsizləşdirə bilirdik. Düşmənin bir mərmisinə cavab olaraq 20 mərmi atıb mövqelərini dağıdır, bizə mərmi atdığına görə onları peşman edirdik. Bunun ardınca da bölmələrimiz irəliləyirdi. Məşhur məsəldə deyildiyi kimi, artilleriya mərmisi dəyməyən yerə piyadanın ayağı dəymirdi”.
“44 gün çəkən döyüşlərdə bir dəfə də rast gəlmədim ki…”
F.Həsənov Azərbaycan Ordusunun gücündən, Silahlı Qüvvələrimizdə xidmət edən zabitlərimizin peşəkarlığından da söhbət açdı. Vurğuladı ki, hərbi qulluqçular yüksək intellektual səviyyə və döyüş bacarığı nümayiş etdirərək xidmət edirlər: “44 günlük Vətən Müharibəsində düzgün döyüş taktikasının seçilməsi, ildırımsürətli müharibənin aparılması və müsbət nəticənin əldə edilməsi, qarşıya qoyulan bütün hədəflərə nail olunması buna əyani sübutdur. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbçilərlə görüşündə vurğuladığı kimi, artıq bir çox inkişaf etmiş ölkələr Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsində işlətdiyi döyüş taktikasını öyrənir, bu təcrübəni hərbi dərsliklərə salırlar. 44 gün çəkən döyüşlərdə bir dəfə də rast gəlmədim ki, hansısa zabit nədənsə ehtiyat etsin, qorxsun, geriyə çəkilsin. Hər bir zabit əsgəri ilə çiyin-çiyinə düşmənə qarşı mərdliklə vuruşurdu. Zabitlərimiz komanda və ya müşahidə məntəqəsində oturub ancaq irəli komandası vermirdilər. Onlar özləri irəliləyib, əsgəri də ardınca apardılar. Şəxsən mən hər dəfə döyüş mövqeyini dəyişəndə birinci özüm irəliyə gedir, şəxsi heyəti də ardımca aparırdım. Eləcə də, digər zabitlərimiz bunu edirdi. Bu baxımdan heç də təsadüfi deyil ki, istər düşmənin 2020-ci ilin iyul hücumunun qarşısının alınmasında, istərsə Vətən Müharibəsində ümumilikdə şəhidlik zirvəsinə ucalanlar arasında zabitlərimiz çoxdur. Şəhid polkovnik, Milli Qəhrəman Şükür Həmidovun adını çəkmək istərdim. Onunla çiyin-çiyinə döyüşdük bu müharibədə. Çox-çox peşəkar zabit, vətəninə bağlı mərd oğul idi. Şəhidlərimiz arasında general, Milli Qəhrəman Polad Həşimov da var. Generalı, polkovniki öndə olan Ordu yenilməz. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə möhkəm can sağlığı, uzun ömür bəxş etsin. Onların Vətən və tarix qarşısındakı xidmətləri əvəzsizdir”.
“Əks-hücum əməliyyatları zamanı…”
Polkovnik-leytenant müharibə dövründə Xalq-Ordu-Ali Baş Komandan həmrəyliyindən də danışdı. Bildirdi ki, bu birlik qarşısında heç bir qüvvə davam gətirə bilməzdi: “Məşhur bir atalar məsəlində deyildiyi kimi, güc bir olsa, zərbi kərən sındırar, el bir olsa dağ oynadar yerindən. Vətən Müharibəsi dövründə əsgər və zabitlərimizin, generallarımızın, bütün mülki vətəndaşlarımızın birliyi, vahid amal uğrunda Ali Baş Komandan ətrafında sıx birləşib dəmir yumruğa çevrilməyi işğalçı Ermənistanın belini qırdı, onun ordusunu darmadağın etdi, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Şəxsi heyətdə mənəvi-psixoloji vəziyyət o qədər yüksək idi ki, hətta kiminsə silahı, sursatı olmasaydı belə, əliyalın düşmənin üstünə hücum edib onları torpaqlarımızdan qovmağa cəhd edərdi. Ordumuz mərmi və güllə yağışı altında daim irəliləyirdi. Azad olunan hər bir yaşayış məntəqəsi şəxsi heyətin döyüş ruhunu, psixoloji durumunu bir qədər də artırır, daha irəliyə can atmağa səsləyirdi. İldırım sürətli döyüş oldu. Düşmənə göz açmağa, əks-hücuma keçməyə imkan vermədik. Düşmən silah-sursatını, hərbi texnikasını, nəqliyyat vasitələrini, hətta yaralı əsgərlərini və meyitlərini döyüş meydanında qoyub qaçırdı. Təkcə mənim rəhbərlik etdiyim divizion düşmənin döyüşə yararlı 6 ədəd 2-S1 özüyeriyən artilleriya qurğusunu, toplarını, onların sursatlarını, digər kiçik çaplı silahları qənimət olaraq ələ keçirdi. Beləliklə, ermənilərin öz silahını, sursatını, hərbi texnikasını özlərinə qarşı istifadə etdik. Düşmənin bir özüyeriyən artilleriya divizionunu tamamilə sıradan çıxardıq, məhv etdik. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən paradda Ermənistan ordusunun məhv edilən və qənimət olaraq ələ keçirilən hərbi texnikasının çox cüzi bir hissəsi nümayiş olundu. Bu hadisə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinə, eyni zamanda düşmən ordusunun darmadağın edilməsinə, məhv olmasına dair əlavə sübutdur”.
“Atəşkəs elan olunana qədər hər gün döyüşlərdə olduq”
Divizion komandiri 44 günlük döyüşlərin taktiki baxımdan çətinliyini də dilə gətirdi. Dedi ki, yeganə çətinlik, bütün əlverişli mövqelərin düşməndə olması idi: “Əks-hücum əməliyyatları zamanı Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq, şücaət göstərərək, qanı və canı bahasına o yüksəkliklərdə mövqe tutan düşməni geriyə çəkilməyə məcbur etdi. Bütün çətinliklərə sinə gərdik. Füzulinin Horadiz qəsəbəsinin azad edilməsi əməliyyatına başladıq və Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavəndin yaşayış məntəqələrinin azad olunmasına qədər döyüşlərdə iştirak etdik. Atəşkəs elan olunana qədər hər gün döyüşlərdə olduq. Əgər atəşkəs elan olunmasaydı Ağdam, Kəlbəcər və Laçın rayonları da döyüş yolu ilə azad olunacaqdı. Lakin Ali Baş Komandan İlham Əliyevin düzgün hərbi strategiyası, siyasi-diplomatik bacarığı, uzaqgörənliyi sayəsində biz o rayonları bir güllə atmadan, bir şəhid vermədən azad etdik. Peşəkar hərbçilər, müharibənin iştirakçıları bunun necə böyük bir uğur olduğunu digərlərindən daha aydın təsəvvür edir, qiymətləndirirlər”. kaspi.az
  •  (0)
  •  (0)