Göyçayda polisə müqavimət göstərən şəxsə cinayət işi başlanılıb.
Rayon prokurorluğundan Hokm.az -a verilən məlumata görə, aprelin 27-də Göyçay rayonunun Bığır kəndində polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı prokurorluğa məlumat daxil olub.
Belə ki, kənd sakini Nursoltan Məmmədov icra nümayəndəliyində mübahisə yaradan zaman onu sakitləşdirməyə çalışan polis sahə rəisi Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayıb. Binanın divarına bərkidilmiş lövhəni sındıraraq həmin Şahin Xalidova vurması nəticəsində polis sol qulaq seyvanının səthi kəsilmiş yarası xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Nursoltan Məmmədov şübhəli şəxs qismində tutulub, istintaq davam edir.