“Dərslərə ənənəvi qaydada başlanılsın, distant təhsilin adı belə tutulmasın”backend

“Dərslərə ənənəvi qaydada başlanılsın, distant təhsilin adı belə tutulmasın”

Sentyabr ayı yaxınlaşdıqca, əksər insanları daha çox bu sual düşündürür – senytabrın 15-dən təhsil müəssisələri açılacaqmı, yoxsa yeni dərs ilinə də onlayn şəkildə təhsillə davam ediləcək? Ancaq hələ ki, bu barədə aidiyyəti qurumlar tərəfindən heç bir dəqiq məlumat verilməyib.

Sadəcə bir neçə gün öncə Təhsil Nazirliyi yeni dərs ili ilə bağlı açıqlama yaydı. Açıqlamada deyilirdi ki, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır. Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Bu istiqamətdə mövcud resurslardan istifadə ilə yanaşı beynəlxalq təşkilatlarla da əməkdaşlıq həyata keçirilməkdədir. Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır.

Hokm.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi Dominant.az-a açıqlamasında Təhsil Nazirliyinin yeni dərs ili ilə bağlı açıqlamasını şərh edib.

Ekspertin fikrincə, yeni tədris ilində də dərslərin distant formada keçiriləcəyi istisna edilmir: “Təhsil Nazirliyinin məlum açıqlamasından belə aydın olur ki, 2020/2021-ci tədris ilinin hələ də hansı formada başlanacağı ilə bağlı yekun qərar yoxdur. İstisna edilmir ki, dərslər ibtidai siniflər və 5, 6, 7, 8-ci siniflər üçün ənənəvi qaydada başlansın. Yuxarı sinif şagirdləri və eləcə ali təhsil müəssisələrinin, orta ixtisas təhsil müəssisələrinin tələbələri üçün isə distant formada dərslər tədris olunsun. Bu fikir açıqlamada qeyd olunan cümləyə (Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri) əsasən formalaşır. Düzdür, bütün bunlar və digər təkliflər üzərində müzakirələr və analizlər aparılır. Yekunda hansı forma daha əlverişli olacaqsa, o forma da ictimaiyyətə təqdim olunacaq”.

“Amma qeyd etmək lazımdır ki, biz gecikirik. Ona görə ki, bölgələrdə yaşayan vətəndaşlar Bakı və digər şəhərlərdə kirayə evlər tutmalıdırlar. Eyni zamanda şagirdlər və tələbələr üçün geyimlər, məktəb ləvazimatları və s. alınmalıdır. Bütün bunları isə 15-20 gün ərzində çatdırıb almaq bir qədər çətin olacaq. O baxımdan ki, dar çərçivədə insanların bütün bunları əldə etməsi kütləviliyə səbəb olacaq. Bu isə mövcud durumda xoşagəlməz aura yaradacaq. Ona görə qərarlar qətiləşməli və ictimaiyyətə konkret açıqlama verilməlidir ki, insanlar işlərini bilsinlər”, – deyə müsahibimiz qeyd edib.

E.Əfəndinin sözlərinə görə, ölkə olaraq hələ də distant təhsilə hazır deyilik: “Mən də razıyam ki, dərslər distan olsun. Sırf yoluxma olmasın deyə. Amma necə? Nə cür? Hansı internetlə? Hansı texnologiya ilə? Bir evdən 3 nəfər əgər təhsilə bağlıdırsa, onların hansı internetdən, planşet və ya ağıllı telefondan istifadə etsin ucqar rayonlarda. Bundan əlavə, ölkə üzrə ineternet bərabər şəkildə paylanmadığı halda biz hansı əsasla distant təhsildən danışa bilərik? Ona görə də müvafiq qurumlarla razılıq əsasında xüsusi şərtlər daxilində tədris ənənəvi formada başlanmalıdır. Çünki təhsilin başqa çıxış yolu yoxdur. Təklif edirəm ki, xüsusi karantin rejimi olmayan şəhər və rayonlarda, ümumiyyətlə distant təhsilin adı da tutulmasın. Dərslər ənənəvi qaydada başlansın”.

“Amma xüsusi karantin rejimi olan şəhər və rayonlarda xüsusi qaydalara riayət edilməklə ənənəvi qaydada tədris başlansın. Bunlar əsasən, aşağıdakılardır:

– Parta arxasında şagirdlərin və ya tələbələrin tək-tək oturması;

– Təhsil müəssisəsinə daxil olarkən hər bir şəxsin bədən hərarətinin uzaqdan idarə edilən cihazla yoxlanılması;

– Qoruyucu maskalardan istifadə;

– Tibbi spirtdən istifadə;

– Zəruri halda qoruyucu tibbi əlcəkdən istifadə;

– Dərs otaqlarının-auditoriyaların dərsdən əvvəl və dərsdən sonra dezinfeksiya olunması;

– Dərslərarası fasilədə şagirdlərin dəhlizdə toplaşmasının qarşısının alınması”, – deyə ekspert vurğulayıb.

 

  •  (9)
  •  (3)