Deputat: Tarixi ədalətin bərpası nəticəsində azadlığına qovuşan Qarabağda yeni həyat başlayırbackend

Deputat: Tarixi ədalətin bərpası nəticəsində azadlığına qovuşan Qarabağda yeni həyat başlayır

Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsini zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərimizə səfərlər etməsi artıq ənənə halını alıb.

Hokm.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Deputat qeyd edib ki, dövlətimizin başçısının bu səfərləri erməni vandallarının illərdir daşı-daş üstə qoymadıqları torpaqlarımıza yenidən həyat qaytarılacağını, dağıdılmış şəhər, rayon, qəsəbə və kəndlərin abadlaşacağından xəbər verir. Qarşıdakı yaxın zamanda tarixi ədalətin bərpa edilməsi nəticəsində əsl sahibinə qaytarılan Qarabağda aparılacaq quruculuq işləri sayəsində bölgənin həyatında keyfiyyətcə yeni mərhələ başlayacaq, Prezident İlham Əliyevin vurğuladığı kimi “Böyük Qayıdış” keyfiyyətcə yeni bir həyata qayıdış olacaq.

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın düşmən tapdağından azad edilən Füzuli və Xocavənd rayonlarına səfəri əvvəlki səfərlər kimi ölkə ictimaiyyəti arasında böyük coşqu, fəxr və qürur hissi ilə qarşılanıb.

Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması, erməni vandallığının qurbanı olması, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilməsi təkcə bir xalqa qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Bu dağıntılar birinci Qarabağ müharibəsi dövründə baş verməyib, ermənilər illər ərzində məqsədli şəkildə tarixi irsimizi silməyə çalışıblar. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı düşmənin vandal siyasətinin mahiyyətini dünyaya nümayiş etdirir, qətiyyətlə mövqeyini bildirir.

2016-cı ilin Aprel qələbəsindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlayan “Böyük Qayıdış” proqramının artıq növbəti mərhələsi həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Çünki yol inkişaf deməkdir, yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.

Dövlət başçısının Qarabağa səfəri zamanı Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlinin qoyulması bir daha göstərir ki, qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Təməlini Füzuli-Şuşa yolundan götürən Füzuli-Hadrut avtomobil yolu müasir standartlara uyğun 4 hərəkət zolağı, avtomobil körpüləri ilə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşəcək. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi tezliklə icra ediləcək. Horadizdən Zəngilana yol çəkiləcək. Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını, Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti mərhələyə – abadlıq və quruculuq mərhələsinə qədəm qoymasından xəbər verir.

“Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, – cəmi 44 gün ərzində, – bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”. Yanvarın 14-də Füzuli rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimində ölkə Prezidentinin bəyan etdiyi bu sözlər artıq reallığa çevrilir. Vətən müharibəsindən, Azərbaycanın haqq savaşından dörd ay keçməsinə baxmayaraq, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızda böyük quruculuq işləri başlanılıb.

Artıq, Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun gücü, milli birliyimiz ilə azadlığına qovuşan bölgələrimizə doğru uzanan yollar, infrastruktur yenidən qurulur, illərdir əsl sahibinə həsrət qalan torpaqlarımızda şəhər, kənd və qəsəbələrimizdə həyat yenidən canlanır.AZƏRTAC

  •  (0)
  •  (0)