Deputat: “Taleh Kazımov özəl sektordakı nailiyyətlərini Mərkəzi Bankda da davam etdirəcək”backend

Deputat: “Taleh Kazımov özəl sektordakı nailiyyətlərini Mərkəzi Bankda da davam etdirəcək”

“Bir az öncə “PAŞA Bank”ın Baş icraçı direktoru və İdarə heyətinin sədri Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında qərar layihəsini təsdiq etdik. Layihənin lehinə səs verdim. Hər şeydən öncə ona görə ki, “PAŞA Holdinq” və ona daxil şirkətlər Azərbaycan biznes mühitinə yeni korporativ mədəniyyət və yeni ruh gətirib”.

Hokm.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov bildirib.

O, T.Kazımovun özəl sektordakı nailiyyətlərini Mərkəzi Bankda da uğurla davam etdirəcəyinə əminliyini vurğulayıb.

“Biznesin yalnız vergi öhdəliyi yox, həm də cəmiyyət qarşısındakı mənəvi sosial öhdəliyi ənənəsini biz, məhz “PAŞA Holdinq” sisteminə daxil olan şirkətlərin nümunəsində görmüşük. Elə son 2 ili götürsək, istər COVİD-19 pandemiyası ilə mübarizədə, istər müharibə dövründə “PAŞA Holdinq” və ora daxil şirkətlər sözün əsl mənasında malı ilə, pulu ilə, canı ilə milli həmrəylik nümunəsi göstərdi. Biz keçən həftə Şuşada olduq və orada gördük ki, məşhur Saatlı məscidi Holdinq tərəfindən təmənnasız olaraq təmir olunur. Əlbəttə, bu, ilk və son deyil. Ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesində bu biznes strukturu vicdanla öz töhfələrini verməkdədir. Sevindirici haldır ki, bu gün artıq onlarla iri şirkət və holdinqlər məhz bu nümunə və dəyərləri mənimsəməklə ölkə biznes mühitində şəffaf, sağlam, vergi dostu bir ortam formalaşdırıblar ki, milli iqtisadiyyatın inkişafı üçün bu, ən vacib meyarlardan biridir.

Ötən dövr ərzində həm mərkəzi, həm də yerli icra orqanlarında həbslər göstərdi ki, ASAN xidmətin timsalında mükəmməl sistem qura bilsək də, çox təəssüf ki, dövlət idarəçiliyində arzu etdiyimiz, hədəflədiyimiz mühiti tam formalaşdıra bilməmişik. Aparılan kadr islahatları, atılan addımlar isə nümayiş etdirir ki, sağlam və şəffaf dövlət idarəçiliyi modelinin qurulması istiqamətində cənab İlham Əliyevin qətiyyətli və çox ciddi iradəsi mövcuddur. Bu mənada hesab edirəm ki, Taleh Kazımovun bugünkü təyinatı məhz müsbət, nəticə əsaslı təcrübənin dövlət idarəçiliyinə daşınması işinin vacib mərhələlərindən biridir.

Aydındır ki, müsbət təcrübənin tədricən dövlət idarəçiliyinə sirayət etməsi, əlbəttə, yalnız kadrlar hesabına mümkündür. Taleh Kazımovla eyni holdinqin fərqli biznes strukturlarında çalışmışıq. O, həmişə bacarıqlı menecer kimi seçilib və inanıram ki, özəl sektordakı naliyyətlərini Mərkəzi Bankda da uğurla davam etdirəcək”, – deyə deputat vurğulayıb.

  •  (0)
  •  (0)