Deputat Rüfət Quliyev Qarabağ müharibəsi qaziləri və iştirakçıları ilə görüşüb – FOTOLARbackend

Deputat Rüfət Quliyev Qarabağ müharibəsi qaziləri və iştirakçıları ilə görüşüb – FOTOLAR

Deputat Rüfət Quliyev Lənkəran şəhərindəki “Deputat otağı”nda pandemiya şəraitindəki qaydalara tam riayət olunmaqla növbə ilə 23 seçicini qəbul edib.

Qəbul iştirakçılarının əksəriyyəti müharibədə qazi olanlar və müharibə iştirakçılarından ibarət olub.. Bu kateqoriyadan olanların qaldırdıqları başlıca problemlər əlillik qruplarının təyin olunmasından narazılıqlar, qaziliklə əlaqədar sənədlərin rəsmiləşdirilməsində baş verən süründürməçiliklər, mənzil-məişət məsələləri ilə bağlı olub. 2 nəfər qazi şikayət edib ki, hərəsinin dizdən aşağı bir ayağı amputasiya olunmağına baxmayaraq, onlara 3- cü dərəcəli əlillik qrupu təyin olunub. Onlar bildiriblər ki, onların şikayəti tək özlərinə aid deyil və belə vəziyyət bütün ölkədə mövcuddur.

Deputat Rüfət Quliyev həmin şikayətçiləri əmin edib ki, bu məsələni yüksək səviyyədə müvafiq qurumların qarşısında qaldıracaq və onun ədalətli həlli üçün öz səylərini əsirgəməyəcək. Qazilərin və müharibə iştirakçılarının gündəmə gətirdikləri həlli vaxt tələb edən başqa məsələlər Lənkəran Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlarla həll edilmək üçün nəzarətə götürülüb. Qəbulda iştirak edən digər şəxslərin də problemləri diqqətlə dinlənilib və onların bəziləri yerindəcə həll olunub, bir qismi isə müvafiq təşkilatlara çatdırılması məqsədilə qeydə alınıb. Qanunvericiliyin tələblərinə cavab verməyən tələb və xahişlərin müəlliflərinə mahiyyəti üzrə ətraflı izahat və məsləhətlər verilib.

Görüş iştirakçısı olan 3 nəfər əvvəlki görüşlərdəki xahişlərinin müsbət həllinə görə deputata öz təşəkkürlərini bildiriblər.

  •  (2)
  •  (0)