Deputat 278 saylı uşaq bağçasının əsaslı təmir olunması ilə bağlı dövlət qurumlarına müraciət edibbackend

Deputat 278 saylı uşaq bağçasının əsaslı təmir olunması ilə bağlı dövlət qurumlarına müraciət edib

Milli Məclisin deputatı Könül Nurullayeva parlamentdə təmsil etdiyi Nizami rayonu ərazisində sakinləri narahat edən sosial problemlərə diqqət çəkib.
Millət vəkili bildirib ki, Keşlə qəsəbəsi D.Aslan küçəsi 2 ünvanında yerləşən, 1966-cı ildən istifadəyə verilmiş 278 saylı uşaq bağçası əsaslı təmir edilməlidir. Belə ki, qəzalı vəziyyətdə olduğu üçün 15 oktyabr 2019-cu il tarixindən müəssisənin fəaliyyəti dayandırılıb: “Bağça 1966-cı ildən fəaliyyət göstərməsinə baxmayaraq, ötən yarım əsr ərzində əsaslı təmir edilməyib, eyni zamanda Azərbaycan-Ermənistan arasında baş verən müharibə səbəbindən bağçada 15 məcburi köçkün ailəsi yerləşib. Əvvəllər bağçada 12 qrupda 220 nəfərdən çox uşaq olmasına baxmayaraq, son zamanlar şəraitsizlik və məcburi köçkün ailələrinin yerləşməsi bu qrupların sayını 5-ə endirib ki, bu səbəbdən cəmi 100 nəfərə yaxın uşağa təlim tərbiyyə verilirdi”. Deputat əlavə edib ki, Nizami rayonu, Keşlə qəsəbəsi Bakı şəhərinin ən böyük qəsəbələrindən biri olmaqla rəsmi qeydiyyatda 26 min, qeydiyyatsız isə 50 min vətəndaşımızın yaşadığı qəsəbədir. Hazırda qəsəbədə 309 saylı, 100-110 yerlik fəaliyyətdə olan uşaq bağçasının mövcud olmasına baxmayaraq, sakinlərin tələbatını tam ödəmir. Nəticədə sakinlər uzun illərdir bu problemdən əziyyət çəkirlər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanıb: “Keşlə sakinlərinin, eyni zamanda bağça rəhbərliyinin rəsmi müraciəti əsasında tərəfimdən Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova müraciət olunmuş, müraciət isə müvafiq tədbirlərin görülməsi üçün öz növbəsində Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Bu və sakinləri narahat edən digər problemlərlə bağlı 2021-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə də tərəfimdən təkliflər təqdim olunub.” K.Nurullayeva vaxtı ilə mövcud olmuş Sənaye Tikinti Nazirliyinin 4 saylı tikinti trestinə məxsus, E.Süleymanov küçəsi 137 və 139 saylı binaların tamamlanaraq başa çatdırılmasına da ehtiyac olduğunu vurğulayıb. Bildirib ki, bu binaların hər ikisi yarımçıqdır: “Binalardan birinin 4 mərtəbəsi digərinin isə 9 mərtəbəsi tikilsə də, çardaqları vurulmayıb, lift yoxdur, bina yaşamaq üçün əlverişsizdir. Belə ki, binada yaşayan insanlar artıq 30 ildən çoxdur ki, bu yarımçıq binalarda yaşamaqla əziyyət çəkirlər. Son illər ərzində bina sakinləri tərəfindən dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edilməsinə baxmayaraq problem həllini tapmayıb”.
  •  (1)
  •  (0)